Bia.Az

İran-Çin sazişi nə vəd edir?

Siyasət
 31-03-2021, 11:58     350

İran və Çinin xarici işlər nazirləri martın 27-si Tehranda siyasi, strateji və iqtisadi əməkdaşlıq sazişi imzalayıblar. Sənəd 25 illik müddəti əhatə edir.

Novator.az-ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli İran-Çin sazişi mövzulu şərhində 2015-ci ildə İranın ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin, Almaniya, Avropa İttifaqı ilə atom enerjisi proqramı üzrə razılaşma, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə saziş bağlamasını xatırladır. Həmin sənədlər İranın üzərindən ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi iqtisadi sanksiyaları götürüb, İran isə əvəzində nüvə obyektlərini beynəlxalq yoxlamalara tam açıb.
Tehranın nüvə silahı hazırlamağa çalışdığını iddia edən ABŞ 2018-ci ildə razılaşmadan çıxıb, İrana sanksiyalar tətbiq edib.
Natiq Cəfərli yazır ki, Barak Obamanın ABŞ prezidentliyi dövrünə düşən 2015-ci il razılaşması ilə İranın nüvə proqramına nəzarət müqabilində sanksiyaların götürülməsi gündəmə gəlmişdi: “ABŞ və Avropa İttifaqı İrana qarşı sanksiyaları götürür, xam İran bazarı Qərb şirkətlərinə açılır, yeni neft-qaz müqavilələri bağlanır, yeni istehsal sahələri yaradılır, İran bazarı Qərbə açılırdı. Əvəzində isə ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı daha sərt mövqe qoymalı idilər.
2017-ci ildə ABŞ-da prezident kürsüsünə yiyələnən Donald Tramp bütün oyunu pozdu, İrana qarşı sanksiyalar daha da sərtləşdi, Avropa İttifaqı şirkətlərinin öncədən bağladıqları bütün müqavilələr ləğv edildi. 2015-ci il razılaşmasından dərhal sonra Qərb şirkətləri İranla 200 milyard dollarlıq ön sazişlərlə bağlı razılığa gəlmişdilər.
ABŞ-ın İran siyasəti uğursuz oldu, böyük boşluq yarandı. İndi ABŞ-Çin qarşıdurmasının yeni mərhələsi başlayıb, Çin hərəkətə keçib və İranı tam nəzarətə götürmək üçün ilk addım atıb. 27 mart sazişi 25 ilə bağlanıb, dəyəri 400 milyard dollar olacaq. Saziş neft-qaz sektorundan tutmuş logistikaya, avtomobil sənayesindən tutmuş tikinti sektoruna qədər bir çox sahəni əhatə edəcək.
Sənədin ən maraqlı hissəsi neftlə bağlıdır – yatırımların tamamına yaxınını İran Çinə xam neftlə qaytaracaq. Bu gün Çin günə 13,5 milyon barrel neft istehlak edir, bu həcmin 6-6,5 milyon barrelini Çin özü çıxarır, günə 7-7,5 milyon barrelə yaxın neft alır. Sanksiyalara və yatırım, texnologiya məhdudiyyətinə görə İran günə cəmi 300 min barrel neft sata bilir. Amma potensial yatırımlardan, yeni texnologiyaların tətbiqindən sonra İran günə 6 milyon barrelə yaxın neft çıxara, onun 4-4,5 milyon barrelini ixrac edə bilər.
Anlaşmaya görə, İran neftinin tamamını Çin alacaq, qiymət dünya bazarından, azı 10 faiz aşağı olacaq. Bu, Çin üçün çox böyük üstünlükdür. İran üçün də böyük imkanlar açır, Qərbin sanksiya siyasətini tam mənasızlaşdırır.
Bu saziş neft bazarına da ciddi təsir göstərəcək, ən böyük neft alıcısı olan Çinin ehtiyaclarının yarıdan çoxunu İran daha ucuz verəcəksə, bu zaman digər ölkələr də qiyməti salmağa məcbur qalacaqlar.
Azərbaycan İran-Çin sazişindən ciddi dividendlər qazana bilər – Çin şirkətlərinin baş ofisləri, logistika mərkəzləri Azərbaycanda ola bilər, yük daşımalarından qazanc əldə edə bilərik. Amma Qərb 27 mart sazişinə çox kəskin reaksiya verəcəksə, bu iş çətinləşə bilər. Onda regional layihələrdə Türkiyə ilə birgə işləmək lazımdır, bu, təzyiqlərdən sığortalanmaq üçün mühüm rol oynayar.
Yeri gəlmişkən, heç Rusiya da bu sazişdən razı deyil, çünki Çinə ən çox neft satan ölkə məhz Rusiyadır. İran nefti Rusiya neftini Çin bazarından sıxışdırıb çıxara bilər. Bu, qaza da aiddir – sazişə görə, Çin İranın Bəndərabbas limanını modernləşdirəcək və orada sıxılmış qaz üçün limanlar tikəcək. İran qaz ehtiyatlarına görə dünyada birinci yerdədir, yeni yatırımlarla İran qısa zaman kəsimində böyük qaz ixracatçısına çevriləcək. Çin isə yaxın 10 ildə ən böyük qaz idxal edən ölkə olacaq. Deməli, onun Rusiyadan aldığı qazın həcmi də kəskin azala bilər”.

BİA.AZ
скачать dle 12.1