Bia.Az

Ekspert: “Azərbaycanın NATO ölkəsindən hərbi təyyarələr alması Ermənistana ciddi mesajdır”

Cəmiyyət
 22-02-2020, 17:10     591

Ekspert: “Azərbaycanın NATO ölkəsindən hərbi təyyarələr alması Ermənistana ciddi mesajdır”"Azərbaycanın İtaliyadan aldığı M-346 təyyarəsinin texniki xüsusiyyətləri onun döyüş məqsədli istifadəsinə də imkan yaradır".

Bunu "bia.az"a açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli “M-346” təlim-döyüş təyyarəsi haqqında danışarkən deyib.

O bildirib ki, Azərbaycan Hərbi Hava Qüvvələri hərbi aviasiya parkının yenilənməsi üçün köklü dəyişikliklər istiqamətində ciddi addımlar atmaqdadır: "İlk dəfə 2017-ci il mayın 10-da Azərbaycan Hərbi Hava Qüvvələrinin aviabazalarından birində İtaliyanın “Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv “M-346” tipli təlim-məşq təyyarəsinin təqdimatı keçirilib. Azərbaycanlı pilotlar bu təyyarə ilə yaxından tanış olublar və bundan sonra həmin aviasiya vasitəsinin bizim üçün əhəmiyyəti araşdırılıb".

Hərbi ekspertin sözlərinə görə, ötən üç il ərzində aparılan sınaq-araşdırmalardan sonra bu təyyarənin Azərbaycan üçün rentabelli olması qənaətinə gəlinib. Artıq təyyarənin alınması ilə bağlı yekun addım da atılıb və “M-346” Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya parkında yer alacaq: “Xüsusi qeyd etmək lazımdır ki, “M-346” təlim təyyarəsi öz sinifində ən yaxşılardan biri hesab olunur”.

Ramil Məmmədli
Hərbi-siyasi icmalçı Ramil Məmmədli:

"Azərbaycan yaxın illərdə döyüş aviasiya parkını müasir texnologiyalar ilə gücləndirəcək və bu da hava məkanında üstünlüyümüzün tam bərqərar olmasını təmin edəcək"

R.Məmmədlinin qənaətinə görə, bu satınalma Azərbaycan HHQ-nin təyyarə parkının qərb texnologiyasına inteqrasiya edəcəyinə bir işarədir: “Artıq belə qənaətə gəlmək olar ki, pilotlarımız Rusiya istehsalı olan döyüş aviasiya vasitələrinə üstünlük verməyəcək və döyüş təyyarə parkımız Sovet-Rusiya asılılığından xilas olacaq”.

Məsələnin hərbi-siyasi tərəfinə gəldikdə isə R.Məmmədli bildirib ki, müdafiə sənayesinin sərt qaydalarının tətbiq olunduğu regionda Azərbaycanın NATO-ya üzv ölkə ilə bu səviyyədə satınalma həyata keçirməsi rəsmi Bakının ciddi siyasi iradə nümayiş etdirməsindən irəli gəlir: "Bu həm də Ermənistan üçün də bir mesajdır. Avropa şirkətləri ilə iri satınalma layihələri həyata keçirə bilməyən Ermənistan, əlbəttə ki, Azərbaycanın İtaliya ilə “M-346” təyyarələrinin alınmasını sakit qarşılaya bilməyəcək. Ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələri son illərdə hava hücumundan müdafiə və aviasiya sahəsinin gücləndirilməsi üçün ciddi addımlar atmaqdadır. Gözləntilər odur ki, Azərbaycan yaxın illərdə döyüş aviasiya parkını müasir texnologiyalar ilə gücləndirəcək və bu da hava məkanında üstünlüyümüzün tam bərqərar olmasını təmin edəcək".скачать dle 12.1