Bia.Az

PEYVƏNDLƏR EFFEKTİV VƏ TƏHLÜKƏSİZDİRMİ – Nazirlikdən, millət vəkilindən və ekspertdən açıqlama

Cəmiyyət
 14-03-2021, 17:02     428

Martın 11-də Baş nazir Əli Əsədov Azərbaycana koronavirusa qarşı İsveç Krallığı ilə Böyük Britaniyanın birgə hazırladığı «AstraZeneka» və Rusiyanın «Sputnik-V» vaksinlərinin idxalı ilə bağlı sərəncam imzalayıb.

İstehsalçı şirkətlərlə sazişə əsasən ölkəyə 180 gün müddətində 432 min doza «AstraZeneka» və 300 min «Sputnik-V» vaksinlərin gətirilməsi planlaşdırılır.
Lakin son vaxtlar bir sıra Avropa ölkələrində «AstraZeneka» vaksininin tətbiqinin müvəqqəti dayandırılması Azərbaycanda da müəyyən suallar yaradıb. Bir neçə gün əvvəl Danimarkada «AstraZeneka» peyvəndinin tətbiqinin dayandırılmasına səbəb kimi vaksinasiyadan keçən şəxsdə trombların yarana biləcəyi təhlükəsi göstərilib. Amma trombların yaranması təhlükəsinin sırf vaksinlə əlaqədar olduğu, hələlik, subut olunmayıb.
«AstraZeneca» şirkəti də öz növbəsində bildirib ki, peyvəndin istifadəsindən sonra qanda tromb yaranma riskinə dair hər hansı sübut yoxdur. Avropa Dərman Agentliyinin apardığı tədqiqatların ilkin nəticələrinə görə də, trombların yaranmasının vaksinasiya ilə əlaqəsi müəyən edilməyib, amma tədqiqatın yekun nəticələri, hələlik, bəlli deyil.
Rusiyanın «Sputnik-V» vaksinin effektivliyi və təhlükəsizliyi barədə mövqelər də birmənalı deyil. Vaksinasiya üzrə alman komissiyasının başçısı bu peyvəndi yaxşı preparat adlandırsa da, Avropa Dərman Agentliyi onu ekspertizadan keçirir.
Avropa Birliyi onun istifadəsinə, hələlik, icazə verməyib. Buna baxmayaraq, Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun məlumatına görə, peyvənd 50 ölkədə uğurla qeydiyyatdan keçib.
Beləliklə, Azərbaycana gətirilən peyvəndləri nə dərəcədə effektiv və təhlükəsiz saymaq olar?

Səhiyyə Nazirliyindən “Turan” İnformasiya Agentliyinə bildirilib ki, Rusiyanın istehsalı olan «Sputnik V» peyvəndi koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla, yüksək effektivlik göstərir: «Rusiyada 6 milyondan çox insan «Sputnik V» vaksini ilə peyvənd olunub. Dünən, martın 12-də həmin vaksini Səhiyyə Nazirliyi istifadə üçün təsdiq edib. Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi barədə danışıqlar davam etdirilir”.
«AstraZeneka» vaksininə gəlincə, qurumdan bildirilib ki, ictimaiyyətə əlavə məlumat veriləcək.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı isə “Turan” Agentliyinə deyib ki, Böyük Britaniyada «AstraZeneka» peyvəndindən geniş istifadə olunur: «Bu ölkədə artıq 24 milyon insan vaksinasiya olunub. Ölkənin Baş naziri da bildirib ki, növbəti 2-3 ay ərzində bütün əhaliyə peyvəndin vurulması nəzərdə tutulur. Böyük Britaniya zəngin, inkişaf etmiş, öz vətəndaşlarının sosial rifahına çalışan ölkədir və ən yaxşı vaksini almaq onun üçün problem deyil. Belə ölkə «AstraZeneka» peyvəndindən istifadə edirsə, 24 milyon əhaliyə vaksin vurulubsa və ciddi fəsadlara rast gəlinməyibsə, deməli bu vaksinin yan təsirləri çox deyil».
Komitə üzvü deyir ki, bir müddət əvvəl beynəlxalq təşkilatlar Çin istehsalı olan «CoronaVac» peyvəndini də qeydiyyata almırdılar: «Lakin bu yaxınlarda onlar etiraf edib ki, bu vaksin çox yüksək immunitet yaradanlardandır, effektivliyi isə 90 faizə qədərdir. Bu, çox yaxşı rəqəmdir. Rusiyanın hazırladığı «Sputnik-V» vaksini haqqında da çox müsbət rəylər mövcüddur».
M.İbrahimqızı vurğulayıb ki, COVID-19 yeni virusdur və hələ də axıra kimi öyrənilməyib: «Hələ də heç kəs dəqiq deyə bilməz ki, bu virus ağır formalarda hansı yan təsirləri ilə müşayiət olunur. Vaksindən də yan təsirlər yarana bilir. Bu, insan orqanizmindən asılı bir məsələdir».

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev isə agentliyə bildirib ki, hələlik, Azərbaycana gətiriləcək vaksinlər haqqında dəqiq nəsə demək çətindir: «Çünki bunlar yeni növ hazırlanan vaksindir. Onlar illərin sınağından çıxmayıb. Ona görə də, onların nəticələri barədə hələ ki, bir söz demək mümkün deyil».
Mütəxəssis deyib ki, onların hazırlanma texnologiyası və təsirləri nəzəri baxımından pis təsir bağışlamır: «Lakin praktiki olaraq illər keçməlidir ki, bu vaksinlərin təsiri öz təsdiqini tapsın. «CoronaVac» ənənəvi üsulla hazırlanmış peyvənddir. Ona oxşar peyvəndlər illərdir istifadə olunur və sınaqdan keçirilib. Lakin «AstraZeneka» və «Sputnik-V» başqa bir zəiflədilmiş virusun içərisinə koronavirusun genomunun bir hissəsinin daxil edilməsi yolu ilə hazırlanır. Ona görə də nəticəsi barədə nəsə demək çətindir».
Ekspert vurğulayıb ki, Azərbaycanda «Pfizer/BioNTech» və «Moderna» vaksinləri olmayacaq: «Çünki onların saxlanması üçün mənfi 50-70 dərəcə soyuq zəncir lazımdır. Bizdə isə bu şərait yoxdur».скачать dle 12.1