Bia.Az

Nurlana Əliyeva niyə “vuruldu”? – Rektorluqdan da yola salınır

Siyasət
 11-03-2021, 19:58     602

Hakim Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı başa çatsa da, qocaman və gənc YAP-çıların gələcək karyerası ilə bağlı müzakirələr səngimək bilmir. Partiyanın rəhbər strukturlarında təmsil olunmaq hüququndan məhrum olan YAP-çıların tezliklə “vitrini” tərk edəcəyi heç kimdə şübhə doğurmur. Obrazlı desək, YAP vaxtilə çiyinlərində hakimiyyətin zirvəsinə daşıdığı şəxsləri indi üzüaşağı yuvarlamaqla məşğuldur.

Cenub.az bildirir ki, YAP-ın sonuncu qurultayında “vurulanlardan” biri də qocaman professor, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevadır. YAP Qadınlar Şurasının sədri olan Nurlana Əliyeva nəinki partiyadakı vəzifəsini itirdi, hətta bütün seçkili orqanlardan da kənarda qaldı. Qocaman YAP-çının partiyada “arzuolunmaz şəxs”ə çevrilməsi onun karyerası ilə bağlı çoxsaylı suallar doğurub. YAP-da vəzifəsini itirən 75 yaşlı professor rektor postuyla da vidalaşa bilərmi?

Aldığımız məlumatlara görə, Nurlana Əliyeva YAP-dan əvvəl hakimiyyət kluarlarında “arzuolunmaz şəxs”ə çevrilib. Rəhbərlik etdiyi Bakı Slavyan Universitetində hər hansı ciddi dəyişikliyə imza atmaması, bu qocaman təhsil ocağının adı ətrafında dolaşan şübhəli söz-söhbəti aradan qaldıra bilməməsi rektor xanımın “qara siyahı”ya düşməsinə səbəb olub.

Buna rəğmən, onun BSU-dakı postunu qoruması sırf partiyadakı mövqeyilə bağlı olub. Hakimiyyətin yuxarı eşalonunda yüz minlərlə YAP-çı qadına rəhbərlik edən şəxsin “vurulmasının” siyasi müzakirələrə səbəb olacağını bildikləri üçün bir qədər səbr etməyə qərar veriblər. Artıq həmin zamanın yetişdiyini söyləmək mümkündür. Nurlana Əliyevanın adının tezliklə rektor korpusundan çıxarılacağına artıq heç kim şübhə etmir.

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Nurlana Əliyeva ilə bağlı narazılığın tarixi 2019-cu ilin oktyabrına qədər uazanır. Belə ki, 2019-cu ilin oktyabrında BSU tələbələri arasında Sovet və Rusiyanın tanınmış dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi münasibətilə esse müsabiqəsinin keçirilməsi rektor xanımın “vurulması” üçün zəmin hazırlayıb. 1990-cı il yanvar ayının 20-də sovet qoşunlarının Azərbaycan paytaxtına soxulmasında və qanlı hadisələrin törədilməsində xüsusi rolu olan Primakovun Azərbaycanda görkəmli dövlət xadimi kimi anılması səs-küysüz ötüşməmişdi. O vaxt yerli mətbuat və sosial şəbəkə iştirakçıları Nurlana Əliyevanı Azərbaycanın milli maraqlarına xəyanət etməkdə suçlayaraq, onun cəzalandırılmasını tələb etsələr də, siyasi hakimiyyət bu çağırışları qulaqardına vurmuşdu. YAP-ın sonuncu qurultayı rektor xanım üçün nəzərdə tutulmuş güzəşt limitinin başa çatdığını göstərdi. Bu isə o deməkdir ki, yaxın vaxtlarada BSU-nun “sükanı” arxasında yeni simanı görəcəyik.

BİA.AZ

скачать dle 12.1