Bia.Az

Əmək Məcəlləsi necə dəyişir?

İqtisadiyyat
 10-03-2021, 10:24     524

Milli Məclis Əmək Məcəlləsində dəyişikliklər layihəsini müzakirə edir. Novator.az-ın məlumatına görə, qanun layihəsini şərh edən iqtisadçı Qalib Toğrul yazır ki, yeniliklər media və vətəndaş cəmiyyəti sektorlarında işçini mülki hüquqi müqavilə ilə çalışdırmaq praktikasına son qoyacaq: “Layihəyə əsasən, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda əmək münasibətləri hesab edilir və bu münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir.

Mülki hüquqi müqavilə hamımızın xidmət müqaviləsi kimi tanıdığımız razılaşma formasıdır. Media və QHT sektorlarında çox az işçi əmək müqaviləsi ilə çalışır. İşçilər rəhbərliyin tövsiyəsi ilə özlərinə VÖEN açaraq əməkhaqqı deyil, xidmət haqqı alırlar. Vergi Məcəlləsinə uyğun olaraq onlar əhaliyə yox, vergi ödəyicisinə (media orqanına, QHT-yə) xidmət göstərdikləri üçün sadələşdirilmiş vergi ödəyicisi ola bilmir, gəlir vergisi ödəyicisinə çevrilir, aldıqları xidmət haqqı məbləğindən büdcəyə 5 faiz, məbləğdən asılı olmayaraq Dövlət Sosial Müdafiə Fonduna minimum aylıq əməkhaqqının (250 manat) 25 faizi (62,50 manat) və minimum aylıq əməkhaqqının 4 faizi miqdarında (10 manat) icbari tibbi sığorta haqqı (1 yanvar 2021-ci ildən qüvvəyə minib) ödəyirlər.
Əmək Məcəlləsinə yeni dəyişikliklər rəsmiləşəndən sonra işəgötürən bütün işçilərlə əmək müqaviləsi bağlamalı və iş vaxtının rejiminə uyğun olaraq onlara sabit məbləğdə əməkhaqqı ödəməlidir.
2019-cu il yanvarın 1-dən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən 8000 manatadək aylıq gəlirindən vergi tutulmur. 7 illik güzəşt var.
Media və QHT sektorunda 8000 manatdan yuxarı əməkhaqqı real olmadığı üçün gəlir vergisi öhdəliyi yaranmayacaq.
İşəgötürən və işçi bu ödənişləri etməlidir: işəgötürən 200 manatdan yuxarı əməkhaqqı üçün 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi, işçi isə 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi miqdarında sosial sığorta haqqı ödəyəcək; işəgötürən əməkhaqqı fondundan 0,5 faiz, işçi isə öz əməkhaqqından 0,5 faiz işsizlikdən sığorta haqqı ödəyəcək; işəgötürən əməkhaqqı fondundan 1 faiz, işçi isə öz əməkhaqqından 1 faiz icbari tibbi sığorta haqqı ödəyəcək.
İşəgötürən əmək müqaviləsi bağladığı işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığorta etdirməlidir. İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliyə görə, işçilərini bu sığorta növü ilə sığortalamayan işəgötürənlər haqqında, onlardan xəbərsiz, bazadakı məlumatlar əsasında elektron inzibati xəta protokolu tərtib olunacaq”.скачать dle 12.1