Bia.Az

Yeni Suraxanıda aparılan qanunsuz tikintiyə rəsmi qurumlar niyə seyrçi qalır?

Cəmiyyət
 9-03-2021, 12:18     414

Bu günlərdə Aktualinfo.org Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən,təxminən 25-30 sot torpaq sahəsində Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun göstərişi ilə bağlı hasara alınıb və ticarət məgsədi ilə tikinti işlərinə başlanılması barədə məlumat yaymışdı.Məlumatda işlərə nəzarət edən şəxsin ərazidə tikinti aparmağa sənədi olduğunu bildirdiyini qeyd edilmişdi. Amma bizim apardığımız araşdırmalara görə ərazidə tikinti işləri aparanların rəsmi olaraq heç bir sənədi yoxdur. Əldə etdiyimiz məlumatlara görə ərazi Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun şifahi göstərişi əsasında hansısa bir iş adamına verilib. Maraqlıdır, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ərazidə bu qanunsuz tikinti işinin aparılmasına nə üçün seyrçi qalıb?

Sözügedən məqalədə ərazidə tikinti işlərinin aparılmasına sənədləri hansı dövlət qurumunun, Suraxanı rayonu İcra Hakimiyyətinin yoxsa Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin verməsinin bəlli olmadığını qeyd etmiş,əslində isə tikintiyə icazənin adıçəkilən qurumların birgə rəyi əsasında verildiyini oxucuların diqqətinə çatdırmışdıq. Onu da əlavə etmişdik ki,tikinti işləri sözügedən ərazidə istismar müddəti bitmiş neft quyularının üstündə aparılır. SOCAR-ın ərazisində tikintiyə icazənin hansı qurum tərəfindən verildiyinə aydınlıq gətirilməsini istəmişdik.

Sözügedən məqalədə göstərilən ərazidə tikinti işlərinin aparılmasına münasıbət bildirən SOCAR Təhlükəsizlik İdarəsinin rəsmisi redaksiyanın əməkdaşına zəng edərək bildirib ki, həmin ərazinin SOCAR-a heç bir aidiyyatı yoxdur. Ərazi ola bilsin ki, əvvəllər Neft Şirkətinə məxsus olub. Lakin orada çoxsaylı evlər və məktəb tikildiyindən qurum rəsmisinin sözlərinə görə, ərazi artıq İcra Hakimiyyətinin balansına verilib. Göründüyü kimi SOCAR Təhlükəsizlik İdarəsi operativ olaraq ərazidə baş verənlərə öz münasibətini bildirdi.

Bəs Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Suraxanı rayon İcra Hakimiyyətinin rəsmiləri nə üçün susur? Qeyd edək ki,ərazinin hələlik adlarını hallandırmaq istəmədiyimiz yüksək çinli dövlət məmurlarının qohumlarına satıldığı bildirilir. Bu adamlar kimlərdir? Ərazidə tikinti işlərinin aparılmasına icazə hansı əsaslarla verilib? Ötən yazıda da qeyd etmişdik və bir daha xatırladırıq ki,qanunlara görə tikintiyə icazə icraatı çərçivəsində sənədlərin tamlığı təmin edilərək təqdim olunduğu gündən etibarən, tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu baxımından Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəy bildirməlidir. Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanının verdiyi hallarda, Komitə icazə verən orqanın sorğusu əsasında rəy bildirir. Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanının verdiyi hallarda, komitə müəyyən müddət ərzində rəy bildirmədikdə, yerli icra hakimiyyəti iradların olmaması prezumpsiyasından çıxış edir və tikinti layihəsi şəhərsalma sənədlərinə uyğunluğu baxımından razılaşdırılmış hesab olunur.

Göründüyü kimi müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə məskunlaşmış ərazilərin mövcud təbii və geoloji şəraitinin yararlı olması nəzərə alınmaqla, onların inkişaf istiqamətlərini və memarlıq-planlaşdırma strukturlarını müəyyən etmək; müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə məskunlaşma ərazilərinin və sistemlərinin təhlükəli təbii proseslərdən və hadisələrdən mühafizəsi üçün tədbirlərin hazırlanmasında iştirak etmək; müvafiq sahədə öz səlahiyyətləri daxilində layihələndirilmə prosesində müəssisə və təşkilatlar arasında baş verən fikir ayrılığını araşdırmaq və müvafiq qərar qəbul etmək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birbaşa vəzifələrinə aiddir. Elə isə vətəndaşla,yaxınlıqda yerləşən orta məktəbin rəsmiləri ilə İcra Hakimiyyətinin sənəd verdiyi şəxslər arasında yaranmış fikir ayrılığını,mübahisəni Komitə nə üçün araşdırmır və sözügedən ərazidə tikinti işlərinin aparılmasının şəhərsalma və tikinti normalarına uyğunlugu barədə niyə açıqlama vermir?

Ümid edirik ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən torpaq sahəsində tikinti işlərinin aparılmasına verilmiş icazəyə aydınlıq gətirilməsi üçün göstəriş verəcək.


BİA.AZ
скачать dle 12.1