Bia.Az

Müsavat parlamentə müraciət etdi

Siyasət
 6-03-2021, 13:14     540

Müsavat Partiyası Milli Məclisə müraciət edərək Çində uyğurlara qarşı törədilən cinayətlərin soyqırımı kimi tanınmasını istəyib. Novator.az-ın məlumatına görə, müraciətdə deyilir: “Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonunda yaşayan uyğur türklərinə qarşı Pekin rejiminin diskriminasiya, soyqırımı siyasəti uzun illərdir davam edir. Sincan-Uyğur bölgəsi 1,65 milyon kvadrat kilometr ərazisi ilə Çinin ən böyük inzibati-ərazi vahididir. Əhalinin 1953-cü ildəki siyahıyaalması zamanı bölgədə əhalinin 75%-i uyğurlar, 6%-i ölkənin dominant etnosu olan han çinliləri idi. Mərkəzi hökumətin siyasəti nəticəsində 50 il ərzində demoqrafik vəziyyət dəyişib və hazırda ərazidə uyğurların sayı 46%-ə düşüb (təxminən 10 milyon nəfərə), hanların sayı isə 40%-i ötüb. Çin hökuməti belə demoqrafik siyasət yürütməklə bölgədə müsəlmanları azlığa çevirməyə çalışır.

Hələ 2018-ci ilin avqust ayında BMT-nin insan haqları paneli bildirib ki, bir milyondan çox insan Sincanda ekstremizm əleyhinə mərkəzlərdə saxlanır. Çin hakimiyyəti uzun illərdir ki, Sincan bölgəsini böyük gizli əsir düşərgəsinə çevirib. Uyğurların bir qismi təhsil-islah mərkəzləri adı altında xüsusi cəza düşərgələrinə salınıb.

Çin dövlətinin uyğurlara qarşı insanlığa zidd, diskriminasiya, repressiya siyasətindən milyonlarla uyğurun əzab çəkdiyi artıq heç kəsə sirr deyil. Sincanda yerli qanunvericiliyə edilən düzəlişlərə əsasən, uyğurlar uşaqlarının dövlət məktəblərinə qəbulunun yasaqlanması, dini kəbin kəsməyin qadağan olunması, pasport verilməsinin məhdudlaşdırılması kimi qadağalarla üz-üzədir. Uyğur türklərinə qarşı bu vəhşilik bütün dünyanın gözü qarşısında baş verir və bunun qarşısını almaq üçün təsirli tədbirlər həyata keçirilmir.

BMT, ABŞ, Kanada və bəzi Avropa ölkələri Çinin uyğurlara qarşı soyqırımı siyasətinə etirazlarını dövlət səviyyəsində bildirsə də, təəssüf ki, türkdilli ölkələr və müsəlman dövlətləri, o cümlədən Azərbaycan insanlığa qarşı bu cinayətə hər hansı rəsmi münasibət bildirməyib.
Müsavat Partiyası uyğur türklərinə qarşı cinayətlərlə bağlı məsələnin Azərbaycan Milli Məclisində müzakirəyə çıxarılması və soyqırımı kimi tanınmasının zəruri olduğunu bəyan edir”.

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci başqanı İsa Qəmbər olub.
2014-cü ildən partiyaya Arif Hacılı başqanlıq edir.скачать dle 12.1