Bia.Az

“The Economist”: “Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar”

Gündəm
 6-03-2021, 13:07     571

“Kreml NATO-nu prezident Vladimir Putini devirmək cəhdində ittiham edir, Putinin ən iddialı rəqibi olan Aleksey Navalnını ABŞ-ın agenti, Navalnının zəhərlənməsini və sonradan həbs olunmasını qınayan Avropa Birliyini isə etibarsız tərəfdaş adlandırır. Ancaq Putini məmnun edən bir ölkə var. Bu ölkə NATO-nun üzvü, Avropa Birliyi üzvlüyünə isə namizəd olan Türkiyədir”.

Böyük Britaniyanın “The Economist” jurnalında dərc olunan “Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar. Ancaq bu birlik etibarlı deyil” başlıqlı məqalədə belə deyilir.

Novator.az-ın məlumatına görə, məqalədə bildirilir ki, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Rusiya hakimiyyətinin Aleksey Navalnıya qarşı sərt rəftarına, həmçinin buna etiraz edən minlərlə rusiyalının həbs olunmasına səssiz yanaşır: “Ərdoğanın susması iki avtoritar lider arasında yaranan yaxınlığın bariz nümunəsidir. Bu, qeyri-adi münasibətdir, çünki köklü tarixi rəqabət Rusiya ilə Türkiyəni ayırır. Bu ölkələrin maraqları əslində bir çox müstəvidə toqquşur. Ancaq hər iki lideri regional siyasəti dəyişə bilən və Türkiyənin Qərb müttəfiqlərinə xoşagəlməz problemlər yaradan sərt siyasət birləşdirir”.
Məqalədə Rusiya və Türkiyə imperiyalarının Birinci Dünya müharibəsinin sonunda inqilab nəticəsində dəyişdiyi, tarixdə dəfələrlə Rusiya-Türkiyə müharibəsinin olduğu, iki ölkənin qitə boyu maraqları toqquşan bölgələrdə daima bir-birini sıxışdırdığı vurğulanır və qeyd edilir ki, Rusiya ilə Türkiyə indi də bir çox məsələdə bir-biri ilə düz gəlmir: “Son dövrlərdə Liviya və Suriyada baş verən vətəndaş müharibələrini buna nümunə göstərmək olar. Ötən ilin sentyabr ayında Kremlin öz bağçası kimi baxdığı Cənubi Qafqazda da Türkiyə ilə Rusiya üz-üzə gəldi. Çünki Türkiyə türkdilli müsəlman ölkəsi olan Azərbaycana dəstək verir və onu təlimatlandırır. Rusiya isə xristian ölkəsi Ermənistanın arxasında dayanır.
Bir çoxları Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki münaqişənin böyük müharibəyə çevriləcəyindən ehtiyat edirdi. Türkiyənin pilotsuz təyyarələri Ermənistanın istifadə etdiyi Rusiya tanklarını vursa da, Vladimir Putin yenə Ərdoğanı təriflədi. O, ötən ilin oktyabrında “Valday” beynəlxalq diskussiya klubunun iclasında xarici ekspertlərin qarşısında çıxış edərkən dedi ki, belə tərəfdaşla işləmək həm xoş, həm də təhlükəsizdir.
Ərdoğan da öz növbəsində Türkiyənin Rusiyadan aldığı S-400 raket sistemini sınaqdan keçirməklə Putini salamlamış oldu.
2020-ci ilin noyabrında onlar Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırdılar. Razılaşma Rusiyanın Dağlıq Qarabağda hərbi kontingentinin yerləşdirlməsini və Türkiyənin Cənubi Qafqazda iqtisadi istehkamının qurulmasını nəzərdə tutur”.
Məqalədə deyilir ki, Dağlıq Qarabağla bağlı 30 ilə yaxın davam edən nəticəsiz danışıqlardan sonra Türkiyənin hərbi dəstəyi və Rusiyanın razılığı Azərbaycanın ərazi bütövlüyünün bərpasına, Qafqazdakı donmuş münaqişələrdən birinin həllinə yardım etmiş oldu.
Daha sonra qeyd olunur ki, Rusiya Qərbdəki güclərin təsirini minimuma endirmək üçün Türkiyə ilə əməkdaşlıqdan təkcə Dağlıq Qarabağ məsələsində yararlanmayıb: “XX əsrdə Rusiyada bolşevik inqilabından və Osmanlı imperiyasının süqutundan sonra Mustafa Kamal Atatürk Lenini müvəqqəti olaraq Qərb inperiyasına qarşı müttəfiq kimi görürdü. Bolşeviklər isə dünya üzərində hökmranlıq etmək cəhdlərində Türkiyəni özlərinə şərik hesab edirdilər.
Bolşeviklər yunanlara və ingilislərə qarşı mübarizə aparmaq üçün Türkiyəni silah-sursatla təmin etdilər. Türklər isə Azərbaycanın neft mədənlərinə nəzarəti və Cənubi Qafqazda hökmranlığı ələ almaqda bolşeviklərə güzəştə getdilər. 1921-ci ildə Atatürklə Lenin arasında baş tutan sövdələşmə, yəni Türkiyənin şimal-şərq sərhədini və onun Cənubi Qafqazda varlığını məhdudlaşdıran razılaşma indi də davam edir.
Amma ötən il Dağlıq Qarabağda baş verən müharibə bu razılaşmaya uyğun gəlmir. Putin məhz indi Qərblə qarşıdurmasında Türkiyənin NATO-ya üzvlüyündən yararlanaraq ona müraciət edir. Ərdoğan isə Türkiyənin keçmişdəki təsir dairələrinə arxalanır.
Türkiyə son illərdə Rusiya ilə hərbi qarşıdurmaya gedən yeganə NATO ölkəsi olduğu üçün bu yaxınlıq daha çox diqqət çəkir.
2015-ci ildə Türkiyə Rusiyanın onun hava məkanını pozan döyüş təyyarəsini vurdu. Buna cavab olaraq Rusiya türk məhsullarına qarşı sanksiyalar tətbiq edərək əhalisinə Türkiyənin çimərliklərindən uzaq durmağı tapşırdı. O, Türkiyəyə Suriyanın şimalındakı etnik türkmən döyüşçülərini bombalamaqla da cavab verdi.
Türkiyə Suriya ilə sərhədində “İslam dövləti” (İŞİD) qruplaşmasının və PKK terror təşkilatı yaraqlılarının təqib olunmasının əleyhinə çıxdı.
Rusiya rəsmiləri və rus mətbuatı isə Ərdoğanın ailə üzvlərini İŞİD-dən neft almaqda ittiham etdi.
Nə dəyişdi? Putinin Ərdoğanla münasibəti 2016-cı ilin yayında yaxşılaşmağa başladı. Həmin vaxt Türkiyədə 270 nəfərin ölümü ilə nəticələnən uğursuz çevriliş cəhdi olmuşdu. Onda Putin Ərdoğana zəng edərək ona başsağlığı vermişdi. Həmin vaxtlarda Qərb liderlərinin çoxu Ərdoğana başsağlığı verməyə tələsmirdi.
Sonra Ərdoğan Rusiyaya getdi və orada qaz kəməri ilə bağlı müqavilə imzaladı. O, Rusiyanın Türkiyənin cənubundakı nüvə stansiyasında fəaliyyətini bərpa etməsinə də razılıq verdi. 2015-ci ildə Rusiya təyyarəsini vuran iki pilot çevriliş cəhdində iştirak ittihamı ilə həbs olundu.
2016-cı ildən bəri Ərdoğan Putinlə daha çox görüş keçirib, nəinki başqa ölkələrin liderləri ilə. Rusiya Türkiyənin Suriya müharibəsindəki düşmənindən onun ən vacib tərəfdaşına çevrilib”.скачать dle 12.1