Bia.Az

“BU KAL AKADEMİKLƏR GÖZƏ KÜL ÜFÜRÜRLƏR...” - İsa Həbibbəyli və Möhsün Nagısoyluya ağır ittihamlar

Cəmiyyət
 5-03-2021, 13:48     358

Qulu Məhərrəmli: “Bu, onların Ana dilinə qəsdidir,cəzasız qalması isə tamam başqa dərddir!”

"Bir ay əvvəl AMEA-nın Dilçilik İnstitutunda “Qaynar xətt”in fəaliyyətinin dayandırılması və bu sistemə aid otağın hansısa şuraya verilməsi barədə "Facebook"-da yazdığım statusun mediada işıqlandırılması və ictimaiyyətin reaksiyası müəyyən bəhrə verdi, amma problemi həll etmədi. Mövzunun həssaslığını anlayan Dilçilik İnstitutu ötən ilin dekabrından fəaliyyəti dayandırılmış xəttin 5380637 şəhər nömrəsini tez-tələsik əlaqə telefonu kimi işə salıb. Amma bütövlükdə söndürülmüş serveri, interneti və elektron xidməti bərpa etməyiblər".

"AzPolitika.info" xəbər verir ki, bunu professor Qulu Məhərrəmli "Facebook"-dakı hesabında yazıb. 

Onun sözlərinə görə, sadəcə, bir adam ayırıblar ki, iş saatlarında “dədə-baba qaydası” ilə zənglərə cavab versin. Amma saat 17-dən sonra və şənbə-bazar günlərində həmin zənglərə cavab verilmir.

"Daha bunun nəyi “qaynar xətt” oldu?"- deyə professor sual edir.

Q. Məhərrəmli daha sonra bildirir ki, bu bacarıqsızlıqları bir yana qalsın, hələ AMEA ictimaiyyətə yanlış məlumat verir: "İki gün əvvəl qurumun saytı Dilçilik İnstitutna istinadən belə bir məlumat yayıb ki, “qaynar xəttin fəaliyyət göstərməməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”. Adamı heyrət bürüyür ki, ya bunlar ümumən müasir texnologiya kimi elektron sistemə əsaslanan “qaynar xətt” anlayışından xəbərsizdirlər, ya da Ana dilinə gerçək münasibətləri elə budur".

Professor xatırladır ki, dünyada, xüsusən dil qurumları olan ölkələrdə “qaynar xətt” müasir dildə gedən prosesləri öyrənməyə, nöqsanları aradan qaldırmağa və dildə üzə çıxan mübahisələri aydınlaşdırmağa xidmət edən sistem kimi fəaliyyət göstərir.
"Ona görə bizdə də Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində düzgün işlədilməsi və dilçiliyin inkişafı ilə bağlı Dövlət Proqramı”nda xüsusi maddə (6.1.5) ilə Dilçilik İnstitutunda “Qaynar xətt”in yaradılması vacib hesab olunub. Və akademik Tofiq Hacıyevin rəhbərliyi dövründə həmin xətt böyük əziyyətlər hesabına ərsəyə gətirilərək istifadəyə verilib.

Təəssüf ki, indi bu işə cavbdeh olan İsa Həbibbəyli və Möhsün Nağısoylu kimi kal akademiklər ana dilinə xidməti yalnız “möhtəşəm” iclaslar keçirib dilin inkişafı haqqında moizələr oxumaqda, yalançı tədbirlərlə gözə kül üfürməkdə görürlər".
Qulu Məhərrəmli qeyd edir ki, bir aydan çoxdur, problemin ictimailəşməsinə baxmayaraq, bu adamlar elektron sistem kimi “qaynar xətti”in bərpası üçün heç bir addım atmayıblar, yalnız işin üstünü malalamağa, sadəcə, nömrəni şəhər telefonuna qoşmaqla görüntü yaratmağa çalışıblar.

"Bu, ictimai əhəmiyyəti olan bir işə saymazyana münasibətdir, millətin dil probleminə, dövlətin dil quruculuğu siyasətinə hörmətsizlikdir. Ona görə də belə hesab edirəm ki, “Qaynar xətt”in serverinin söndürülməsi, avtomat xətlərin sıradan çıxarılması, proqram təminatının pozulması məhz İ.Həbibbəyli və M.Nağısoylu kimilərinin məsuliyyətsizliyinin nəticəsi, onların Ana dilinə qəsdidir.

Heç nə yarada bilməyənlərin mövcud olanları rahatlıqla dağıtması bir dərddir, onların cəzasız qalması isə tamam başqa dərddir!"-deyə professor vurğulayıb.

BİA.AZ
скачать dle 12.1