Bia.Az

Baş nazirin Rusiya ilə gizli sövdələşməsi üzə çıxıb

Dünya
 4-03-2021, 23:12     427

Slovakiyanın baş naziri İqor Matoviç rəhbərlik etdiyi koalision hökumətin səhiyyə nazirindən savayı bütün üzvlərindən və ölkənin prezidentindən xəbərsiz, gizli yolla Moskva ilə danışıqlar apararaq Rusiyadan “Sputnik V” peyvəndi alınması barədə razılığa gəlib.

Martın 1-də “Sputnik V” peyvəndinin ilk partiyası – 200 min doza təyyarə ilə Slovakiyaya çatdırılıb.
Peyvənd yükünü Koşitsa aeroportunda baş nazir İqor Matoviç və səhiyyə naziri Marek Krayçin qarşılayıblar.
Slovakiya prezidenti Zuzana Çaputova və İqor Matoviçin rəhbərlik etdiyi koalision hökumətin üzvləri (səhiyyə naziri istisna olmaqla) baş nazirin Rusiyadan peyvənd almaq üçün danışıqlar apardığını yalnız həmin gün – martın 1-də peyvənd yükü Koşitsa aeroportuna enəndə biliblər.
Martın 1-də İqor Matoviç bəyan edib ki, razılaşmaya əsasən onun ölkəsi Rusiyadan 2 milyon doza peyvənd alacaq. Baş nazir “Sputnik V” peyvəndinin qalan hissəsinin qarşıdakı aylarda Slovakiyaya çatdırılacağını açıqlayıb.
Novator.az saytı “Fox 23” kanalına istinadla xəbər verir ki, koalisiya hökumətinin üzvləri arasında fikir ayrılığı ola-ola baş nazirin Rusiya ilə gizli sövdələşmə aparıb peyvənd alması Slovakiyada siyasi böhran yaradıb.
İqor Matoviç öz addımını müdafiə edərək bildirib ki, Slovakiya Avropa İttifaqının koronavirusdan ən çox zərər çəkmiş ölkələrindən biridir və onun Moskva ilə sövdələşməsi virusa yoluxma hallarının artdığı bir zamanda ictimai marağa xidmət edir.
Matoviç həmçinin deyib ki, məsələ peyvəndin haradan gətirilməsində deyil, əsas odur insanların həyatını qurtarsın.
Beləliklə, Slovakiya Avropa İttifaqında Macarıstandan sonra Avropa Dərman Agentliyinin təsdiqləmədiyi peyvəndi alan ikinci ölkəyə çevrilib.
Baş nazirin bu sövdələşməni səhiyyə naziri Marek Krayçinin razılığını alandan sonra reallaşdırıdığı aydınlaşıb. Marek Krayçin hökumət koalisiyasında Sadə Xalq Hərəkatını təmsil edir.
Slovakiyada hökumət koalisiyası ümumilikdə dörd partiyanın təmsilçilərindən ibarətdir.
İqor Matoviçin açıqlamaları onun koalisiyadakı digər tərəfdaşlarını qane etməyib.
Koalisiyada Azadlıq və Həmrəylik Partiyasını təmsil edən xarici işlər naziri İvan Korkok martın 1-də sövdələşmədən xəbər tutandan sonra ölkə liderləri ilə məsləhətləşmə aparmaq istədiyini söyləyib.
İvan Korkok Rusiyanın Qərbə qarşı hibrid müharibəsində peyvənddən bir vasitə kimi istifadə etdiyini bildirib.
“Bu siyasi vasitə həm ölkə daxilində, həm də xaricdə bizi parçalayır” deyən xarici işlər naziri sövdələşmənin Slovakiyanın Qərbyönlü siyasətinə kölgə saldığını vurğulayıb.
Koalisiyanın daha bir üzvü – İnsanlar Naminə Partiyası növbəti tədbirləri müzakirə etmək üçün martın 2-də görüş keçirib. Partiyanın lideri, baş nazirin müavini Veronika Remişova deyib ki, Avropa İttifaqının dərman vasitələrinə nəzarət edən orqanı təsdiqləməyincə “Sputnik V” peyvəndindən istifadə oluna bilməz: “Biz də vətəndaşlarımızın sağlamlığına və peyvəndlənməsinə diqqət yetiririk, lakin yalnız təhlükəsizliyi və effektivliyi təsdiqlənmiş peyvəndlərlə”.
Slovakiya prezidenti Zuzana Çaputova insanların həyatını xilas etmək üçün mövcud olan bütün təhlükəsiz peyvəndlərdən istifadə etməyin tərəfdarı olduğunu, buna baxmayaraq “Sputnik V” peyvəndinə qarşı çıxdığını bəyan edib. O öz fikirlərini heç bir məsul orqanın “Sputnik”in təhlükəsizliyinə zəmanət verməməsi ilə əsaslandırıb.
Məsələ ilə bağlı prezident Zuzana Çaputova martın 2-də Slovakiya Dərman Agentliyinin rəhbəri Zuzana Batovanı qəbul edib. Görüş zamanı Batova qeydiyyatdan keçməmiş vaksinlərdən istifadənin çox təhlükəli olduğunu bildirib.
Lakin baş nazir İqor Matoviç Qərb peyvəndlərinin ləng tətbiq edildiyi bir vaxtda ölkəsinin “yalnız Avropa qərarlarına etibar edəcək bir vəziyyətdə olmadığını” deyib.
Cons Hopkins Universitetinin verdiyi məlumata görə, son iki həftədə Slovakiyada əhalinin 100 min nəfərinə düşən ölüm nisbəti artaraq 1.78-dən 1.81-ə çatıb.
İqor Matoviç bunları nəzərə alaraq koalisiyadakı tərəfdaşlarını siyasəti bir müddət kənara qoymağa çağırıb. O bildirib ki, 2 milyon doza rus vaksini “İkinci Dünya müharibəsindən sonrakı ən pis böhran”ın öhdəsindən gəlməyə kömək edə bilər.
Baş nazir martın 1-də ilk 200 min doza ölkəyə gətirilənə qədər sövdələşməni səhiyyə nazirindən savayı hamıdan gizli saxladığını etiraf edib.
Slovakiyanın əhalisi 5.4 milyon nəfərdən ibarətdir. COVİD-19 infeksiyası indiyədək bu ölkədə 7500-dən çox adamın ölümünə səbəb olub. Bu həftənin əvvəli bir gündə 4042 nəfərin xəstəxanaya gətirilməsi ilə xəstəxanalara yerləşdirilən viruslu xəstələrin sayı rekord həddə çatıb.скачать dle 12.1