Bia.Az

“BU ADAMLAR YAP-ın RƏHBƏRLİYİNDƏN UZAQLAŞDIRILMALIDIR” - "Əli Həsənov var-dövlət hərisidir"

Gündəm
 25-02-2021, 14:00     342

“Əli Həsənov Ramiz Mehdiyevin istəyi ilə vicdanlı YAP-çıları iqtidara qarşı çevirdi” 

YAP-ın tanınmış simalarından olan Musa Musayev qurultaya hazırlaşdıqları barədə məlumatları qəti təkzib edib: “Pandemiya dövrüdür, indi heç toy eləməyə icazə verilmirsə, min nəfəri yığıb qurultay keçirmək olar?!”

Musayev bildirib ki, hələ bir il əvvəl YAP-ın qurultay keçirəcəyi gündəmdə idi. Ancaq ötən ilin mart ayından başlanan pandemiya ilə əlaqədar bu məsələ dayanıb: “Təbii ki, YAP-da qurulay keçirilməli, partiyada yenilənmə və islahatlar aparılmalıdır. Lakin hazırkı şəraitdə qurultay keçirmək qeyri-mümkündür. Mən yaxın müddətdə YAP-ın qurultay keçirəcəyinə inanmıram. İndi bəzi partiyalar onlayn qurultay keçirir. Amma bunun üçün bizim Siyasi Şuranın qərarı olmalıdır. Belə bir qərar isə yoxdur. Onlayn qurultay keçirənlər yalnız adı və möhürü-ştampı, beş-üç nəfər də üzvü olan partiyalardır. YAP-ın isə 800 min üzvü var, əgər rayon təşkilatlarında konfranslar keçirilməyibsə, nümayəndələr seçilməyibsə, hansı qurultaydan söhbət gedə bilər?!”
Musayev son bir ildə qurultayla bağlı YAP-da hər hansı müzakirənin aparılmadığını söylədi. Onun fikrincə, bu barədə yalnız pandemiya başa çatdıqdan sonra düşünmək olar: “Amma hələ ki, məndə belə bir məlumat yoxdur. Qurultayın keçiriləcəyi barədə məlumat mətbuata haradan sızıb, kim deyib, bunu bilmirəm”.

Hakim partiyanın qurucularından biri, YAP Səbail Rayon Təşkilatının Siyasi Şurasının üzvü, əməkdar elm xadimi Əli Əlirzayev isə pandemiya dövrü olsa da, qurultayın keçirilməsini mümkün sayır. O, hesab edir ki, partiyanın ali orqanlarında yenilənməyə böyük ehtiyacın olması qurultayın keçirilməsini zərurətə çevirib: “Klassik YAP-çılar partiyanın rəhbər orqanlarına qaytarılmalıdır. Çünki partiyanın qurucularından cəmi 20-30 nəfər qalıb, indi YAP-ın rəhbər strukturlarında təmsil olunanların hamısı Heydər Əliyev hakimiyyətə gələndən sonra bizim sıralarımıza qoşulanlardır. Onların da əksəriyyəti sağlam adam deyillər. O vaxt partiyaya qoşulmaq istəməyən Əli Həsənova indi YAP sədrinin müavini postunu veriblər. Halbuki o, Ayaz Mütəllibovun qorxusundan nəinki YAP-a qoşulmağa, hətta Heydər Əliyevin özünə də yaxın durmurdu. Qorxurdu ki, kimsə ona nəsə deyər. Amma YAP hakimiyyətə gələn kimi, Əli Həsənov bizim komandaya qoşuldu”.
Ə.Əlirzayev Prezidentin sabiq köməkçisi Əli Həsənovun da partiyaya sonradan qoşulduğunu vurğulayıb: “Həmişə məndən xahiş edirdi ki, Heydər Əliyevin yanına gedəndə məni də özünlə apar. Əli Həsənov “Səs” qəzetində işləyə-işləyə Ramiz Mehdiyevə informasiya ötürür, klassik YAP-çıları “vururdu”. Cəmiyyətdəki problemlərlə bağlı daxili müzakirələrdə obyektiv mövqe bildirən kimi, qaçıb Ramiz Mehdiyevə xəbər verirdi ki, filankəs müxalif fikir söylədi. Belə hərəkətləri ilə Ramiz Mehdiyevin istəyinə uyğun olaraq dürüst və vicdanlı YAP-çıları iqtidara qarşı çevirirdi. Ramiz Mehdiyevin isə YAP-çıları sevmədiyini hamı bilirdi. Yəni, belə adamların hamısı hakimiyyətdən bəhrələnmək, vəzifə tutmaq niyyəti ilə YAP-a qoşulanlardır. Sonra da çoxlu var-dövlət sahibi olub, əndazəni aşdılar”.
Ə.Əlirzayev hazırda YAP-ın İdarə Heyətində təmsil olunan Hacıbala Abutalıbovu da “mürəkkəb adam” kimi xarakterizə edir: “Açıq deyirəm, o YAP-çılar ki uzun müddət dövlət vəzifəsi tutub, indi də bəziləri partiyanın rəhbərliyində təmsil olunur – onların öz silahdaşlarına münasibəti həmişə kin-küdurət xarakeri daşıyıb. Hacıbala Abutalıbov da belə adamdır. Onlar həmişə bir-birilərinə nifrət edib, paxıllığını çəkib, intriqa aparıblar. Prezidentin, dövlətin və cəmiyyətin xeyrinə ağıllı bir söz danışanın paxıllığını çəkirlər, “filankəs müxalif fikirli adamdır” deyib, həmin şəxsi gözdən salırlar. Belə intriqalar, qarşılıqlı nifrət olan yerdə heç vaxt inkişaf ola bilməz. Mübariz Qurbanlı, Siyavuş Novruzov, Əli Əhmədov, Bahar Muradova kimi adamlar heç vaxt sağlam fikirli YAP-çıların sözünü deməyib. Ona görə də partiyanın rəhbərliyində təmsil olunan bu cür adamlar oradan uzaqlaşdırılmalıdır”.
Əli Əlirzayev hesab edir ki, yüksək vəzifə tutan YAP-çıların korrupsiya cinayətlərinə görə həbs olunmasından və 44 günlük müharibədən sonra ölkədəki siyasi reallıqlar dəyişib. YAP isə yeni dövrün tələblərinə cavab vermədiyindən partiyada ciddi islahatlar aparılmalıdır: “Son vaxtlar YAP-ın rəhbərliyində təmsil olunan bəzi cinayətkar məmurların iç üzü açılıb. Həbs olunan icra başçıları da, digər keçmiş məmurlar da cinayət törədib və kimin özünü necə apardığı cəmiyyətə aydındır. İndi isə yeni reallıqlar yaranıb, 30 ilə yaxın işğal altında olan ərazilər azad edilib, bundan sonra varlanmaq haqqında yox, dövlət büdcəsinə pul qazandırmaq haqqında düşünülməlidir. Çünki işğaldan azad olunan əraziləri bərpa etmək üçün Azərbaycana həm siyasi, həm də iqtisadi dəstək lazımdır. Azərbaycanın dayanıqlı iqtisadiyyatı, sabit gəlir mənbələri olmasa, bu işləri yerinə yetirmək çox çətin olacaq. Bir-biri ilə intriqa aparan rüşvətxor məmurlarla uğur qazanmaq mümkün deyil. Ona görə YAP da bu reallıqlara uyğun olaraq tamamilə yenilənməli, prezidentə kömək etməlidir”.

Cinayət başında yaxalanaraq həbs olunan məmurlara vaxtilə YAP tərəfindən böyük etimad göstərildiyini deyən Əli Əlirzayevin fikrincə, son həbslərdən sonra cəmiyyətin partiyaya inamı sarsılıb. Bu səbəbdən partiyada islahatların aparılması qaçılmazdır: “Heydər Əliyev şəxsən tanıdığı adamları, nüfuzlu insanları vəzifəyə təyin edirdi. İndi isə YAP xidməti olan adamları kənara qoyub, sonradan partiyaya qoşulanları irəli çəkir. Ona görə də yeni qurultay keçirilməli və dürüst adamlar partiyanın rəhbərliyində təmsil olunmalıdır. Rüşvət alarkən cinayət başında yaxalanan, istərsə də vəzifədə olduğu dövrdəki qanunsuz əməllərinə görə sonradan həbs olunan məmurlar YAP-ı hörmətdən salır. Belə adamlardan indi də vəzifə başında olanlar var. YAP belə adamlardan təmizlənməlidir. Məsələn, Əli Həsənov (YAP-ın sədr müavinini nəzərdə tutur-red.) YAP-dan istifadə edərək çoxlu var-dövlət yığıb. O, var-dövlət hərisi olan bir adamdır. Belələri vəzifəyə təyin olunandan sonra özlərini yaxşı aparmadılar və partiyanın nüfuzuna xələl gətirdilər. YAP-çı olmaq o demək deyil ki, hər şeyi qamarlayıb əlinə yığmalısan. Elə YAP-çılar var ki, ömrü boyu yalnız maaşla dolandı. Belə adamları irəli çəkmək lazımdır”.скачать dle 12.1