Bia.Az

Pensiya müşkülü

Siyasət
 23-02-2021, 11:02     231

İqtisadçı alim Qubad İbadoğlu pensiya şərhi yayıb. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, Azərbaycanda median əməkhaqqı 343 manatdır, yəni muzdla işləyən 1,6 milyon nəfərin yarısının maaşı 343 manat və ondan aşağıdır: “Bu yalnız yaşam şərtlərinin çətinləşdiyi indiki şəraitdə dolanışığı pisləşdirmir, həm də gələcəkdə pensiya təminatında problem yaradır.

Mövcud qanunvericiliyə əsasən, güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün kişilərin 65, qadınların isə 62 yaşında ya 25 il sığorta stajı, ya da 28800 manat minimum pensiya kapitalı olmalıdır. Bunlardan heç birini ödəyə bilməyənlərə pensiya yaşı çatanda 130 manat qocalıq müavinəti verilir.
Kimsə işsizdirsə və iş axtara-axtara qocalırsa, o, pensiya ala bilməyəcək.
Kimsə günəmuzd işləyirsə, rəsmi olaraq maaş almırsa, o da pensiya ala bilməyəcək.
Kimsə əmək müqaviləsiz çalışırsa, o da pensiya ala bilməyəcək.
Qanuna görə, 25 il iş stajı olub 28800 manat pensiya kapitalını yığa bilməyənlər minimum məbləğdə pensiya alacaqlar. Odur ki, hər kəsin aşağı maaşla ən azı 25 il işləməsi gərəkdir.
Kimsə işləyirsə, ayda 250 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 38,4 il çalışması gərəkdir.
Kimsə işləyirsə, ayda 300 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 32 il çalışması gərəkdir.
Kimsə işləyirsə, ayda 350 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz olaraq 27,4 il çalışması gərəkdir.
Bu hesablamalar minimum pensiya məbləği 200 manat olduğu halda keçərlidir. Minimum pensiya məbləği 250 manat olarsa, onda minimum pensiya kapitalı 36000 manata, 300 manat olarsa, minimum pensiya kapitalı 43200 manata qalxacaq. Görün kasıb əhali üçün necə tələ qurulub, bir tərəfdən istəyirik ki, minimum pensiya qalxsın, pensiyaçıların yaşayışı yaxşılaşsın, digər tərəfdən minimum pensiyanın artması başqalarının pensiyaya çıxmasını daha əlçatmaz edir.
Hesablamalar göstərir ki, işsizlik və aşağı əməkhaqqı səbəbindən Azərbaycanda potensial olaraq 2,5 milyon nəfər – əmək qabiliyyətli əhalinin yarısı – hazırkı şərtlərlə və göstəricilərlə hətta 65 yaşına çatsa belə, onlara pensiya deyil, qocalıq müavinəti veriləcək. Əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan şəxslərin yaşa görə 130 manat sosial müavinət (qocalıq müavinəti) almaq hüququ var”.
İqtisadçı daha geniş şərhi bu çıxışından izləməyin mümkün olduğunu bildirir.
2017-ci il iyulun 1-dək Azərbaycanda kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxırdı. Həmin vaxtdan bəri yaş həddi artırılır. 2021-ci il iyulun 1-dək kişilərin, 2027-ci il iyulun 1-dək qadınların pensiya yaşı 65-ə çatacaq.
Əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 200 manat müəyyən olunub.скачать dle 12.1