Bia.Az

Koronavirus xəstələri nədən ölür?

Cəmiyyət
 23-02-2021, 10:59     366

Almaniyanın Hamburq şəhərində çalışan məhkəmə-tibb ekspertləri COVİD-19 infeksiyasının ölümlə nəticələnməsi səbəblərini öyrənmək üçün yüzlərlə insanın meyitini yarıblar.

Novator.az-ın məlumatına görə, “Şpigel” (“Der Spiegel”) jurnalında dərc olunmuş yazıda deyilir ki, araşdırma zamanı Hamburq-Eppendorf Universitet Klinikasının nəzdindəki Məhkəmə-Tibb İnstitutunda 735 meyitin ekspertizası aparılıb. Onlardan 618-i COVİD-19 infeksiyasına yoluxandan sonra dünyasını dəyişmiş insanların meyitləri olub.
Koronavirusa yoluxandan sonra ölənlərin 88%-nin ən azı üç-dörd xəstəlikdən əziyyət çəkdiyi üzə çıxıb. Eyni zamanda ölənlərin əksərinin yaşının 76-dan yuxarı olduğu aydınlaşıb.
Bununla da insanın koronavirus infeksiyasına tab gətirə bilməməsində yanaşı xəstəliklərin və yaş faktorunun başlıca rol oynadığı bir daha təsdiqlənib.
Ekspertlər COVİD-19 infeksiyasının mutasiyaya uğramış yeni növlərinə yoluxandan sonra dünyasını dəyişən adamların da meyitlərini yarıblar. Ölümə aparan səbəblər fərqlənməyib. Bu o deməkdir ki, virusun ilkin variantına, yoxsa yeni variantlarına (yeni ştamlara) yoluxmasından asılı olmayaraq insanın orqanizmi eyni səbəblərdən – əsasən yanaşı xəstəliklər və yaş faktoru ucbatından koronavirusa tab gətirmir.
Mütəxəssislər bir müsbət tendensiyanı da üzə çıxarıblar. Aydın olub ki, koronavirus infeksiyasına yoluxanlar arasında ağ ciyər arteriyasının emboliyası səbəbindən ölənlərin sayında xeyli azalma var.
Ötən ilin yazında virusa yoluxanların yarıdan çoxu ağ ciyər emboliyasından ölmüşdü.
Ağ ciyərin emboliyası – ağ ciyər arteriyası şaxında qan axınının qəfildən dayanmasıdır. Bu zaman qan təchizatını qan laxtası (tromb) dayandırır. Ona görə də koronaviruslu xəstələrin müalicəsində qan laxtalanmasına qarşı preparatlardan – antikoaqulyantlardan istifadə edilir.
Almaniyalı alimlər antikoaqulyantların koronaviruslu xəstələrə xeyli kömək etdiyini təsdiqləyiblər. Amma antikoaqulyantların ağır ağ ciyər emboliyasının qarşısını həmişə ala bilmədiyi də aydınlaşıb.
Araşdırmanın nəticələrinə görə, koronavirus xəstəliyindən ölənlər əsasən ağ ciyər emboliyası, orqan çatışmazlığı, sepsis, hipertoniya, böyrək çatışmazlığı, şəkərli diabet, şiş və ya xroniki ağ ciyər xəstəliyindən əziyyət çəkən insanlardır.
COVİD-19 infeksiyasına yoluxandan sonra ölənlərin yalnız 1%-nin xroniki xəstəliyi olmayıb. Alimlər onların ölüm səbəbini dəqiqləşdirmək üçün əlavə araşdırmaya ehtiyac olduğunu bildiriblər.
Virusa yoluxandan sonra ölənlərin 20%-i həm də ağır çəkidən əziyyət çəkib.
Meyiti ekspertizadan keçirilmiş şəxslərin ən cavanının 29, ən yaşlısının 100 yaşı olub.
Ölənlərin çoxu kişidir. Qadınlarla müqayisədə kişilərdə ölüm yaşı da aşağıdır.скачать dle 12.1