Bia.Az

“ONLAR YA DÖVLƏT ÇEVRİLİŞİNƏ CƏHD EDİBLƏR, YA DA...” - “Prezidentin “mən elə şey deyərəm ki, xalq iyrənər” ifadəsi o deməkdir ki...”

Gündəm
 8-02-2021, 20:18     294

Sərdar Cəlaloğlu: “Siyasi etika tələb edirdi ki, Prezidentin adını çəkdiyi şəxslər istefa versinlər”

“Nə qədər ki, onlar yüksək vəzifələrdədir, Azərbaycanda milli birlikdən söhbət gedə bilməz”


Prezidentin fevralın 1-də bir sıra məmurları tənqid etməsi göstərir ki, hakimiyyətin yuxarı eşolonunda təmsil olunan oliqarx məmurlar ciddi problemə çevrilir, müasir düşüncə tərzinin dövlət aparatında oturuşmasında maraqlı tərəf kimi çıxış etmir və indi də gəlir mənbəyi kimi işğaldan azad olunan ərazilərə, xüsusilə Şuşaya göz dikirlər.

“AzPolitika.info” bu mövzu ətrafında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə söhbətləşib:

- Sərdar bəy, Prezident İlham Əliyev fevralın 1-də bir neçə yüksək vəzifəli məmuru Şuşada rəhbərlik etdikləri qurumların idarələrini açmaq adı altında ərazi zəbt etmək, iqamətgah yaratmaq niyyətlərinə görə sərt tənqid edib. Bundan az sonra sabiq nazir Səlim Müslümov həbs edilib və mediada korrupsioner məmurlar məsələsi yenidən gündəmə gəlib. Sizcə, nə baş verir və qarşıda hansı prosesləri gözləmək olar?
- Mənim şəxsi fikrimə görə, əslində, Prezidentin bir sıra yüksək ranqlı məmurları tənqid etməsi Şuşa ilə əlaqəli deyil. Şuşa ilə bağlı deyilənlər sadəcə, həmin şəxslərin bir növ gündəmə gətirilməsidir. İndiki halda əsasən bir-birilə əlaqəsi olan şəxslərdən ibarət müəyyən bir məmur qrupunun adının çəkilməsi təsadüfi deyil. Məncə, bu şəxslərin Şuşada yerli strukturlarını yaratmaq təkliflərində qeyri-adi bir şey yoxdur. Onsuz da Prezidentin özü bir sıra qurumların Şuşada idarələrinin açılmasına dair göstəriş verib. Bu, onu göstərir ki, burada daha dərinə gedən problemlər var.
Prezident çıxışı zamanı üstüörtülü şəkildə bildirdi ki, hər şeyi açıb demir və hər şeyi açıqlasa, xalq iyrənər. Xalqı iyrəndirəcək hərəkət nə ola bilər? Məncə bu, onların ya dövlət çevrilişinə cəhd etməsi, ya da torpaqların yenidən işğal altına salınması üçün hansısa hərəkətləri bağlı ola bilər. Əks halda, xalq nəyə iyrənməlidir? Yəni bunların korrupsiya əməllərinə, özbaşınalığına xalq indiyə qədər iyrənməyibsə, daha hansı əməl ola bilər ki, bunlardan iyrənsin?...
Əlbəttə, Prezident fikirlərini açıq ifadə etmədi. Amma bu açıqlamadan qısa müddət sonra hakimiyyətdəki oliqarx nazirlərdən birinə yaxın olan sabiq nazirin həbsi göstərir ki, burada söhbət ciddi siyasi günahlardan gedir.
- Yəni məsələ siyasidir?
- Bəli, siyasidir. Zatən dövlət məmuru istər korrupsiya, istər rüşvət, istərsə də digər qanunsuz əməllə məşğul olsun, əgər tutduğu post siyasidirsə, deməli fəaliyyəti də siyasi hesab oluna bilər. Görünür, həm də siyasi qüsurları olub. Ya bağlı olduqları dövlətin tapşırıqlarını yerinə yetirmək, Azərbaycanda aranı qarışdırmaq istəyirlər, ya da başqa nəsə baş verir. Prezidentin “mən elə şey deyərəm ki, xalq iyrənər” ifadəsi o deməkdir ki, bu məmurların daha ciddi günahlarını bilir, amma hələlik elan etmir.
- Milli Məclisin deputatı Vahid Əhmədov bəyan edib ki, Qarabağda rus sülhməramlıları yerləşdiriləndən sonra Azərbaycanda “5-ci kolon” dirçəlib, sanki onlara ikinci nəfəs verilib, öz “böyüklərilə” məsləhətləşmələr apararaq, Azərbaycanda müəyyən oyunlar qurmağa başlayıblar. Deputat iddia edib ki, kifayət qədər pulu, gücü olanlar dövlət çevrilişi etmək niyyətinə düşüblər. Sizcə bu, nə dərəcədə inandırıcıdır?
- Əslində, Vahid müəllimin dediklərilə mənim fikirlərim üst-üstə düşür. Diqqət edirsinizsə, “5-ci kolonun” nümayəndələri sülhməramlılar bura gələndən sonra bir-birinin ardınca bəyanatlar verməyə başladılar. Biri dedi Azərbaycan elə Rusiyanın torpaqlarıdır, biri dedi nə yaxşı ki, rus sülhməramlıları gəldi, başqası bəyanat verdi ki, Türkiyənin Dağlıq Qarabağda nə işi var və sair.
Faktiki olaraq, rus sülhməramlıları gəldikdən sonra “5-ci kolon”un nümayəndələri fəallaşdılar və radikallaşdılar. Görünür bu, onların təkcə siyasi mövqeləri deyil və onlar, Vahid Əhmədovun dediyi kimi, başqa formada da aktivləşiblər.
Ola bilsin ki, Rusiyanın maraqlarına uyğun olaraq, hansısa addımlar atmaq fikrindədirlər. Və ya işğaldan azad olunan ərazilərlə bağlı hansısa təxribatlar törətmək istəyirlər və sHər şey ola bilər. Bunlar başqa dövlətlərə xidmət edən adamlardır. Nə qədər ki, onlar yüksək vəzifələrdədir Azərbaycanda dayanıqlı sabitlikdən, vətəndaş həmrəyliyindən, milli birlikdən söhbət gedə bilməz.
Bunların əlində təkcə maliyyə cəmləşməyib. Bunların hərbi gücü, maliyyə gücü, həm də dövlət idarəetməsində idarəçilik gücləri var.
Tutaq ki, biri əyləşib hansısa nazirlikdə. Amma eyni zamanda, Daxili İşlər Nazirliyində, prokurorluqda və digər nazirliklərdə əlinin altında olan kadrlar var. Niyə uzun müddət deyirik ki, dövlət idarəçiliyində qohumluq-klan idarəçiliyi ləğv edilməlidir? Biri oturub bu nazirlikdə, qardaşı digər nazirlikdə müavindir, o birisinin də qardaşı idarə müdiridir və s. Deməli, birinin maraqlarına bir balaca toxunsanız, hətta bütün dövlət aparatını belə hərəkətə gətirmək imkanlarına malik olurlar. Bu da çox təhlükədir. Vaxtı ilə Beynəlxalq Böhran Qrupu qeyd edirdi ki, Azərbaycanda ayrı-ayrı nazirliklərin əlində silahlı qüvvələrin olması Azərbaycanda çox təhlükəli proseslərə təkan verə bilər.
Ona yaxın nazirlik və qurumun silahlı dəstələri var. Dövlət Neft Şirkətinin özünün böyük mühafizə xidməti var, Fövqəladə Hallar Nazirliyinin qüvvələri var. Bir vaxtlar Nəqliyyat Nazirliyinin nəhəng mühafizə idarəsi var idi. Bu onu göstərir ki, onlar yalnız maliyyə və iqtisadiyyat üzərində nəzarət həyata keçirmir, həm də dövlət üzərində basqı yaradaraq öz məqsədlərinə çatırlar. Odur ki, onların əlindəki hərbi gücü, dövlət aparatına yerləşdirdikləri kadrları və idarəetmədəki təsir imkanlarını unutmaq olmaz.

- Bəs, çıxış yolu nədir və dövlət üçün üçün real təhlükə ola biləcək qüvvələri hansı formada zərərləşdirmək daha ağrısız olar?
- Burada ilk növbədə Prezidentin xalqa arxayın olması lazımdır. Bəli, ilk dəfə idi ki, Prezident xalqa bu fikirlərini deyirdi. Heydər Əliyev bir zamanlar Rövşən Cavadovu və Surət Hüseynovu zərərsizləşdirmək üçün milyonlarla vətəndaşı küçələrə çağırdı, dövləti gözləyən təhlükələrlə bağlı müraciət etdi və dəstək aldı. 
İlham Əliyev də “5-ci kolon”u neytrallaşdırmaqla bağlı istənilən an xalqa müraciət etməlidir. Biz müxalifət olaraq, Azərbaycan dövlətini qorumaq, yadellilərin təsirindən çıxarmaq üçün Prezidentin atacağı istənilən addımı dəstəkləməyə hazırıq. Necə ki, Dağlıq Qarabağın azad edilməsində milli birlik nümayiş etdirdik, müharibənin ideoloji-siyasi əsaslarını hazırladıq, müharibə ilə bağlı beynəlxalq ictimaiyyətin fikirlərini formalaşdırmaq üçün addımlar atdıq, “5-ci kolon”la mübarizədə də eyni həmrəyliyi göstərməyə hazırıq.
- Müşahidələr göstərir ki, iri məmur-oliqarxların hakimiyyətdən uzaqlaşdırılması prosesi hələ 2013-cü ildən başlayıb. İndi artıq hakimiyyətdə olmayan, amma böyük pullara malik olan qruplar da var. Sizcə, belə şəxslərin öz pullarını Azərbaycan iqtisadiyyatına yatırması üçün hansı yol seçilməlidir?
- Əslində, dediyiniz adamlar hakimiyyətdən getsələr də, övladları, nəvələri, qohum-qardaşları, qudaları hakimiyyətdə qalmaqdadır. İkincisi, dövlətə vurulan ziyan qanunlarımıza uyğun şəkildə ödənilməlidir. Onlar bu maliyyəni halal yollarla qazanmayıblar, dövlət büdcəsindən oğurlamaqla əldə ediblər. Deməli, bu pulların hamısı dövlətə qaytarılmalıdır. Bu da şəffaf proses kimi getməlidir. Dövlət büdcəsində xüsusi bir maddə olmalı və korrupsiya ilə mübarizədən büdcəyə daxil olan maliyyə bilinməlidir. Dövlətdən külli miqdarda pul oğurlayanlar həbs olunur, amma biz dövlət büdcəsinə dəyən ziyanın ödənilməsinə dair məlumata rast gəlmirik. Bu halda sual yaranır: bu adamların oğurladıqları pullar hara gedib? Bu baxımdan hökumətin məqsədi təkcə cinayətkarları həbs etmək olmamalıdır, hər şeydən əvvəl dövlətə dəyən ziyanın geri qaytarılmasını təmin etmək lazımdır. Bunun nəticəsində büdcəmiz iki dəfə arta bilər. Həm də ölkədə sosial problemlər həll edilər.
Məsələn, benzinin qiymətinin qalxması dövlətə 450-500 milyon manat xeyir verir. Həımçinin, suyun qiymətinin bahalaşması milyonlarla xeyir gətirir. Amma elə korrupsioner var ki, ondan 2-3 milyard alıb, büdcəyə qoymaq olar. Bu da Azərbaycanda qiymətlərin sabit saxlanılmasına, yeni iş yerlərinin açılmasına, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına sərf edilə bilər. Bu mənada Azərbaycanda korrupsiya ilə bağlı cinayət təqibi kökündən dəyişdirilməlidir. Dövlətə dəyən ziyan ödənilməyənə qədər biz bunu korrupsiyaya qarşı mübarizə kimi dəyərləndirə bilmərik.
Üstəlik, məlumdur ki, hakimiyyətlə əlaqəsi olmayan adam böyük məbləğdə pul qazana bilməz. Hakimiyyətdə olmayanların böyük pullar qazanması hakimiyyətdə olanların vasitəsilə həyata keçirilir. Belə adamlar bir çox hallarda nazirlərin, komitə sədrlərinin, icra başçılarının maliyyəsini “fırladır”, pullarını “yuyur”, qeyri-qanuni gəlirlərinin əldə olunmasında, korrupsiyada iştirak edir və buna görə pay alırlar. Vacib deyil ki, belə şəxslər bilavasitə siyasi hakimiyyətdə təmsil olunsunlar. Siyasi hakimiyyətdəkilərlə yaxınlıq edib pul qazananların da hamısı korrupsionerdir və korrupsiyada ittiham olunmalıdırlar.
Bu dəqiqə adı çəkilən şəxslərin arasında eləsi var ki, bütün Qarabağın bərpasına tələb edilən vəsaitdən bir neçə dəfə çox pulu var. Adamın 400-500 müəssisəsi varsa, bu nə deməkdir? Hələ ofşor şirkətlərdə milyardları, Azərbaycanda yüzlərlə villaları, sarayları olmalarını demirəm. Bunlar ciddi məsələlərdir. Bu şəxslərin bir çoxu xarici dövlətlər tərəfindən müdafiə olunur. Bir qədər də buna arxayın olaraq, xalqa, konstitusiyaya, dövlət başçısına etinasız yanaşırlar.
- Etinasız deyərkən nəyi nəzərdə tutursunuz?
- Məsələn, Prezidentin məlum çıxışından sonra siyasi etika tələb edirdi ki, orada adı çəkilən şəxslər istefa versinlər. Yəni siyasi mədəniyyət bunu vacib sayır. Amma onlar bunu heç ağıllarına da gətirmirlər və heç nə olmamış kimi öz işlərini görürlər.
- Böyük pullara sahiblənən həmin şəxslərin öz kapitallarını ölkəmizə maliyyə amnistiyası vasitəsilə yatırmaları mümkündürmü?
- Bu pulların hamısı dövlət büdcəsinə qayıtmalı, dövlət özü həmin pulları investisiya kimi ehtiyac hesab olunan sahələrə qoymalıdır. Maliyyə amnistiyası verərək, onların oğurladıqları nəhəng pulların leqallaşdırılması Azərbaycanda sərvətlərin ədalətsiz şəkildə paylandığını təsdiqləyəcək və bundan doğan ağır ictimai-siyasi nəticələr yaradacaq. Başqa sözlə, bir nəfər cinayətlə, oğurluqla, adam öldürməklə milyardlarla pul qazanır və biz onu əfv edirik. O da gəlib ölkəmizdə qanuni milyarder kimi fəaliyyətə başlayır. Bu, nə dərəcədə ədalətli və əxlaqlı olardı?
Məncə, maliyyə amnistiyası “kiçik dozada” ola bilər. Məsələn, bir milyon manata qədər. Amma milyardlarla pul dövlətin əleyhinə yönələn fəaliyyətlə əldə edilibsə, bunu necə qanuniləşdirmək olar? Dünyanın heç bir ölkəsində dövlətə bu qədər ağır zərər vuran şəxslər barəsində yüngül tədbirlər görülmür. Məsələn, Çində dərhal güllələyirlər. Koreyada topa qoyub atırlar. İranda devalvasiya olanda iki qızıl mağazasının sahibi qızılın satışını dayandırmışdı. Məntiqləri belə olub ki, onsuz da pul dəyərdən düşür, devalvasiya gedir, qızıl bahalaşacaq. Onların hər ikisi edam olundu. Söhbət həm də İranın çox varlı insanlarından gedir. Dövlətin münasibəti belə olmalıdır.
Təsəvvür edin ki, bizdə zəlzələ olur, bunlar varlanır, müharibə olur, varlanır, koronavirus başlayır, yenə bunlar milyardlar qazanırlar. Dövlət yoxsul kateqoriyanın müdafiəsi üçün tədbirlər həyata keçirir, regionlarda işsizliyin qarşısını almaq üçün vəsait ayırır, amma nəticədə bunlar varlanırlar. Xalq da buna görə, haqlı olaraq dövlət və hakimiyyətdən narazı qalır. Bu narazılığın aradan qaldırılması üçün birinci növbədə xalqı dövlətdən narazı salan hərəkətlərin qarşısı alınmalıdır. Bu adamların məsuliyyət daşıması ayrı məsələdir, amma biz bu gün “nə üçün Azərbaycanda bütün məmurlar istisnasız olaraq korrupsiya ilə məşğuldur” sualını verməliyik. Eləcə də “bunlara qarşı nə üçün vaxtında cəza tədbiri görülməyib?” sualı olmalıdır. Niyə biz gözləməliyik ki, bunlar 100 milyonlar oğurlasınlar? Elə birinci manatı qanunsuz olaraq qazanan zamanı onu neytrallaşdırmaq olardı. Axı mətbuatda uzun illər belə korrupsiya əməllərinə dair məlumatlar dərc edilir. Görün indiyə kimi nə qədər jurnalist korrupsionerləri ifşa etdikləri üçün həbs edilib. Bu işlərdə müvafiq dövlət qurumları da iştirak ediblər. Ona görə, Səlim Müslümovu biz doğrudan da ədalət mühakiməsinə çxarırıqsa, mütləq keçmiş dövrün prokuroru da istintaqa dəvət edilməlidir. Baxaq görək niyə həmin dövrdə prokuror nəzaritini həyata keçirməyib.
- Uzun illər nəqliyyat naziri işləmiş Ziya Məmmədovun kənddə torpaq əkdiyini, mal-qara saxladığını və dolanmağın çətin olduğunu deməsini necə qiymətləndirirsiniz?
- Bu adam Azərbaycan dövlətinə bir neçə milyard ziyan vurub, eləcə də onun sifarişi ilə qətlə yetirilənlər olub. Yəni o həm fərdlərə qarşı, həm də dövlətə qarşı cinayət törədib.
- Ziya Məmmədov?
- Bəli, Ziya Məmmədov. Onun Bakı-Quba yolunun tikintisi zamanı nə qədər pul oğurladığını ortaya çıxarmaq lazımdır. Saldığı beton yol qısa müddətdən sonra dağıldı. İndi 100 milyonlar lazımdır ki, həmin yarıtmaz fəaliyyətin nəticələri aradan qaldırılsın.
Əgər dolanması çətindirsə, o zaman oğlu milyonları haradan tapıb Donald Trampın seçkilərinə qoymuşdu? Və ya oğlu Heydər Əliyev Mərkəzinin qarşısındakı nəhəng oteli hansı maliyyə hesabına tikib? Bunlar milyardlarla vəsaitə malikdirlər. Ağlamaqla heç kimi inandıra bilməz ki, kasıb həyat tərzi keçirir.
Milli Bankın rəhbərini götürək. Gələcəkdə bu şəxsin Azərbaycan dövlətinə külli miqdarda ziyan vurduğunu deyəcək və onu istintaqa dəvət edəcəklər. Amma bu gün heç kəs onu yoxlamır, araşdırmır.
Rasim Əliyev
“AzPolitika.info”скачать dle 12.1