Bia.Az

Ticarət statistikası nəyi nişan verir?

İqtisadiyyat
 8-02-2021, 12:05     432

İqtisadçı Natiq Cəfərli pərakəndə ticarət statistikasının iki məqamına nəzər salıb. Novator.az-ın məlumatına görə, o yazır ki, Dövlət Statistika Komitəsi 2020-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,2 milyard manatlıq məhsul satıldığını bəyan edib: “Dövriyyənin 21,7 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 18,5 milyard manatı qeyri-ərzaq mallarının payına düşüb. Bir ölkədə pərakəndə satış dövriyyəsinin yarısına yaxını – 19 milyard 516 milyon manatı sırf ərzağa (içkiləri və tütün məmulatlarını çıxanda) xərclənirsə, həmin ölkə kasıb ölkədir. Varlı, inkişaf etmiş ölkələrdə ticarət dövriyyəsinin 12-20 faizi ərzağı əhatə edir.

Daha bir detal: 2019-cu ildə avtomobil yanacağının (benzin və dizel) satış həcmi 2 milyard 310 milyon manat həddində rəsmiləşib. 2019-cu ilin məlumatlarına əsasən, ölkədə 1 milyon 400 min nəqliyyat vasitəsi qeydiyyatda olub. Bunların hər biri işlək vəziyyətdədirsə, il ərzində hər avtomobil 1650 manatlıq, yəni günə 4 manat 52 qəpiklik yanacaq istehlak edib.

2020-ci ildə avtomobil yanacağının satış həcmi 2 milyard 40 milyon manat göstərilib. Statistikaya əsasən, 2020-ci ildə ölkəyə 53729 avtomobil gətirilib. Onları nəzərə almasaq (çünki əsas idxal ilin sonuna təsadüf edib, deməli, istehlaka ciddi təsiri olmayıb) il ərzində hər avtomobil 1457 manatlıq, yəni günə 4 manatlıq yanacaq istehlak edib.

2020-ci ilin 9 ayını ölkə sərt karantin rejimində keçirib, bölgələr arasında gediş-gəliş məhdud olub, sərnişindaşıma şəbəkəsi işləməyib, Bakıda həftələrlə küçələrdə maşın olmayıb, məktəblər, universitetlər bağlı, sərhədlər qapalı (bunun da ciddi təsiri var, məsələn, 2019-cu ildə xaricə, əsasən də Gürcüstana maşınla səfər edənlərin sayını nəzərə alsaq, onların ciddi yanacaq istehlak etdiyini təsəvvür etmək çətin deyil) – bütün bunlara rəğmən 2020-cı ildə yanacaq satışının həcmi 2019-cu ilə nisbətən cəmi 270 milyon manat azalıb. Bu necə ola bilər?! Bunun ciddi izahı varmı?!

Yeganə ehtimalım odur ki, 2020-ci ildə benzin satışının leqallaşması artıb, əvvəllər cibə gedən indi qeydiyyata düşüb. Yaxşı, əgər belədirsə, illərdir cibə gedənlərə görə məsuliyyəti kim daşıyır?! Bununla bağlı nədən araşdırma aparılmır?!”
Dövlət Statistika Komitəsi bildirir ki, 2020-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində dövriyyə 2019-cu illə müqayisədə real ifadədə 1,3 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,1 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,4 faiz artıb.
Rəsmi hesabata görə, istehlaka xərclənən vəsaitin 48,6 faizi ərzaq məhsullarının, 5,4 faizi içkilər və tütün məmulatlarının, 16 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi elektrik malları və mebellərin, 5,1 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,8 faizi digər qeyri-ərzaq mallarına sərf edilib.

Ticarət şəbəkəsində bir ölkə sakininin orta hesabla ayda 181,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,4 manatlıq qeyri-ərzaq malları aldığı vurğulanır.

BİA.AZ
скачать dle 12.1