Bia.Az

Ziyalılar prezidentə müraciət ETDİLƏR

Cəmiyyət
 21-01-2021, 18:03     347

Bir qrup ziyalı prezident İlham Əliyevə hüquqşünas, dövlət xadimi, alim, diplomat Eldar Həsənovla bağlı müraciət edib. Novator.az-ın məlumatına görə, müraciətdə dövlət başçısından Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin şəxsi zaminliklə əvəzlənməsinə yardım göstərməsi xahiş olunur. Müraciət müəllifləri Eldar Həsənovu zaminliyə götürməyə hazır olduqlarını diqqətə çatdırırlar.

Xalq şairləri Vahid Əziz, Ramiz Rövşən, xalq yazıçısı Çingiz Abdullayev, xalq artisti Rasim Balayev, əməkdar jurnalist Əlövsət Ağalarovun yanvarın 19-da imzaladıqları müraciətdə deyilir:

– Möhtərəm cənab Prezident! Müzəffər Ali Baş Komandan!

Siz həm hərb, həm də siyasət meydanında bizi uzun illər həsrətində olduğumuz Böyük Qələbəyə qovuşdurdunuz.
Tarixdə xalqını öz ətrafında bir yumruq kimi birləşdirməyi bacaran, ordusuna bu cür fatehlik edən komandanlar çox az olub. Siz Azərbaycan üçün yeni tarix, yeni səhifə açdınız. İllər keçəcək, lakin qazandığınız bu zəfər qızıl hərflərlə Azərbaycan tarixində Sizin adınızla qalacaq.
Möhtərəm cənab Prezident!
Bu Böyük Qələbənin sevincini yaşamaqla yanaşı Qarabağımızın, o cümlədən doğma Kəlbəcərin düşmən tapdağından azad olunması ilə nəticələnən Böyük Qələbəmizin sevincini ailəsinin, əzizlərinin əhatəsində yaşamağa haqqı olan, hər zaman qəlbi Qarabağımızla döyünən Eldar Həsənovun həbsdə qalması bizdə dərin təəssüf hissi yaradır.
Ulu öndər Heydər Əliyevə və Sizə hər zaman sədaqətlə xidmət edən, xidmətləri dəfələrlə qiymətləndirilən, çalışdığı dörd Avropa ölkəsinin ikisində – Rumıniya və Serbiyada xalqımızın ümummilli lideri Heydər Əliyevi əbədiləşdirən Eldar Həsənov həsrətlə gözlədiyi qələbə xəbərini, çox təəssüf ki, həbsdə qarşıladı.
Bizə çatan məlumatlara və tanış olduğumuz rəsmi tibbi sənədlərə əsasən, Eldar Həsənov çox ciddi xəstəliklərdən əziyyət çəkir, onun təxirə salınmadan ixtisaslaşmış xəstəxanada cərrahi müdaxiləyə və müalicəyə ehtiyacı var.
Məlum olduğu kimi, hazırda ölkəmiz də daxil olmaqla bütün dünya COVİD-19 virusunun həyəcanını yaşayır. Dünya Səhiyyə Təşkilatının meyarlarına əsasən, Eldar Həsənov yaş həddinə (66 yaş) və səhhətindəki ciddi problemlərə görə xüsusi risk qrupuna daxildir. Onun xəstə vəziyyətdə həbsdə qalması və həbsinin təsirindən məruz qaldığı mənəvi-psixoloji sarsıntı xəstəliklərini daha da kəskinləşdirə, orqanizmini daha da zəiflədə və sağlamlığına geri dönüşü olmayan çox ciddi zərər vura bilər.
Hesab edirik ki, Eldar Həsənovun mövcud durumu onun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsinə əsas verir.
Sevindirici və ümidverici hal kimi qeyd edirik ki, Eldar Həsənovun həbs olunduğu cinayət işinin çərçivəsində həbsə salınmış XİN-in bütün əməkdaşları artıq həbsdən azad olunublar.
Hörmətli cənab Prezident!
Ölkə rəhbəri olduğunuz 17 il ərzində hər zaman ictimaiyyətin, o cümlədən bizim müraciətlərimizə diqqətlə yanaşmısınız. Növbəti dəfə də müraciətimizlə bağlı ədalətli və humanist qərar qəbul edəcəyinizə inanaraq Eldar Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbirinin şəxsi zaminliklə əvəz olunmasına və onun bizim zaminliyimizə verilməsinə yardım etməyinizi Sizdən xahiş edirik.

Eldar Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcər rayonunun Laçın kəndində doğulub.
İndiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.
1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.
2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, bir neçə məmur cinayət məsuliyyətinə alınıb.
İyulun 16-da prezident İlham Əliyev xarici işlər naziri olan Elmar Məmmədyarovu vəzifədən azad edib, Ceyhun Bayramov xarici işlər naziri təyin olunub.
Avqustun 13-də açıqlama yayan Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov şübhəli şəxs qismində tutulub.
Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə ittihamları irəli sürülüb.
Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsindən azad edib.
Avqustun 24-də bəyan olunub ki, Eldar Həsənov barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.
Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanır.
Xarici İşlər Nazirliyinin ittiham olunan əməkdaşları ev dustaqlığına buraxılsa da, Eldar Həsənovun həbsdən çıxmaq üçün müraciətləri nəticəsiz qalıb.
Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olub.
Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
Eldar Həsənov ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var.

BİA.AZ
скачать dle 12.1