Bia.Az

Vaşinqtona 25 min əsgər yeridildi - FTB inaqurasiyadan əvvəl interneti nəzarətə götürüb

Dünya
 16-01-2021, 17:35     318

ABŞ Milli Park Xidməti prezident seçilmiş Co Baydenin yanvarın 20-də keçiriləcək inaqurasiyasından əvvəl mümkün zorakılıqların qarşısının alınması məqsədilə mərkəzi Vaşinqtonun böyük ərazilərini bağlayıb. Bu ərazilər yanvarın 15-dən 21-dək bağlı saxlanacaq.

Bağlanan ərazilərə Milli Xiyaban da daxildir. Burada ABŞ-ın rəmzi olan çox sayda abidələr yerləşir. Ənənəyə görə yeni seçilmiş prezidentin andiçmə mərasiminə tamaşa etmək istəyən böyük izdiham Konqresin qarşısındakı bu xiyabana toplaşır.

Ağ Evin ətrafı və Potomak çayı üzərindən Virciniya ilə Vaşinqtonu birləşdirən körpü də bağlı qalacaq. Rəsmilər bildirirlər ki, Konqres ərazisində Tramp tərəfdarlarının törətdiyi 6 yanvar iğtişaşlarının ardınca paytaxta Milli Qvardiyanın 25 min əsgəri yeridilib.

FTB direktoru Kristofer Rey yanvarın 14-də deyib ki, federal hüquq-mühaizə agentliyi internetdə silahlı etirazlara çağıran çoxsaylı söhbətləri izləyir. Rey deyib ki, FTB qarşıdan gələn günlərdə Kapitol yüksəkliyi və ölkənin başqa yerlərində baş verə biləcək iğtişaşlardan narahatdır.
Xatırladaq ki, Konqres binasına basqından əvvəl prezident Donald Tramp Ağ Ev yaxınlığında keçirdiyi mitinqdə seçkinin saxtalaşdırıldığına dair əsassız bəyənatlar vermək və ona sadiq tərəfdarlarını sonadək vuruşmağa çağırmaqla kütləni qızışdırmışdı.

Konqresin Nümayəndələr Palatası bu zorakılıqlara görə prezident Donald Trampı yanvarın 13-də ikinci dəfə impicment edib.

Beləliklə, Tramp Amerika tarixində iki dəfə impiç edilən ilk prezident olub. Tramp inaqurasiya səhərində Vaşinqtonu tərk edərək Floridadakı evinə getməyi planlaşdırır. Bu arada Senatda Trampa qarşı impiçment ittihamına baxılacaq. O qiyamı qızışdırmaqda ittiham olunur. ABŞ-ın çoxillik ənənəsini pozmağa hazırlaşan Tramp yeni prezidentin inaqurasiya mərasiminə qatılmayacağını deyib.

Koronavirus pandemiyasına görə Bayden komandası daha sadə inaqurasiya mərasimi keçirməyi planlaşdırıdığını bildirib. (azdliq.org)скачать dle 12.1