Bia.Az

"MƏCBURİ KÖÇKÜNLƏRİN XANKƏNDİNƏ KÖÇÜRÜLMƏSİ SUVERENLİYİMİZİN AÇARIDIR" - "Proseslər heç də Rusiyanın planladığı kimi getməyəcək"

Siyasət
 15-01-2021, 15:18     251

Yanvarın 11-də Moskva Rusiya, Azərbaycan, Ermənistan liderlərinin keçirilən üçtərəfli görusundə Qarabağdaki erməni hərbiçilərinin çıxarılması, Azərbaycanın suverenliyinin bərpası, Azərbaycan üçün Şuşa, Kəlbəcər kommunikasiyalarının açılması məsələləri muzakirə edilmədi.

Bu məsələlərin taleyi necə olacaq? Azərbaycan nə etməlidir?

Xatırladaq ki, görüş 4 saat çəksə də rəsmi məlumat razılaşmanın yalnız Mehri dəhlizinin istifadəyə veriləcəyi ilə bağlı oldu. Aydındır ki, bu müddətə yalnız bir məsələ müzakirə edilməyib. Sadəcə olaraq ümumi şəkildə nəqliyyat-kommunikasiya xətlərinin, yolların açılması yaradılacaq işçi komissiyaya tapşırıldı.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham ismayıl "AzPolitika.info"-ya şərhində bildirib ki, Moskvada hər iki tərəfi maraqlandıran və narahat edən məsələlər ehtimal ki müzakirə edilib, amma bu barədə nə məlumat verildi, nə də perspektiv tədbirlərə aid edildi.

"Deməli, bu görüş Moskva üçün lazım idi. Hətta bu görüşü Vladimir Putinin bölgədə marağı olan qlobal güclər qarşısında benefisi” adlandırdılar" - deyə ekspert vurğuayıb.

İ. İsmayıl hesab edir ki, ABŞ-da yeni administrasiya fəaliyyətə başlamamış belə bir görüş Rusiya prezidentinə lazım idi: "Fransa prezidenti ilə bir gün əvvəl telefon danışığı da formal xarakter daşıdı. Ən əsası, bu görüşlə Türkiyənin Qarabağ nizamlanmasından və ümumiyyətlə Cənubi Qafqazdan uzaqlaşdırmaq mesajı verildi.

Təbii ki, perspektiv proseslər heç də Rusiyanın planladığı kimi getməyəcək və ABŞ da, Türkiyə də Rusiyanın bölgədə tək hakim olmağına mane olacaqlar. Mehri dəhlizinin tezliklə istifadəyə verilməsi də daha çox Rusiyanın işinə yarayacaq. Rusiya xüsusilə qış mövsümündə Ermənistana göndərdiyi yükləri quru yolla çatdırmaqda çətinliklə üzləşir, alternativ yollar və nəqliyyat vasitələri ilə çatdırma isə baha başa gəlir.

Eyni zamanda Ermənistan nəhayət dəmir yolu ilə əsasən Rusiyaya, həm də İrana çıxış əldə etdi. Gürcüstan vasitəsilə nəql etmək hər zaman çətinlik yaradıb. Yəni, bu yolu yalnız Azərbaycanın Naxçıvan bölgəsi və Türkiyə üçün önəmli olmasını qeyd edənlər bilsinlər ki, düşmən üçün böyük nəfəslik açılmış oldu".

Ekspertin sözlərinə görə, Qarabağda suverenliyimizi tam həll etmədən əlimizdəki "kozırları" xərcləməyimiz düzgün deyil.

"Üstəlik, Türkiyə Qarabağa görə Ermənistanla sərhədi bağlayıb. Əgər Azərbaycan Ermənistana yol açırsa, sabah Türkiyə də sərhədi 2009-cu ildə bağlanmış Sürix razılaşmasına əsasən açsa, nə olacaq?

Qarabağ problem həll olunmayıb, amma düşməni iqtisadi cəhətdən ayağa qaldırmaqla biz şərtlərimizdən məhrum olmuruqmu? Konkret olaraq hələ də Qarabağda Ermənistan silahlı qüvvələrinin olması və bu səbəbdən də Yuxarı Qarabağa qayıtmalı olan azərbaycanlı qaçqınlarla bağlı heç bir rəsmi mövqenin bildirilməməsi bizim çox gecikdiyimiz başlica məsələdir"-deyə ekspert qeyd edib.

İlham İsmayıl hesab edir ki, azərbaycanlı qaçqınların Xankəndi və ətraf yerlərə köçürülməsi Azərbaycanın Qarabağda suverenliyinin bərpa olmasının açarıdır: "Bundan sonra Ağdam-Şuşa yolunun, Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılması asan məsələdir. Hətta bu qayıdışdan sonra status məsələsinin müzakirəsinə ehtiyac belə qalmayacaq. Bu gün narahatlıq yaradan məsələlərin üzərinə Azərbaycan dövləti vaxtında və qətiyyətlə getməsə, sabah artıq bu narahatlıq yox, problem olacaq. Problem isə qloballaşa bilər və Azərbaycanın onu həll etməsi uzunmüddət çəkə bilər".

BİA.AZ
скачать dle 12.1