Bia.Az

“RUSİYA BİZ DÜŞÜNDÜYÜMÜZ QƏDƏR GÜCLÜ DEYİL...” – “11 yanvardan sonra bir çox məsələlərə aydınlıq gələcək”

Gündəm
 10-01-2021, 13:36     284

Qulu Məhərrəmli: "Məqsəd ondan ibarətdir ki, Azərbaycanla sülhməramlılar arasında toqquşma və ya kəskin situasiya yaradılsın..." 
Azərbaycanın qalibiyyəti ilə başa çatmış 44 günlük müharibə, hələlik Dağlıq Qarabağ münaqişəsinin tam həllinə gətirib çıxarmayıb. Rusiya prosesə müdaxilə etdi, üçtərəfli atəşkəs razılaşmasına nail oldu və dərhal sonra ordusunu sülhməramlı qüvvələr adı altında bölgəyə göndərdi. 
Noyabrın 10-dan sonra sülhməramlıların nəzarətində olan Xankəndində və başqa ərazilərdə cərəyan edən hadisələrə Bakıdan səbrli reaksiya olsa da, narahatlıq mənbəyi getdikcə böyüyür. Çünki atəşkəs razılaşmasına bütövlükdə əməl olunmayıb, erməni hərbi birləşmələri ərazidə qalmaqda davam edir, müharibə dövründə bölgəni tərk etmiş erməni əhalisi sülhməramlıların dəstəyi ilə geri qaytarılır, məskunlaşdırılır və s.
Erməni ordusunun qalıqları isə bir neçə dəfə Azərbaycan ordusunun mövqelərinə hücum cəhdləri edib, nəticədə xeyli sayda diversant zərərsizləşdirilib və ya həbs edilib.
Ümidlər var ki, gələn həftə Rusiyada gözlənilən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündə mövcud problemlər masaya yatırılacaq və onların həlli ilə bağlı qərarlar veriləcək. Amma 10 noyabr bəyanatının tam icra edilməməsi növbəti razılaşmaların icra mexanizmlərinin olub-olmayacağı suallarını gündəmdə saxlayır.
"Əsas təhlükə Rusiya sülhməramlılarının fəaliyyətidir"
Siyasi icmalçı, professor Qulu Məhərrəmli ilə söhbətimizdə bu və digər məsələlər ətrafında söhbət etmişik. Professor əvvəlcə Dağlıq Qarabağda bizim üçün təhlükəli proseslər barədə fikirlərini bölüşüb.
O, hesab edir ki, hərbi əməliyyatlardan sonra bölgədəki vəziyyəti qeyri müəyyənlik, müəyyən mənada isə hərbi-siyasi böhran kimi də qiymətləndirmək olar. 
"Çünki üçtərəfli bəyanatdan sonra tərəflər üçün müəyyənləşdirilmiş addımların bir qismi atılsa da, bir hissəsi icra edilmir. Məsələn, atılan addımlar sırasında Ağdamın, Kəlbəcərin, Laçının boşaldılması ilə bağlı müəyyən problemlər ortaya çıxdı. İndi tədricən mənzərə aydınlaşır.
Əlbəttə, ən ciddi məsələ bəyanatın birinci bəndinə əməl olunmamasıdır. Həmin bənddə göstərilir ki, sülhməramlı qüvvələrin bölgəyə yeridilməsi ilə paralel olaraq oradakı erməni hərbi qüvvələri əzariləri tərk edir. Burada söhbət Ermənistan ordusundan və yerli hərbçilərdən gedir. Əslində bunlar vahid koordinasiya olunan Ermənistan ordusudur. Bununla bərabər sülhməramlılarla separatçılar arasında isinişmə, birgə tədbirlər davam edir, humanitar yardım adı altında nələrin baş verdiyini isə heç kim dəqiq müəyyən edə bilmir. Rusiya Müdafiə Nazirliyinin saytında xəritə oyunu gedir, bəzən biz ona müqavimət göstəririk, bəzən də o qədər sürətli dəyişikliklər olur ki, reaksiya verə bilmirik", - siyasi şərhçi qeyd edib.

Q.Məhərrəmli bütün bunların hamısını “kiçik və böyük təxribatlar” adlandırır: "Məqsəd ondan ibarətdir ki, Azərbaycanla sülhməramlılar arasında toqquşma və ya kəskin situasiya yaradılsın. İndi tədricən duman çəkilir, Prezidentin Yeni il müraciətində müəyyən mesajlar verildi, ilin yekunlarına həsr olunmuş müşavirədə isə siyasətin bəzi konturları açıqlandı. 
Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, bölgə tam Azərbaycanının yurisdiksiyası altındadır, Dağlıq Qarabağa Avropadan, Rusiyadan və ya Ermənistandan kimlər gəlirsə, bu, ancaq Azərbaycanın razılığı ilə mümkündür. Bu tələbdə qeyri-adi heç nə yoxdur, istənilən özünə hörmət edən dövlət məsələyə bu cür yanaşmalıdır".
Professorun sözlərinə görə, əsas təhlükəli məqam Rusiya qoşunlarının Dağlıq Qarabağa yerləşməsi və onların mandatının qeyri-müəyyən olması, funksiyaları haqqında aydın təsəvvürün olmamasıdır. "Onlar faktiki olaraq ərazidə yerli icra hakimiyyətini əvəz edir. Bundan sonra orada nə baş verəcəksə, Rusiyanın günahı ucbatından olacaq. Azərbaycan öhdəliklərə əməl edir, amma Rusiya-Ermənistan çütləşməsinin nəticəsi olaraq müəyyən impulsiv hadisə və reaksiyalar olur. Məncə, yanvarın 11-də Soçidə üçtərəfli görüşdən sonra aydın olacaq ki, nə baş verir və hadisələr hansı istiqamətdə gedəcək", - deyə Q. Məhərəmmli vurğulayıb.
"Yanvarın 11-dən sonra hər şey bəlli olacaq"

Siyasi icmalçı Bakının hazırda tutduğu mövqeyi də dəyərləndirib. O, siyasi rəhbərliyin Rusiyanın Dağlıq Qarabağdakı qanunsuz fəaliyyətinə, separatçılarla mərhəm nünasibətlərə və üçtərəfli sazişin bəndlərinin yerinə yetirilməməsinə sakit reaksiyasını belə qiymətləndirib: "Biz müharibədə qalib gəlmiş dövlət kimi intonasiyamızın yüksək tonda ifadə olunmasını və qalib səslə danışmağı istəyirik. Bu bir istəkdir, amma bölgədə sözün həqiq mənasında başqa bir reallıq yaranıb. Bizim müdaxilə edə bilmədiyimiz ərazi rus qoşunlarının nəzarəti altına keçib. Bu reallıq kifayət qədər ehtiyatlı və tədbirli yanaşma tələb edir. Qorxaqlıq başqa şeydir, hazırda impulsiv, emosional yanaşma yeni cəbhənin açılması deməkdir. 
Azərbaycanın da planında bunlar yoxdur. İstəklər və reallığın məhsulu olan davranışlar fərqli şeylərdir. Mənim düşüncəmə görə Azərbaycanın yanlışlığı ondadır ki, qalib tərəf kimi onun qüvvələri prosesdə iştirak etmir və şərtlərini diqtə etmir. Qarabağdakı proseslərə bu və ya başqa formada reaksiya yoxdur. Bunun olmaması hədsiz şayiələrin baş alıb getməsinə gətirib çıxarır. İndi müəyyən reaksiyalar olub və bu da şüurlarda aydınlatma yaradır. Yanvarın 11-dən sonra hər şey bəlli olacaq".
"Vəziyyət çoxlarının düşündüyü kimi bədbinliyə qapılmağa əsas vermir"
Qulu Məhərrəmli hesab edir ki, bu gün Xankəndində söz sahibi Rusiyadır: "Sözsüz ki, Rusiya həmişə orada olub - hadisələr başlayanda da, Xocalı faciəsi həyata keçiriləndə də - hətta o qətliamda iştirak etmişdi. Rus qoşunlarının Azərbaycandan çıxdığı vaxtda da ordusu o bölgədə idi. Paşinyan ora gələndə də, Cıdır düzündə yallı gedəndə də... Yəni Rusiya həmişə bölgədə olub. Amma indi bu iştirakın forması dəyişib".
Siyasi icmalçı qeyd edir ki, ermənilər sadəlövhcəsinə Rusiyanın onlara şərait yaradacağını düşünürlər: "44 günlük müharibədə aydın göründü ki, ruslar ermənlərə hansı şəraiti yaratdı. Ona görə də ermənilərin illüziyaları tamamilə mənasız bir şeydir. Mən qəti şəkildə bu fikrin tərəfdarıyam ki, Qarabağdakı ermənilərin heç bir siyasi gələcəyi yoxdur, olmayacaq, olması da mümkünsüzdür. Bu təkcə Azərbaycanın iradəsi ilə bağlı deyil. Rusiya hələ ki, onlara müəyyən bir şərait yarada bilir, amma zamanı gələndə ermənilərdən vasitə kimi istifadə edir, onların kütləvi qırılmasına, bu cür faciələrlə üzləşməsinə səbəb olur. 
Necə ki, 1905, 1915, 1918-20-ci illərdə, sovet hakimiyyəti dövründə, 90-cı illərdə və hazırda edir, yenə də etməyə çalışacaq. Ermənilərin ağıllı, düşünə bilən adamları bunu dərk edirlər, dilə gətirənləri də olur. Rusiyanın hazırda əsas istəyi Qarabağ vasitəsi ilə həm Ermənistanı, həm də Azərbaycanı təsir altında saxlamaqdır. Bununla həm siyasi, həm iqtisadi bəhrələnməklə və nüfuz dairəsini saxlamağa çalışır ki, bu da Rusiyanın strategiyasıdır. Bölgədə ən ali məqsədi odur ki, onu ələ keçirib hər iki tərəfə təsir edir. Əlbəttə, burada əsas məsələ Azərbaycandır, onun iqtisadi gücü, potensialıdır. Amma Rusiya biz düşündüyümüz qədər güclü və tədbirli dövlət deyil. Onun bölgədə nə qədər qalacağı qeyri-müəyyəndir. Təbii, indi bir güc kimi bölgədədir, ordusu, silahı, ağır texnikası var. Ona görə də biz də xeyli ehtiyatlı davranmalıyıq".
Qulu Məhərrəmli hesab edir ki, Azərbaycan müstəqilliyini və beynəlxalq hüquqdan irəli gələn məsələləri gündəmdə saxlamalıdır: "Rusiya bizimlə necə oyun oynayırsa, ona adekvat addımlar atmalıyıq. Əlbəttə, heç bir halda kəskin addımlar atmaq üçün Rusiyaya bəhanə vermək olmaz. Son 30 ildə, eləcədə 44 günlük müharibədə Azərbaycanın atdığı addımlar, hüquqi, siyasi, diplomatik baxımdan düşünülmüş idi. Bundan sonra da bu addımları atmalyıq.
Bizim xarici siyasətdə əsas işimiz beynəlxalq hüquqa istinad, BMT nizamnaməsinə uyğun olaraq öz müstəqilliyimizi, ərazi bütövlüyünü qorumaq olmalıdır. Əlbəttə, biz orada yaşayan ermənilərə öz vətəndaşlarımız kimi baxmalıyıq. Bu, bizim siyasi rəhbərliyin çıxışlarında dəqiq ifadə olunur. Onlarla da fərqli şəkildə siyasət aparılmalıdır. Yəni Rusiyanın regionda lövbər salması real faktdır, biz addımlarımızı buna uyğun müəyyənləşdirməliyik. Gələcək 2-3 ildə mənzərə tam aydınlaşana qədər bu siyasətəi aparmalıyıq".
Siyasi icmalçı qeyd edr ki, bu prosesdə Rusiyanın gözləmədiyi, arzulamadığı məsələ Türkiyənin iştirakıdır, Qərb dövlətlərinin münasibətidir. Eyni zamanda reallaşdırıla bilən layihələrdə Qərbin maraqlarının təmin edilməsidir: "Ona görə də hesab edirəm ki, vəziyyət çoxlarının düşündüyü kimi bədbinliyə qapılmağa əsas vermir. Önəmli məsələ odur ki, biz işğal altında olan torpaqları azad etmişik, artıq quruculuq işləri başlayıb. Düşünürəm ki, Azərbaycanın bundan sonrakı addımları bu çərçivədə davam etsə, çox şeylərə nail olmaq mümkündür".
Türkiyə və Qərblə əlaqələrimizi gücləndirməliyik

Bəs bundan sonra Azərbaycanın xarici siyasətində Qərblə münasibətlər necə olmalıdır. Professor qeyd edir ki, burada iki rakurs var - biri Qərblə, digəri isə Türkiyə ilə münasibətlər: "Məncə, Türkiyə ilə münasibətlərin bütün parametrləri aydındır. 44 günlük müharibədə Türkiyənin birmənalı şəkildə Azərbaycanın yanında olması və ona mənəvi, siyasi dəstək verməsi hər şeyi sübut etdi. Ərdoğanın bəyanatındakı "Mən olmasam belə Türkiyə əsgərləri orada olacaq" fikri hər şeyi deyir. Ona görə də biz təkcə Türkiyə ilə etnik yaxınlığımızı yox, dostluq, əməkdaşlıq, partnyorluq siyasətini davam etdirməliyik. İndiyə qədər olduğu kimi tam səmimi şəkildə bu dövlətin arxamızda olduğunu hiss etməliyik. 
Türkiyənin İsraillə münasibətləri yaxşılaşır bu da bizə yeni dostluq, əməkdaşlıq platforması açır. Bu siyasətin üzərində dayanmaqla biz Qərbə doğru çıxırıq. Türkiyə-Qərb münasibətlərinin bəzi məqamlarda gərgin olmasına baxmayaraq, Türkiyə NATO, Qərb deməkdir, ona görə biz bunu yaddan çıxarmamalıyıq".
Q.Məhərəmmli hesab edir ki, Qərblə münasibətdə təxminən iki nüans var. 
"Birincisi, iqtisadi layihələrimizdə Qərbin işitrakıdır. Məsələn, indi neftdən sonra Azərbaycan qazının Avropaya çıxması müsbət hadisədir. Çünki müasir siyasətdə iqtisadi maraqların təmin olunması öndə dayanır. Əlbəttə, ikinci nüans da az əhəmiyyətli deyil. Bu, ölkə daxilində aparılan siyasi islahatlardır. İnsan haqları, hüquq və azadlıqlarla bağlı islahatların aparılması və normal siyasi münasibətlərin tənzimlənməsi vacibdir. Bunların hamısı beynəlxalq təşkilatların Azərbaycana qarşı təzyiqlərinin qarşısını almağa xidmət etməlidir. Hesab edirəm ki, yaxın gələcəkdə bu reallaşması mümkün olan siyasətdir və biz bunu davamlı şəkildə aparmalıyıq", - professor vurğulayıb.
E.Rüstəmliскачать dle 12.1