Bia.Az

Bayram bazarı: nələr bahalaşıb? – Foto

Sosial
 7-03-2020, 16:16     413

Bayram bazarı: nələr bahalaşıb? – FotoNovruz bayramına sayılı günlər qalıb. Bu baxımdan insanlar bazarlara üz tutub, bayram tədarükü görürlər. Hər il Novruz bayramı ərəfəsində ölkədə bəzi qida məhsullarının, çərəzlərin qiymətində bahalaşma olur. Bu il isə koronavirusun yayılması səbəbindən vəziyyət bir qədər də mürəkkəbdir.

Dünyanın bir çox ölkələrində ərzaq, o cümlədən texnologiya məhsullarının qiymətində bahalıq müşahidə edilir. Azərbaycanda da xüsusilə telefon bazarında müəyyən qədər qiymət artımları var ki, bu barədə daha öncəki saylarımızda geniş məlumat vermişik. Bəs tərəvəz, meyvə satılan bazarlarda vəziyyət necədir?
“Yeni Müsavat”ın əməkdaşı ölkənin qiymətlərinin ucuzluğuna görə seçildiyi bazarlarından birində olub, qiymətlər və ümumi vəziyyətlə maraqlanıb.

Bazarda olan zaman müşahidə etdik ki, koronavirus xəbərlərinə baxmayaraq, alıcı sarıdan problem yaşanmır. İnsanlar bazarda qiymətlərlə maraqlanır, alış-veriş edirdilər. Satıcılar bildirdilər ki, alıcı sarıdan problem yaşamırlar. Hamıya bir-bir qiymətləri deməmək üçün kağıza yazıb, malın üzərinə qoyublar.

Bazarda meyvə-tərəvəz baxımdan bolluq yaşanırdı. Burada yalnız sarımsaq tapmaq çətindir. Sarımsağın 1 kiloqramının qiyməti isə 13-14 manatadır. Satıcılar bildirdilər ki, bazarda sarımsağın qiyməti son günlərdə bahalaşıb. Səbəb isə qıtlığın olması ilə əlaqələndirildi.

İctimaiyyətdə fikirlər dolaşır ki, İranla sərhəd bağlandığı üçün xüsusilə də düyünün qiymətində bahalaşma var. Lakin bazarda olduğumuz zaman düyünün qiymətində ciddi bahalaşma müşahidə etmədik. Eyni zamanda bu məhsulların satışında da qıtlıq yaşanmırdı. Satıcı Ramil Quliyev bildirdi ki, düyünü əvvəlki qiymətə satır:
”Tamaşa” düyüsü 3 manat, “Sultan” 3 manat, Şəki düyüsü 3 manat, Lənkəran düyüsünü isə 4 manata satırıq. Bir ay bundan qabaq da qiymətlər eyni idi. Bundan sonra da qiymətlərdə artım etməyi düşünmürük. Məhsulu qış aylarından gətirib, anbarlarda saxlayırıq. Son günlərdə mal gətirməyə getməmişik. Ona görə də sərhədlərin bağlanmasının qiymətə faktiki təsiri yoxdur. Kimsə qiyməti qaldırırsa, bu, süni bahalaşmadır”.

Bazarda meyvə-tərəvəzin də qiymətində ötən həftələrlə müqayisədə ciddi fərq yoxdur. Məsələn, kartofun kiloqramı 60 qəpik – 1 manat, soğan – 60-70 qəpik, kələm 60 qəpikdir. Pomidor 1 manat 50 qəpik -2 manat, xiyar isə 2 manat 50 qəpikdir. Kök 40-80 qəpik, alma 70 qəpik-3 manat, armud 90 qəpik-2 manat, portağal 1. 5-1.8 manat, heyva 90 qəpik 2 manatdır. Çərəzlərdən qoz 5-10 manat, fındıq 7-8 manat, şabalıd 8-12 manat, qoz ləpəsi 9-18 manat, fındıq ləpəsi 13-15 manat, badam 7-8 manat, badam ləpəsi 20-23 manat, qara kişmiş 9-17 manat, sarı kişmiş isə 6-14 manata satılır. Eyni zamanda xurma 4-6.5 manat, püstə 22-26 manat, alma qurusu 4-5 manat, gavalı qurusu 3-10 manat, korolyok qurusu 4-6 manat, armud qurusu 3.8-4 manat, alça qurusu 3-6 manat, iydə isə 4-6 manatadır. Bazarda satılan ağartı məhsullarında da ciddi qiymət artımı yoxdur. Belə ki, hazırda pendir 6-12 manat, şor 3 manat, süzmə 3, nehrə yağı 10-16 manat, əridilmiş yağın kiloqramı isə 12 manatadır. Südün bir litrini 1 manata, qatığın litrini 1 manata, toyuğun bir ədədini 5-6 manata satırlar. Yumurtanın qiyməti 0.25-0.30 qəpikdir.



Ölkədə son zamanlar bahalaşan əsas məhsullar konfet və digər bu kimi şirniyyatlardır. Bahalaşma xüsusilə də iri supermarketlərdə daha çox hiss edilir. Belə ki, iri supermarketlərdə bir çox konfetlərə tətbiq edilən endirimlər götürülüb. Bu minvalla həmin məhsulların qiyməti 1-2 manat bahalaşıb. Eyni zamanda üzərinə endirim sözü vurulan məhsullar da əvvəlki qiymətindən çox da ucuz satılmır. Satıcılarla söhbətimiz zamanı onlar bildirdilər ki, qiymətlər son bir həftədir ki, bu cür bahalaşıb. Onlar söylədilər ki, qiymətlərin baha olmasının koronavirusla əlaqəsi yoxdur.

Bazarda olduğumuz zaman söhbət etdiyimiz alıcılar bildirdilər ki, əksər məhsulları qiyməti hələ ki onları qane edir. Lakin alıcıların əksəriyyəti çərəzlərin qiymətindən şikayət etdilər: “Qozu marketdə 3 manat 40 qəpiyə satırlar, ancaq bazarda 5 manatdan ucuz qoz tapılmır. Bu dəqiqə iri supermarketlərdə qozun 3 kiloqramını 6 manata satırlar. Eləcə də fındığın, kişmişin qiyməti mağazadan bahadır. Buna görə də qiymətlər cibimizə uyğun deyil”, – deyə söhbət etdiyimiz alıcılar bildirdilər.

İqtisadçı ekspertlər hesab edirlər ki, bazardakı mövcud qiymətlər Novruz bayramı ərəfəsində bir qədər bahalaşacaq. Ekspertlərin fikrincə, koronavirusla bağlı qiymətlərə psixoloji basqı getdikcə azalacaq. Virusla bağlı məsələ gündəmdən düşdükdən sonra qiymətlər əvvəlki vəziyyətinə qayıdacaq.

Bayram bazarı: nələr bahalaşıb? – Foto
скачать dle 12.1