Bia.Az

TƏCİLİ!!! Soçidə nələr müzakirə olunub? - SENSASİYALI İDDİALAR

Gündəm
 1-01-2021, 17:47     730

Anlaşmada Türkiyə ordusunun Qarabağda yerləşməsinin, Qazağın işğaldakı kəndlərinin qaytarılmasının, Türkiyə-Ermənistan sərhədlərinin açılmasının öz əksini tapdığı ehtimal olunur

İlin sonuna möhür vuran hadisələrdən biri də Soçidə Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü oldu. “Yeni Müsavat” xəbər verir ki, Rusiya XİN başçısı Sergey Lavrovla türk həmkarı Mövlud Çavuşoğlu arasında müzakirələrin ana xəttini Qarabağ məsələsi təşkil edib.

Elə Lavrov da açıqlamasında təsdiqlədi ki, tərəflər Suriya, Liviya böhranlarını müzakirə etsələr də, prioritet mövzu kimi Qarabağ önə çıxıb. Çavuşoğlu isə Azərbaycanın yanında olduqlarını bir daha vurğuladı.
Əslində gündəm nə qədər qaynar qazana çevrilsə də, siyasi palitrada müxtəlif hadisələr olsa da, Lavrov-Çavuşoğlu görüşünün altından qırmızı xətlə çizərək qeyd etmək lazımdır ki, baş olay Qarabağdır.
Artıq ictimaiyyətə sirr deyil ki, Rusiya-Azərbaycan-Ermənistan arasında əldə olunan məlum anlaşmadan əlavə, ortada alternativ razılaşma mövcuddur.
Hətta deyə bilərik ki, həmin “B” anlaşması indi daha aktualdır və latent proses kimi getsə də, Azərbaycanın maraqlarına tamamilə uyğundur.
Söhbət Türkiyənin iştirakından, xalqlara rəsmi elan olunmayan anlaşmanının nəticələrindən gedir. Bu nəticənin növbəti raunduna biz Soçidə şahidlik etdik.
Bəli, Rusiya və Türkiyə rəhbərləri müntəzəm olaraq telefonla danışır, xarici işlər nazirləri görüşür, Qarabağı müzakirə edir, heç bir tərəf problemi arxa plana keçirmir.


İkincisi, sirli və elan olunmayan formata dair müxtəlif fikirlər səslənir. Hətta bəziləri iddia edir ki, bu işdə yalnız Rusiya-Türkiyə var. Və anlaşmalar, əməkdaşlıqlar təkcə Qarabağla bağlı deyil, daha əhatəlidir.
Məsələn, «S-400» raketləri ilə başlayan silah ticarəti, Suriyanın şəkilləndirilməsi, Liviyada maraqların koordinasiyası, Afrikanın gələcəyində iştirakla bağlı ikili anlaşmalar...
Əlbəttə, bu cür geosiyasi proseslər gözardı edilə bilməz və şübhəsiz ki, həm Ankaranın, həm Moskvanın masasında sadaldığımız detallar var.
Lakin ekspertlər onu iddia edirlər ki, rus-türk koalisiyasında İran da iştirak edir, qeyd edilən məsələlərdə rəsmi Tehranın da mövqeyi nəzərə alınır.
“Yeni Müsavat” yazır ki, bəzi siyasi təhlilçilərin fikrincə, strateji olaraq Rusiya-Türkiyə ikili anlaşması var. Lakin Qarabağa dair daha fərqli bir formatda anlaşma mövcuddur. Buradakı format Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan razılaşması kimi təqdim olunur.
İddialara görə, elan edilən üçlü anlaşmanın arxasında məhz həmin dördlü razılaşma mövcuddur. Sadəcə, elan olunması Ermənistan cəmiyyətini və erməni lobbisini qızışdıra, gərginləşdirə bilər.
O nöqteyi-nəzərdən hələlik dördlü format arasında əldə olunan anlaşma açıqlanmır, proses məntiqi ardıcıllıqla davam etdirilir.
Siyasi şərhçilərin sözlərinə görə, bu anlaşmalarda Türkiyə ordusunun Qarabağda yerləşməsinin gələcək detalları, Qazağın işğalda olan kəndlərinin geri qaytarılması, Türkiyə-Ermənistan sərhədlərinin açılması, iki ölkə arasında diplomatik əlaqələrin qurulması və başqa mühüm detallar öz əksini tapıb.
Bütün bunlardan ən gerçək olanı hansıdır? Türkiyə-Rusiya XİN başçılarının görüşünün nəticələri varmı? Rus-türk münasibətlərinin inkişafı hansı istiqamətə gedir? Bizi qane edirmi?


Politoloq Qabil Hüseyli “Yeni Müsavat”a bildirib ki, hələlik Türkiyə-Rusiya arasında yaxınlaşmadan daha çox dövlətlərarası müəyyən problemlərin aradan qaldırılması istiqamətində iş gedir.
Siyasi şərhçi hesab edir ki, Soçi görüşünü şərtləndirən həm də Qarabağda gedən son proseslər olub: “Erməni terrorçuların Laçın koridorundan rus sülhməramlıların nəzarət etdiyi ərazilərə, Xocavəndə, Hadruta sızması, terrora cəhd göstərməsi narahatıq doğurub.
Azərbaycan artıq antiterror əməliyyatları haqda fikirləşir. Bu haqda Rusiya sülhməramlılarına və Müdafiə Nazirliyinə də xəbərdarlıq edilib.
Hazırda Hadrutun meşələrində 3-4 min civarında qaçaq-quldur terror dəstələri gizlənir. Hətta bu dəstələrə PKK-nın təlim keçməsi haqda informasiyalar var. Azərbaycan xüsusi xidmət orqanları ciddi şəkildə iş aparır, zəruri materiallar toplayır.
Bundan əvvəl bir neçə antiterror əməliyyatı keçirilib, erməni dəstələri zərərsizləşdirilib. Lakin onların təxribatları davamlı prosesə çevrilərsə, rus sülhməramlıları ermənilərə müqavimət göstərməzsə, bu işin axırı necə olacaq? O zaman Azərbaycan məcbur olacaq ki, Laçın keçidini tam nəzarətə alsın".

Q.Hüseylinin sözlərinə görə, bu səbəbdən artıq Türkiyə prosesə qoşulub və Çavuşoğlunun Soçi səfəri də Dağlıq Qarabağda antiterror əməliyyatlarının keçirilməsi, erməni yaraqlıların bölgəyə sızmasının qarşısının alınması ilə bağlı müzakirə aparmaq olub: “Lavrovla Çavuşoğlu arasında danışıqlar bu istiqamətdə olub, eləcə də Ağdamda Monitorinq Mərkəzinin qurulması, texniki tərəfləri ətraflı müzakirə edilib. Bundan əlavə, ”partizan" adı altında erməni-quldur dəstələri ilə mübarizənin əsasını PUA-lar qoyacaq.
Həm Azərbaycan təyyarələri, həm PUA-lar tərəfindən başını qaldıran yerindəcə məhv ediləcək. Artıq Türkiyə Azərbaycanın istəklərini də Rusiyaya çatdırıb, bildirilib ki, bəyanatdan kənara çıxılması, blok postların yerinin dəyişdirilməsi, yeni xəritələr hazırlanmasına cəhd olunması, ərazi bütövlüyümüzə hər hansı təhlükə yaradan digər manevrlər rəsmi Bakı tərəfindən xoşluqla qarşılanmayacaq, hərbi gücün bütün formalarından istifadə edilməklə mübarizə aparılacaq.
Zənnimcə, Lavrovun müəyyən fikirlər söyləməsinə baxmayaraq, görüş bütövlükdə Çavuşoğlunun təşəbbüsü, proseslərə nəzarət etməsi şəraitində keçib. Biz bunun çox yaxında nəticələrini görəcəyik".
Q.Hüseynli bildirdi ki, elan edilməyən dördlü anlaşmada isə heç bir məxfilik yoxdur: Qazağın 7 kəndinin qaytarılması bəyannamədə elan olunub, bu işin icrasını Türkiyə üzərinə götürüb.Türkiyə-Ermənistan arasında diplomatik əlaqələrin qurulmasına gəlincə, kommunikasiyanın açılması adı altında bu məsələ öz əksini tapıb.
Hələ ki ilkin addımlar hava sərhədlərinin açılmasıdır, Türkiyə təyyarələri Ermənistan üzərindən uşuşları həyata keçirir, bir azdan Azərbaycan təyyarələri də həmin yolla uçuş edəcək.
Qazağın 7 kəndinin qaytarılması isə hələ ki icra olunmur, amma mütləq icra olunacaq. Üstəlik, diplomatik əlaqələrin qurulması üçün İrəvan həm Ankara, həm Bakıya olan iddialarından qarşılıqlı saziş əsasında birdəfəlik əl çəkməlidir. Ermənistan Ağrıdağına, Şərqi Anadoluya, eləcə də Dağlıq Qarabağa olan iddialarını aradan qaldırmalıdır".

BİA.AZ
скачать dle 12.1