Arxiv

Oxunub:315 / 31 avq 09:35siyaset, gundem

Ekspert: “Prezidentlərin Nyu-York görüşünün alınmaması Azərbaycanla bağlıdır”



Ekspert: “Prezidentlərin Nyu-York görüşünün alınmaması Azərbaycanla bağlıdır”

Elxan Mehdiyev: “Artıq xarici ölkələrdə dərc olunan xəritələrdə Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilir...”

ATƏT-in Minsk Qrupunun həmsədrləri, o xüsusda Amerika tərəfi Azərbaycan və Ermənistan prezidentlərinin BMT Baş Məclisinin sessiyası çərçivəsində görüşünü təşkil edə bilməyiblər. Musavat.com-un Regnum-a istinadən verdiyi xəbərə görə, təmas xəttində situasiyanın kəskinləşməsi fonunda həmsədrlər Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü hazırlayırlar.

Qeyd edək ki, BMT Baş Məclisinin sessiyası sentyabrın üçüncü ongünlüyündə öz işinə başlayacaq. Vasitəçilər prezidentlərin görüşünü daha əvvəldən hazırlamağı planlaşdırsalar da, sonda görüş baş tutmayıb. Bir sıra müşahidəçilərə görə, görüşün baş tutmamasının arxasında Amerika və Rusiya arasında rəqabət dayanır. Məsələ ondadır ki, Moskvanın bu görüşdə maraqlı olmadığı iddia edilirdi. İndi isə BMT sessiyasına bir aydan az vaxt qalmış prezidentlərin görüşünün baş tutmayacağı məlum olur.

Politoloq Elxan Mehdiyev Nyu-Yorkda prezidentlərin görüşünün ötən ilin oktyabrında Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü zamanı razılaşdırıldığını xatırlatdı: “Nyu-York görüşü Amerikanın planı deyildi. Sadəcə, ötən ilin oktyabrında Parisdə İlham Əliyev və Serj Sərkisyan arasında prezident Fransua Ollandın iştirakı ilə keçirilən görüşü zamanı belə bir qərar alınmışdı. Hətta o zaman bu görüş həmsədrlərin birgə bəyanatına da salınmışdı. Həmin vaxt bu görüş haqda məlumatın bəyanata daxil edilməsi Azərbaycan ictimaiyyəti tərəfindən qəzəblə qarşılanmışdı. Çünki orada açıq şəkildə növbəti görüşün bir sonra, yəni 2015-ci ilin sentyabrına təyin olunması Azərbaycanın maraqlarına ziddir. Bu, münaqişənin həllinə məsuliyyətsiz yanaşma idi”.

Politoloqun fikrincə, Nyu-York görüşünün baş tutmaması İlham Əliyevin BMT Baş Assambleyasının toplantısına qatılmaması ilə bağlıdır. O, bu il Azərbaycana qarşı tənqidlər səbəbindən ölkə başçısının BMT toplantısına qatılmayacvağını deyir: “Nyu-Yorkda görüşün baş tutmaması Azərbaycan-Ermənistan münasibətləri və danışıqlar prosesi ilə bağlı deyil. Bu daha çox Azərbaycanla bağı olan məsələdir. Yəni İlham Əliyev bu il Nyu-Yorka getmir və bu səbəbdən də görüşün baş tutması mümkünsüzdür. Qərb ölkələri, ABŞ, AB Azərbaycan hakimiyyətini son zamanlar sərt şəkildə tənqid edir. Qərblə Əliyev hökuməti arasında münasibətlər xeyli dərəcədə gərginləşib. Belə bir atmosferdə Azərbaycan prezidenti Nyu-Yorka getmək istəmir. Amerikalı vasitəçi Uorlik bəyan edib ki, XİN rəhbərlərinin görüşünü təşkil etməyə çalışırlar. Hər kəsə aydındır ki, XİN rəhbərlərinin görüşünün heç bir əhəmiyyəti yoxdur, bunu yalnız vasitəçilər istəyir. Çünki bu ilin hesabatına yazmaq üçün görüləcək işlərin siyahısı lazımdır. Yəni bu cür adi görüşlər vasitəçilər üçün lazımdır”.

Politoloq deyir ki, əslində indiki zamanda prezidentlərin görüşünün uzun fasilələrlə baş tutması, danışıqlar prosesinin faktiki olaraq dalana dirənməsi Ermənistanın maraqlarına xidmət edir. E.Mehdiyevin fikrincə, Ermənistan danışıqlar prosesinin zəifləməsi, yalnız görüntü olaraq almasında maraqlıdır, çünki belə olduqda işğal faktı daha da uzanır: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər bir Azərbaycan vətəndaşını düşündürən əlbəttə ki, torpaqların azad edilməsidir. Əslində görüşün gec-gec olması Ermənistanın maraqlarına uyğundur, çünki münaqişə unudulur. Ermənilər istədiklərindən də iki dəfə artıq torpaq işğal edib. İndi onlar üçün mühüm olan münaqişənin danışıqlar adı altında uzanmasıdır. Zaman keçdikcə işğal olunmuş torpaqların erməniləşdirilməsi dərinləşir. Nəinki Dağlıq Qarabağ, hətta işğal olunmuş ətraf rayonlar belə erməni ərazisi kimi qəbul olunmağa başlayır. Artıq Ermənistanda və xarici ölkələrdə dərc olunan xəritələrdə işğal olunmuş torpaqlar, Dağlıq Qarabağ Azərbaycan əraziləri kimi deyil, Ermənistan ərazisi kimi göstərilir. Erməni uşaqları məktəbdə işğal olunmuş torpaqlarımızı Ermənistan ərazisi kimi göstərən xəritələrlə dərs keçirlər”.