Bia.Az

“BÜTÜN TƏLİMATLAR MOSKVADAN VERİLİR...” – Qarabağda ermənilərin silahlı təxribatlarının pərdəarxası

Gündəm
 29-12-2020, 11:23     354

“Bu necə sülhməramlı qüvvələrdir, bölgəyə necə sülh gətirəcəklər ki, terrorçuları tərksilah etmirlər”

“Azərbaycan Ordusunun mövqelərinə hücum edən erməni təxribatçı dəstələri əsir görürülmədən məhv edilməlidir”

“Bu təxribatlarda Ermənistandakı rusiyapərəst qüvvələrə bağlı hərbi birliklərdən istifadə olunur

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.

"Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur. Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib. Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcəkdir", - nazirliyin məlumatında deyilir.
10 noyabr razılaşmasından sonra bu artıq Azərbaycan Ordusuna qarşı həyata keçirilmiş ikinci genişmiqyaslı hücumdur. Hər iki cəhddə düşmən məhv edilsə də bu, Dağlıq Qarabağda proseslərin Azərbaycanın maraqlarına uyğun şəkildə getmədiyinin bariz göstəricisidir.
Çünki üçtərəfli razılaşmanın Azərbaycan üçün ən vacib maddəsi - bölgədəki bütün silahlı qrupların tərksilah edilərək ərazidən çıxarılması yerinə yetirilmir. Bu işi həyata keçirməli olan Rusiya sülhməramlıları isə ermənilərin köçürülməsi, onların sosial qayğılarının həll olunması, bölgədə mülki və hərbi infrastrukturun qurulması ilə məşğuldur.
Bu fəaliyyətlər yerinə yetirilən zaman Azərbaycan cəmiyyətini hiddətləndirən fotolar da nümayişkəranə şəkildə yayılır. Rusiya sülhməramlıları cinayətkar separatçılarla, onların bayrağı altında tədbirlər həyata keçirib, mərhəm münasibətlərdə olduqlarını göstərirlər.
Azərbaycanın hadisələrə reaksiyası hələlik məhdud şəkildədir - ancaq baş vermiş hadisəyə uyğun münasibət bildirilir.
Rusiya sülhməramlılasrınından separatçıların himayə etməsinə, silahlı qrupların Dağlıq Qarabağdan çıxarılmamasına dair rəsmi Bakının etirazları geniş ictimaiyyətə açıqlanmır...
Sərdar Cəlaloğlu: "Rusiya bölgəyə əlavə qüvvələr yerləşdirməyə zəmin hazırlayır"
ADP sədri Sərdar Cəlaloğlu "AzPolitika.info"-ya şərhində bildirib ki, Dağlıq Qarabağda baş verən bütün hadisələrin, o cümlədən, erməni silahlı dəstələrinin arxasında Rusiya dayanır.

"Xatırlayırsınızsa, bu günlərdə Laçın dəhlizi vasitəsi ilə bir neçə maşın silahlı Dağlıq Qarabağa gətirlmişdi. Azərbaycan Ordusu onlara mane olmaq istədi, amma sülhməramlılar imkan vermədi. Əlbəttə, burada Ermənistandakı rusiyapərəst qüvvələrə bağlı hərbi birliklərdən istifadə olunur"-deyə partiya sədri vurğulayıb.
S. Cəlaloğlu hesab edir ki, burada məqsəd bölgəyə əlavə qüvvələrin yerləşdirilməsi üçün zəmin hazırlansından ibarətdir: "Atəşkəsin pozulması, qan tökülməsi bu ssenarini həyata keçirmək üçün təşkil olunub".
ADP sədrinin sözlərinə görə, Dağlıq Qarabağda baş verənlərə Azərbaycanın reaksiyası çox zəifidir. O vurğulayıb ki, Azərbaycan üçün olduqca təhlükəli proseslərin getməsinə rəğmən Xarici İşlər Nazirliyi özünü laqeyid aparır: "Hazırda Dağlıq Qarabağla bağlı Rusiya ilə Ermənistan, Fransa və sair ölkələr arsasında intensiv danışıqlar aparılır. Amma Azərbaycan bu müzakirələrdə yoxdur. Sanki söhbət başqa bir ölkənin ərazisindən gedir. Belə olmaz, dövlət gərək, bütün hadisələrin mərkəzində dayansın".
Bakının zəif reaksiyasının səbəblərinə gəlincə ADP sədri bunu ölkədəki Rusiyapərəst qüvvələrin güclü olması ilə izah edir: "Ölkədə, o cümlədən hakimiyyət daxilindəRusiyaya bağlı olan qüvvələr həddindən artıq fəaldırlar. Biz, milli- demokratik qüvvələr zəifik göstəririk. Partiya sədrlərinin reaksiyasına baxın, ikibaşlı, qorxaq açıqlamalar verirlər".
S. Cəlaloğlu hesab edir ki, Dağlıq Qarabağda Azərbaycan üçün çox təhlükəli oyunlar gedir. Partiya sədrinin sözlərinə görə, Bakı proseslərin mərkəzində rol almalı, suvernliyimizə yönələn təhdidlərlər bağlı sistemli fəaliyyətə başlamalıdır.
Elxan Şahinoğlu: "Bakı Türkiyə sülhməramlılarının bölgədə varlığını mütləq mənada təmin etməlidir"
Politoloq Elxan Şahoinoğlu "AzPolitika.info"-ya bildirib ki, Dağlıq Qarabağda meşələrdə gizlənən silahlı qrupların, Azərbaycan Ordusuna qarşı hücumlar həyata keçirməsi təsadüfi ola bilməz: "Bu hadisələr hansı terrorçu qrupların özfəaliyyəti də deyil, idarə olunan prosesdir. Təsadüfi deyil ki, bir neçə gün əvvəl separatçıların "təhlükəszilik şurasının katibi" Balasanyan demişdi ki, Xocavənddə və başqa istiqamətlərdə hərbi əməliyyatlar həyata keçirəcəyik.
Bu da elə həmin siyasətin tərkib hissəidir. Mümkündür ki, bu təxribatlardan Paşinyanın xəbəri olmasın. Çünki ona sakitlik lazımdır, Azərbaycanla yeni müharibə ona lazım deyil. Ermənistanın buna potensialı da yoxdur, 44 günlük müharibədə çoxsaylı canlı qüvvə və hərbi texnika itirib. Amma Ermənistanda Paşinyana müxalif olan qüvvələrdən belə hərbi toqquşmalarda maraqlı olan qüvvələr ola bilər".

Politoloq qeyd edib ki, baş verənlər 90-cı illərin proseslərini xatırladır: "O zaman Ermənistanın prezidenti Levon Ter-Petrosyan Tehranda Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədovla atəşkəs sazişi imzaladıqdan bir gün sonra Şuşa şəhəri işğal olunmuşdu. Çünki Dağlıq Qarabağdakı hərbi qruplar onun əleyhinə getdilər. İndi də ola bilsin, Paşinyanın əleyhinə belə qruplaşmalar var".
E. Şahinoğlu hesab edir ki, Rusiya separatçıları siyasi və hərbi cəhətdən himayə edir: "Bu işin arxasındsa Rusiyadakı müəyyən siyasi və hərbi mərkəzlər dayana bilər. Olmasa belə biz Rusiya hakimiyyətindən soruşa bilərik ki, bu necə sülhməramlı qüvvələrdir, bölgəyə necə sülh gətirəcəklər ki, meşədə gizlənən terrorçuları tərksilah etmirlər. Nəinki tərksilah, onlarla birlikdə fotolar çəkdirir, bayraqları altında çıxışlar edirlər. Bunlar o anlama gəlir ki, Rusiya bu məsələni həll etməyəcək, Azərbaycan özü problemə son qoymalıdır.
Bunun üçün Türkiyə sülhməramlılarının bölgədə varlığını mütləq mənada təmin etməlidir. Bu baş verməsə, belə təxribatlar davam edəcək. Müharibə ehtimalı olmasa da, Azərbaycan Ordusu antiterror əməliyyatlarını davam etdirməli olacaq".
Politoloq Azərbaycan Müdafiə Nazirliyinin bu günki bəyanatını da dəyərləndirib: "Bəyanatda yer alan bir cümlə ilə razı deyiləm. Qeyd olunur ki, belə hallar olsa, cavab veriləcək. Əslində bu cür təxribatları önləmək üçün antiterror əməliyyatlarınl genişləndirmək lazımdır. Sonuncu erməni terrorçusu tərksilah edilənə qədər proses davam etməlidir. Hazırda Dağlıq Qarabağda 5-10 min arası erməni hərbçisi var, Rusiya onları tərksilah etmək istəmir. Ona görə də Azərbaycan Türkiyənin dəstəyi ilə bu işi həyata keçirməlidir".
Ərəstun Oruclu: " Rusiya Ermənistanı yeni müharibəyə hazırlayır"
Politoloq Ərəstun Oruclu da hesab edir ki, Qarabağda son günlər baş verənlər "sülhməramlıların" hansısa özbaşınalığı və ya başqa bir şey yox, Azərbaycanın suverenliyinə qarşı aparılan sistemli və planlı fəaliyyətin təzahürləridir.

"Buna başqa sözlə "sürünən müharibə" də demək olar. Amma çox təəssüf ki, Azərbaycanda bu haqda rəsmi dairələrin mövqeyini əks etdirən açıqlama verilmir. Halbuki rus ordusu tərəfindən açıq himayə onunan erməni təxribatçıları Azərbaycana qarşı həm ideoloji, həm də silahlı mübarizəni günü-gündən gücləndirirlər. Artıq şəhid və yaralananlarımız da var"-deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, Qarabağdakı "sülhməramlılar"ın komandanlığı heç bir halda öz istəyilə bir addım da ata bilməz: "Bütün təlimatlar Moskvadan verilir və Rusiyanın geosiyasi planlarına xidmət edir.
Mövcud vəziyyətdə Azərbaycan hakimiyyətinin hələlik addım atmaması məsləyə siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının münasibət bildirməsini diqtə edir. Təəssüf ki, burda da vəziyyət ürəkaçan deyil".
Ə. Oruclu vurğulayır ki, digər bir məsələ bu gün ölkəmiz üçün həyatı əhəmiyyət kəsb edən Türkiyə ilə hərbi müttəfiqlik haqqında müqavilənin imzalanmasının gecikdirilməsidir: "Burda da vəziyyət yaxşı deyil, iki ölkə arasında hərbi tərəfdaşlığının açıq şəkildə sabotaj olunduğu görünür. Rusiya isə Ermənistanı yeni müharibəyə hazırlayır. Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, Azərbaycan Sünik (Zəngəzur) bölgəsinə qarşı təcavüzə əl atsa təkcə Ermənistanın deyil, Rusiyanın da hərbi təpkisi ilə üzləşəcək.
Beləliklə, Ermənistan artıq təkcə yeni hərbi qarşıdurmanın ünvanı göstərməklə kifayətlənməyərək Rusiyanın da həmin qarşıdurmada iştirak edəcəyinin anonsunu verir. Bunu da o, heç vaxt Kremlin xeyir-duası olmadan edə bilməz".
Ə. Orculunun sözlərinə görə, belə şəraitdə Azərbaycanın manevr imkanları məhdudlaşır və indi ata biləcəyimiz 3 mühüm addım var:
"1. Azərbaycan Ordusunun mövqelərinə hücum edən erməni təxribatçı dəstələrinin əsir görürülmədən məhv edilməsi;
2. Rusiya qoşunlarının Azərbaycan ərazisindən çıxarılması tələblərinin gücləndirilməsi;
3. Azərbaycanla Türkiyə arasında geniş hərbi tərəfdaşlığın sürətləndirilməsinin tələb olunması.
Birincini Azərbaycan ordusu, ikinci və üçüncünü isə Azərbaycan xalqı etməlidir. Hər üç addım da sinxron şəkildə atılmalıdır. Bu məsələdə bizə müharibə dövründə olduğu kimi xalq-ordu birliyi lazımdır. Çünki müharibə hələ də davam edir".
E. Rüstəmliскачать dle 12.1