Bia.Az

Qələbə paradı Türkiyə-Azərbaycan birliyinin növbəti təqdimatı olacaq - Rektor

Gündəm
 9-12-2020, 13:36     446

“44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə Zəfər Gününü yazdı. Bayramlarımız sırasına daha bir möhtəşəm tarixi gün əlavə olundu. Bu tarix 30 il həsrətlə gözlədiyimiz sevinci xalqımıza yaşatdı. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğala son qoydu, düşmənin illərdir qurduğu istehkamları yarıb kecdi, hərbi texnikasını məhv etdi, qənimət kimi götürdü, Ermənistanı kapitulyasiyaya məcbur etdi. 10 noyabr Azərbaycanın qələbə, Ermənistanın kapitulyasiya tarixidir. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev qələbə Bəyannaməsini fəxrlə, Errmənistanın baş naziri Nikol Paşinyan isə gizli şəkildə imzaladı. Azərbaycan xalqı qüdrətli Sərkərdə və müdrik lider İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşib bayram tədbirlərini keçirir, ermənilər Paşinyanın istefasını tələb edir. Məhz bu fərqli yaşananlar qalib Azərbaycanın üstünlüklərinin, məğlub Ermənistanın məhvinin aydın mənzərəsini təqdim edir.” 

Bu fikirləri BİA.az-a Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib.

Professor İbrahim Cəfərov qeyd edib ki, hər bir tarixi gün onun mahiyyətinin açıqlanmasında, bu günümüz və gələcəyimiz üçün önəminin düzgün dəyərləndirilməsində ən zəngin mənbədir: “Bu baxımdan illər keçdikcə Zəfər Gününün, eyni zamanda, onun sevincini paylaşmaq üçün keçirilən tədbirlərin əhəmiyyəti daha aydın görünəcək. 29 illik müstəqillik tarixinə malik olan Azərbaycan 27 ildə, yəni müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, ordu quruculuğu istiqamətində əldə etdiyi uğurların fonunda ilk dəfə Qələbə paradı keçirəcək. 44 günlük qalibiyyətli Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq torpaqlarımızı işğaldan edən Ordumuz bu şanlı zəfərini 10 dekabrda Azadlıq meydanından dünyaya nümayiş etdirəcək.”

Rektor qeyd edib ki, işğaldan azad olunan torpaqlarımızda dalğalanan üçrəngli zəfər bayrağımız parada gətiriləcək: “30 ildə xalqımız heç zaman sabaha, torpaqlarımızın işğaldan azad olunacağı günə inamını itirmədi. Hər zaman bu əminlik ifadə olunurdu ki, dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, Ordumuzun gücü, möhkəm hüquqi bazaya əsaslanan diplomatik qələbəmiz nəticəsində Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq, Azərbaycanın həyatında yeni dövr başlayacaq. Bu gün xalqımız o inamın reallıqda öz əksini tapmasından qürurlanır.”

“Qələbə sevincimizin aydın ifadəsi olan Qələbə paradına son hazırlıq işləri görülür” söyləyən İbrahim Cəfərov qeyd edib ki, paytaxt Bakımızın küçə və meydanlarını, parklarını, yaşayış binalarını üçrəngli bayrağımız bəzəyir. Azadlıq meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Parada, həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunacaq. Bu parad digər hərbi paradlardan tamamilə fərqlənəcək. Adından da göründüyü kimi, bu parad özündə Qələbə əhval-ruhiyyəmizi, sevincimizi ehtiva edəcək. Peşəkar, döyüş ruhlu ordusu olan xalqın müstəqilliyi əbədidir. Ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir.

Professor İbrahim Cəfərov onu da əlavə edib ki, hər zaman Azərbaycanın yanında olan, 44 günlük müharibədə Azərbaycandan siyasi, mənəvi dəstəyini əsirgəməyən, dostluğun, qardaşlığın, birliyin, həmrəyliyin nümunəsini bir daha nümayiş etdirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Bakıya gələrək ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevlə birgə paradda iştirak edəcək. Qələbə paradı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin növbəti təqdimatı olacaq.

BİA.az
скачать dle 12.1