Bia.Az

Bütün Azərbaycan xalqı sizinlədir, sizinlə qürur duyur - Sədr müavini

Cəmiyyət
 27-11-2020, 13:35     531

Azərbaycan tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Artıq 30 illik işğal dövrü başa çatdı. Qəhrəman əsgərlərimiz qarış-qarış yağı tapdağında qalan yurd yerlərimizi azad etdilər. Bütün xalq bir yumruq kimi öz Ali Baş Komandanının, şanlı əsgərinin ətrafında birləşib. Biz addım-addım böyük qələbəyə doğru irəlilədik və möhtəşəm Qələbə qazandıq.

Bu sözləri BİA.az-a müsahibəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Aslanov söyləyib. 

Qəhrəman ordumuzla qürur duyduğunu vurğulayan ölkə ziyalısı deyib: 
“Əslində dövlət başçısı xalqı bu qələbəyə neçə il idi ki, hazırlaşdırırdı. 2016-cı ilin aprelində Azərbaycan ordusu ermənilərin məğlubedilməzlik mifini darmadağın etdi. Bu ilin iyul təxribatında bir daha düşmənə açıq dərs verildi,burnu ovuldu. Təbii ki, İlham Əliyev təcrübəli diplomat kimi müharibəni siyasət müstəvisində də davam etdirirdi. Küçədən hakimiyyətə gələn, hərəkətləri və siyasi dünyagörüşü, təfəkkürü də küçə uşağı səviyyəsində olan Paşinyan dəfələrlə cənab Prezidentin dəmir iradəsinin və polad məntiqinin qarşısında gülünc vəziyyətə düşüb. Bütün dünyaya bir fakt aydın idi-Azərbaycan XX əsrin sonlarında məğlub edilən ölkə deyil. Onu tarixi zərurətdən- işğal altında qalan torpaqlarını azad etməkdən heç nə və heç kim çəkindirə bilməyəcək.“

Sədr müavini qeyd edib ki, bu gün İlham Əliyev haqqında istənilən qədər tərif yazmaq olar. O qalib bir ordunun Ali Baş Komandanıdır. Lakin o bu qələbəyə gedən yolu 17 ildir ki, addım-addım qət edir. Səbirlə, yorulmadan, təzyiqlərdən çəkinmədən. Bəlkə də hər şeyi neçə dəfə yenidən başlamağa məcbur qalıb- amma bu yoldan dönməyib! Zamanında tənqid olunan bir çox hadisələr var ki, əsl mahiyyəti məhz indi aydın olur. Aydın olur ki, İlham Əliyev 27 sentyabrda başlayan Vətən müharibəsinin konturlarını hələ illər əvvəl hazırlayırmış.

2003-cü ilin payızında həyatının son günlərini yaşayan Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək İlham Əliyevi özünün siyasi varisi elan etdi və “ona özüm qədər inanıram. Mənim başa çatdıra bilmədiyim bütün işləri İlham Əliyev başa çatdıracaq” dedi. Bu onun siyasi karyerasının son böyük zəfəri və xalqı qarşısında böyük missiyasının son akkordu idi. H.Əliyev elə bir siyasi məktəb yaratmışdı, elə bir siyasi kurs müəyyənləşdirmişdi ki, onu ancaq İ.Əliyev başa çatdıra bilərdi. Zaman bir daha H.Əliyev dühasının bənzərsizliyini sübut etdi.

Heydər Əliyev hakimiyyətə ikinci gəlişindən sonra Qarabağ problemini dünya miqyasına çıxardı. Doxsanları yaşayanlar onun Azərbaycan xəritəsinin qarşısında bir müəllim kimi dayanıb dünyaya Qarabağın harada yerləşdiyini göstərməsini yaxşı xatırlayırlar. Bu günün təməlləri məhz o anlarda atılırdı. Biz savaşı uduzmuşduq, ancaq müharibə davam edirdi!

Rafiq Aslanov deyib: 
“Bu gün hamıya aydın olur ki, İlham Əliyev təkcə güclü ordu, güclü iqtisadiyyat, dövlət strukturu formalaşdırmayıb. O həm də güclü bir xalq formalaşdırmağı bacarıb. Zatən güclü liderlərin də meydana çıxması üçün elə güclü xalq olmalıdır.

Azərbaycan xalqı bir nəfər kimi öz Ali Baş Komandanının ətrafında birləşərək Vətən müharibəsinin qalibiyyətli sonunu gözləyirdi. Prezidentin hər çıxışı xalq içərisində böyük coşqu yaradırdı. Bəli, İlham Əliyev hərbi və siyasi müstəvidə düşməni diz üstə gətirməyi bacardı. O adını Azərbaycan tarixinə qızıl hərflərlə yazan bir sərkərdədir. İlham Əliyev həm də atasının yarımçıq qalan arzusunu həyata keçirdi. Bu Heydər Əliyevin başlatdığı Vətən savaşının məntiqi sonluğudur.

 Bütün Azərbaycan xalqı sizinlədir, sizinlə qürur duyur cənab Ali Baş Komandan! Azğın düşmənləri torpaqlarımızdan iti qovan kimi qovduq. İndi Şuşada, Kəlbəcərdə ücrəngli zəfər bayragımız dalgalanır. Hər şey üçün çox sağ olun. Bu xalqın etimadı, sevgisi, alqışı, duası halalın olsun!“

BİA.az
скачать dle 12.1