Bia.Az

ERMƏNİSTANIN ŞUŞA AĞRISI... - İşğalçı 7 rayonu qaytarmaqla canını qurtara bilərdimi?

Gündəm
 17-11-2020, 20:10     396

Layiq olduğu acı məğlubiyyətin “meyvələrini damaqla” məşğul olan erməni cəmiyyəti və siyasi elitası hazırda yaşadığı bu müsibətin günahkarlarını axtarmaqda davam edir. Baş nazir Nikol Paşinyan baş verənlərdə özündən əvvəlki hakimiyyəti, ona müxalif olanlar isə Paşinyanın özünü və komandasını günahlandırır.
Artıq bir neçə gündür ki, bir çox müxalif erməni siyasətçiləri Paşinyanı sadəcə müharibəni uduzmaqda yox, nədən ilk gündən etibarən məğlubiyyətin qaçılmaz olduğunu bilə-bilə vaxtında, yəni daha uyğun şərtlər daxilində təslim olmamaqda və danışıqlara başlamamaqda günahlandırırlar.

“Müxalif Respublika” Partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib ki, hələ müharibənin ilk həftələrində, daha konkret desək, oktyabrın 15-də Ermənistan işğal altındakı 7 rayonu qaytarmaqla, canını qurtara bilərmiş.


Lakin Paşinyan buna razılıq verməyib: “Əgər o, ali baş komandan kimi görürdüsə ki, başqa çıxış yolu yoxdur, niyə daha əvvəl razılaşmadı? Niyə biz bu qədər itki verdik, niyə Şuşanı, Hadrutu, Madagizi, Talışı təhvil verdi?”
Erməni siyasətçi qeyd edib ki, onun partiyası oktyabrın 12-də, hələ Şuşa məsələsi qaldırılmamış, yalnız 7 rayonun təhvil verilməsi gündəmdəykən Paşinyandan Vladimir Putinə müraciət etməsini tələb edib. Lakin onun dediyinə görə, Paşinyan bundan imtina edib.
Qeyd edək ki, E.Şarmazanovun bu açıqlaması təsadüfi deyil. Bu, Paşinyanın Azərbaycanla danışıqlar prosesində hələ müharibə başlamazdan çox öncə rəsmi Bakının 7 rayonla bərabər Şuşanın da işğaldan azad edilməsi tələbini qoyduğuna dair söylədiklərinə cavabdır.
Paşinyan qeyd edib ki, Azərbaycan 7 rayondan əlavə Şuşanı da tələb edib.
Ancaq onun bu açıqlamasını dərhal Ermənistan XİN-i təkzib edib və Şuşa mövzusunun heç zaman danışıqlar predmeti olmadığını bəyan edib.
Ardınca, XİN rəhbəri Zöhrab Mnatsakanyan istefaya göndərilib. Daha doğrusu, Mnatsanakyan könüllü istefa ərizəsi yazdığını, Paşinyan isə özü qərar verərək, naziri istefaya göndərdiyini deyib. Hər necə olsa, nəticə eynidir və Ermənistan siyasi elitasındakı didişmə davam etməkdədir.

Məsələ ondadır ki, indi Ermənistanda çoxları Paşinyanın Bakının Şuşa ilə bağlı tələbinə dair dediklərinə inanmaq istəmir. Hesab edirlər ki, baş nazir bununla da Şuşa uğrunda gedən, eləcə də daha əvvəl ermənilərin məğlubiyyətilə nəticələnən digər döyüşlərdə ölən əsgərlərə görə məsuliyyəti boynundan atmağa çalışır.
Yeri gəlmişkən qeyd edək ki, Paşinyan özü parlamentdəki son çıxışında təkcə atəşkəsdən sonrakı 2 gündə Şuşada həlak olan 300 erməninin Ermənistana təhvil verildiyini etiraf edib. Baş nazir deyib ki, bunu etiraf etməyə məcburdur.
Çünki müxalifət onu həm də Şuşanı müdafiə etməməkdə günahlandırır: “Bəzi insanlar deyirlər ki, guya generallar və siyasi rəhbərlik Şuşa uğrunda döyüşməmək əmri verib. O zaman bu insanlar kimin əmrilə savaşıb və həlak olublar?”
Maraqlıdır ki, Paşinyan siyasi hakimiyyətini qorumaq üçün hər şeyə hazır kimi görünür və onun parlamentdə yalnız öz fraksiyasından olan deputatların qarşısındakı çıxışı da bunu təsdiqləyir.

Belə ki, o, qətiyyətlə istefa verməyə hazırlaşmadığını bəyan edib. Müharibədəki məğlubiyyətə görə isədaha çox Robert Köçəryan və Serj Sarqsyanın cavabdeh olduğunu söyləyib. Belə ki, onun fikrincə, məhz onlar Ermənistanın bugünkü məğlub və aciz durumunun memarlarıdır.
Bir sözlə, görünən odur ki, Paşinyan istefa verməyə hazırlaşmır və erməniləri ən çox yandıran hadisəyə - Şuşanın işğaldan azad edilməsinə görə məsuliyyəti boynundan atmaq üçün iddia edir ki, Azərbaycan tərəfi danışıqlarda təkcə 7 rayonun deyil, Şuşanın da boşaldılmasını tələb edib.
Və o, müharibənin ilk günlərində Azərbaycanın 7 rayonla bağlı tələblərilə razılaşsaydı da, rəsmi Bakı Şuşadan vaz keçməyəcəkdi.
Əlbəttə, Şuşa da, Xankəndi də, Dağlıq Qarabağdakı digər şəhərlər də Azərbaycanın olduğundan rəsmi Bakının onların da işğaldan azad olunmasını tələb etməsində təəcüblü nəsə yoxdur.


Bununla belə Paşinyanın necə avantürist və yalançı biri olduğuna hər kəs, o cümlədən ermənilərin özləri də əmin oldular. Onlar iddia edirlər ki, istər “Madrid Prinsipləri”, istər “Lavrov Planı”, istərsə də digər nizamnamaya aid rəsmi sənədlərdə Şuşanın adına rast gəlinmirdi.
Ancaq belə görünür ki, Azərbaycan rəhbərliyi təkbətək görüşlərdə, yaxud danışıqlar prosesinin bir çox mərhələlərində Şuşa məsələsini qaldırıb. Və yəqin ki, istər Paşinyan, istərsə də ondan əvvəlkilər nə vaxtsa Şuşanı onun əsl sahiblərinə qaytarmalı olacaqlarını anlayıblar.
İstənilən hallda, Şuşa ölkə Prezidentindən tutmuş hər bir sıravi azərbaycanlıya qədər hər birimiz üçün Qarabağ uğrunda aparılan savaşın ən ümdə hədəfi olaraq qalırdı.
Onun adı hansısa beynəlxalq güclərin tərtib etdikləri nizamlama sənədlərində olmasa da, hər bir Vətən övladının ürəyində olub. Ona görə də, ermənilərin guya müharibə başlayandan az sonra 7 rayonu qaytarmaqla canlarını qurtara biləcəklərinə dair iddiaları da boş fərziyyədən başqa bir şey deyil.
Və görünür, Paşinyan müharibə başlayan ilk gündən Azərbaycanın Şuşanı geri almamış dayanmayacağını anlamışdı. Ona görə də vaxtından əvvəl kapitulyasiya etməməyə qərar verərək, bəlkə də hansı yollasa, havadarlarının köməyi və s. ilə bu gedişatı durdurmağa ümid edirmiş. Lakin nəticə göz qabağındadır...
Hələ bir neçə il əvvəl ermənilərin sevimlisi Vladimir Solovyov Qarabağla bağlı demişdi ki, “Qarabağ harada olmalıdırsa, oradadır” – yəni ermənilərdədir. İndi isə ona deyən lazımdır ki, Şuşa harada olmalıdırsa, oradadır” – yəni bizdədir!
Və gün gələcək ki, bu gün Qarabağın hələlik rus sülhməramlılarının nəzarətində qalan kiçik bir hissəsi də Şuşa kimi, yəni, harada olmalıdırsa, elə orada da olacaq!скачать dle 12.1