Bia.Az

Bu xalqın etimadı, sevgisi, alqışı, duası halalınız olsun! - Professor

Siyasət
 12-11-2020, 15:28     415

Bütün Azərbaycan, dünya azərbaycanlıları milli qürur və qələbə tarixini yaşayır. Müzəffər Ali Baş Komandanımız, rəşadətli ordumuz, qürurlu, ləyaqətli xalqımız Ermənistanı rəzil duruma saldı, kapitulyasiyaya məcbur etdi. Birlik rəmzi olan “dəmir yumruq” düşmənlərimizə tarixi dərs verdi və torpaqlarımız işğaldan azad edildi. Artıq dekabrın 1-dək Qarabağımız tam azad olunacaq, referendum olmayacaq, Naxçıvana qədim torpaqlarımızdan keçərək gedəcəyik. Gözünüz aydın olsun!.

Bəli, artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Uzun illər davam edən işğala son qoyuldu, işğalda olan bütün torpaqlarımız erməni silahlı qüvvələrindən azad edildi. Ermənilərin arzusu olan Dağlıq Qarabağın “statusu” məsələsinə də son qoyuldu və yurd həsrətilə yanan, qovrulan bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaq.

Artıq nə təmas xətti var, nə də təhdid. Azərbaycan düşmənlərini iti qovan kimi qovdu, başlarını əzdi, onlara layiq olduğu yeri göstərdi. Eyni zamanda, əldə olunmuş razılaşmaya əsasən münaqişə tərəflərinin razılaşdırmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədi ilə atəşkəsə nəzarət üçün Sülhməramlı Mərkəz yaradılır. Bu Mərkəzdə Türkiyə və Rusiya hərbçiləri fəaliyyət göstərəcək. Bundan sonra bütün azad olunmuş torpaqlarımızda Azərbaycan Respublikasının qanunları tətbiq olunacaq, bütün azad olunmuş torpaqlarımızda yalnız Azərbaycan manatı dövriyyəyə buraxılacaq, bütün azad olunmuş torpaqlarımızda Azərbaycan Polisi xidmət göstərəcək. Tarixi, siyasi və iqtisadi əhəmiyyətə malik olan Naxçıvanla Azərbaycanın arasında bütün kommunikasiya xəttləri bərpa ediləcək.

Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" ifadəsi Qələbəmizin rəmzinə, xalqımızın qələbə ruhuna çevrildi. Ali Baş Komandan İlham Əliyev Qələbə müjdəsini xalqa çatdırarkən, sevinc və həyəcanını bölüşərkən bu məqama xüsusi toxundu: “ Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi .Yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”.

Bu gün biz Azərbaycan tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Artıq 30 illik işğal dövrü başa çatdı. Qəhrəman əsgərlərimiz qarış-qarış yağı tapdağında qalan yurd yerlərimizi azad etdılər.

Əslində dövlət başçısı xalqı bu qələbəyə neçə il idi ki, hazırlaşdırırdı. 2016-cı ilin aprelində Azərbaycan ordusu ermənilərin məğlubedilməzlik mifini darmadağın etdi. Bu ilin iyul təxribatında bir daha düşmənə açıq dərs verildi,burnu ovuldu. Təbii ki, İlham Əliyev təcrübəli diplomat kimi müharibəni siyasət müstəvisində də davam etdirirdi. Küçədən hakimiyyətə gələn, hərəkətləri və siyasi dünyagörüşü,təfəkkürü də küçə uşağı səviyyəsində olan Paşinyan dəfələrlə cənab Prezidentin dəmir iradəsinin və polad məntiqinin qarşısında gülünc vəziyyətə düşüb. Bütün dünyaya bir fakt aydın idi-Azərbaycan XX əsrin sonlarında məğlub edilən ölkə deyil. Onu tarixi zərurətdən- işğal altında qalan torpaqlarını azad etməkdən heç nə və heç kim çəkindirə bilməyəcək.

Bu gün İlham Əliyev haqqında istənilən qədər tərif yazmaq olar. O qalib bir ordunun Ali Baş Komandanıdır. Lakin o bu qələbəyə gedən yolu 17 ildir ki, addım-addım qət edir. Səbirlə, yorulmadan, təzyiqlərdən çəkinmədən. Bəlkə də hər şeyi neçə dəfə yenidən başlamağa məcbur qalıb- amma bu yoldan dönməyib! Zamanında tənqid olunan bir çox hadisələr var ki, əsl mahiyyəti məhz indi aydın olur. Aydın olur ki, İlham Əliyev 27 sentyabrda başlayan Vətən müharibəsinin konturlarını hələ illər əvvəl hazırlayırmış.

2003-cü ilin payızında həyatının son günlərini yaşayan Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək İlham Əliyevi özünün siyasi varisi elan etdi və “ona özüm qədər inanıram. Mənim başa çatdıra bilmədiyim bütün işləri İlham Əliyev başa çatdıracaq” dedi. Bu onun siyasi karyerasının son böyük zəfəri və xalqı qarşısında böyük missiyasının son akkordu idi. H.Əliyev elə bir siyasi məktəb yaratmışdı, elə bir siyasi kurs müəyyənləşdirmişdi ki, onu ancaq İ.Əliyev başa çatdıra bilərdi. Zaman bir daha H.Əliyev dühasının bənzərsizliyini sübut etdi.

Heydər Əliyev hakimiyyətə ikinci gəlişindən sonra Qarabağ problemini dünya miqyasına çıxardı.Doxsanları yaşayanlar onun Azərbaycan xəritəsinin qarşısında bir müəllim kimi dayanıb dünyaya Qarabağın harada yerləşdiyini göstərməsini yaxşı xatırlayırlar. Bu günün təməlləri məhz o anlarda atılırdı. Biz savaşı uduzmuşduq, müharibə davam edirdi!

Bu günlərdə hamıya aydın olur ki, İlham Əliyev təkcə güclü ordu, güclü iqtisadiyyat, dövlət strukturu formalaşdırmayıb. O həm də güclü bir xalq formalaşdırmağı bacarıb. Zatən güclü liderlərin də meydana çıxması üçün elə güclü xalq olmalıdır.

Azərbaycan xalqı bir nəfər kimi öz Ali Baş Komandanının ətrafında birləşib. Bütün siyasi ambisiyalar, umu-küsülər unudulub. Hamı Vətən müharibəsinin qalibiyyətli sonunu gözləyirdi. Prezidentin hər çıxışı xalq içərisində böyük coşqu yaradırdı. İlham Əliyev hərbi və siyasi müstəvidə düşməni diz üstə gətirməyi bacardı. O adını Azərbaycan tarixinə qızıl hərflərlə yazan bir sərkərdədir. İlham Əliyev həm də atasının yarımçıq qalan arzusunu həyata keçirdi. Bu Heydər Əliyevin başlatdığı Vətən savaşının məntiqi sonluğudur.

Şanlı qələbəmiz əbədidir, dönməzdir, cənab Ali Baş Komandan. Bütün Azərbaycan xalqı sizinlədir, sizinlə qürur duyur! Bu gün azğın düşmənləri torpaqlarımızdan iti qovan kimi qovduq. Allaha sonsuz şükürlər olsun ki, bu günləri görürük. Hər şey üçün çox sağ olun. Bu xalqın etimadı, sevgisi, alqışı, duası halalınız olsun!

İbrahim CƏFƏROV,
ADAU-nun rektoruAMEA-nın müxbir üzvü
professor.
скачать dle 12.1