Bia.Az

Nazirin görəsi işləri çoxdur... - İTTİHAM

Sosial
 23-10-2020, 15:56     349

Koronavirus pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlərin ən çox təsir göstərdiyi sahələrdən biri də təhsildir. Onlayn təhsil əyani təhsili əvəz edə bilməz – bu, birmənalıdır. Xüsusilə də ibtidai sinif şagirdlərinin təlim-tərbiyəsində müəllimlə təmasın əhəmiyyəti böyükdür. Bundan başqa, təhsil sisteminin bürokratiyasında da şagird və valideynləri xeyli sürprizlər qarşıladı. Etiraf edək ki, bəzi valideynlər övladlarını adi onlayn qeydiyyat proisedurlarından keçirməkdə belə çətinlik çəkir, bu işdə onlara kömək edəcək vasitəçilər axtarırdılar. Bu məsələdə jurnalistlərin köməyinə bel bağlayanlar da az deyil.

Anlaşılandır – Əvvəla, ona görə ki, KİV işçiləri peşə fəaliyyətlərində müasir kompyuter texnologiyaları ilə işlədiklərinə görə müəyyən səriştəyə malikdirlər; ikincisi, jurnalistlərin təhsil məmurlarına ictimai qınaq yolu ilə təsir etmək imkanları olduğundan, valideynlər elə düşünürlər ki, media mənsublarının yardımından istifadə etsələr, korrupsiya hüquqpozmaları ilə qarşılaşmazlar. Valideyn – Pənah Hüseynov da III sinif şagirdi olan övladı İlqarı “Modern” Təhsil Kompleksindən Bakı şəhəri 45 saylı tam orta məktəbə köçürmək istərkən, yuxarıda sadaladığımız amillərə ümid edərək, “NYUS.AZ” xəbər portalı redaksiyasına köməklik üçün müraciət etmişdi. Ancaq “sən saydığını say, gör fələk nə sayır” deyib atalar.

Eləmədik tənbəllik, şagird İlqar Pənah oğlu Hüseynovun elektron formada müraciəti üçün qaydaları Bakı Şəhər Təhsil İdarəsinin ictimayyətlə əlaqələr şöbəsinin rəisi Bəşarət Məmmədovun şəxsən özündən öyrəndik. İlqar Hüseynovun müraciəti qeydə alınandan sonra 45 saylı tam orta məktəbin rəhbərliyindən arayış alınıb “Modern” TK-nə təqdim olunması mərhələsi çatdı. Məktəb direktoru Nəcibə Axundova tutarlı olmayan müxtəlif bəhanələrlə arayışı verməkdən imtina etməyə çalışdı. Bu məqamda təlim-tərbiyə işləri üzrə direktor müavini Nazilə Əliyeva ortaya çıxıb “ənənəvi işıq gələn” yolu şagirdin valideyninə göstərdi – 500 (beş yüz) manat rüşvət! Valideyn Pənah Hüseynov necə deyərlər, “nə şişi, nə də kababı yandırmamaq” üçün direktor müavininə vur-tut gücü çatan məbləği – olan –olmaz 200 (iki yüz) manatı təklif etdi. Nazilə Əliyeva həmin məbləği o şərtlə qəbul edir və arayış verir ki, şagirdin oxuduğu əvvəlki təhsil müəssisəsindən sənədlərini gətirəndə bir o qədər də (200 manat) pul əlavə etsin. “Allah kərimdir” deyib şərtə razılaşan valideyn arayışı alıb tələb olunan 200 manatı verir. Lakin sənədləri gətirəndə pulun qalan hissəsini düzəldə bilmir. Nazilə müəllimə əvvəl aldığı 200 manatı tam həcmdə direktora verdiyini, özünə heç nə qalmadığını deyərək, təkidlə valideyndən 100 (bir yüz) manat öz payını qopara bilir.

Lakin işlərinin düzəldiyinə görə şükranlıq edən Hüseynovların rahatlığı çox çəkmir. Rəsmi dərs ilinin təqviminin başlamasından 20 gün keçməmiş 5 Oktyabr- Müəllim Günü növbəti tələblə rastlaşırlar. Nazilə Əliyeva valideynə xatırladır ki, köhnə “haqq-hesab”dan hələ də kəsirləri qalıb, ona görə də müəllimlərin peşə bayramı həmin kəsiri bağlamaları, yaxud, hədiyyə ilə kompensasiya etmələri üçün əlverişli məqamdır”.

Valideyn Pənah Hüseynov artıq bu özbaşınalığa dözməyərək, yenidən redaksiyamıza müraciət etdi və başına gələnləri bizə danışdı. Öz növbəmizdə məktəbin direktoruna zəng edib münasibətini soruşduq. Təxmin etdiyimiz kimi, Nəcibə Axundova ona pul verildiyini boynuna almadı. Bundan sonra direktor müavini ilə telefon əlaqəsi yaratdıq. Rəhbərindən fərqli olaraq, Nazilə Əliyeva pulu direktora verdiyini bildirdi.

Göründüyü kimi, paytaxt məktəblərində korrupsiya o qədər oturuşmuş ənənələrə malikdir ki, hətta BŞTİ rəhbərliyinin, jurnalistlərin, başqa ictimaiyyət nümayəndələrinin xahiş-minnətləri ilə düzələn işlərdə belə müəssisə rəhbərləri rüşvət tələblərindən geri durmurlar. Ümid edirik ki, üz tutacağımız Təhsil Nazirliyi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu məsələnin çözümünü tapa biləcəklər. Sonda onu da qeyd edək ki, əlimizdə yazdıqlarımızın sübutu kimi xidmət edəcək kifayət qədər dəlillər vardır. Həmin faktları lazım gəldikdə tərəfimizdən hüquq-mühafizə, cinayət təqibi və məhkəmə orqanlarına təqdim etməyə hazırıq. \\nyus.az\\скачать dle 12.1