Arxiv

Oxunub:439 / 13 iy 08:50gundem

34 saylı orta məktəbdə müvafiq qanunlar yox, Bəyaz Novruzovun «qayda»ları hökm sürür



34 saylı orta məktəbdə müvafiq qanunlar yox, Bəyaz Novruzovun «qayda»ları hökm sürür











Burada təhsil alan şagirdlər və onların valideynləri müxtəlif bəhanələrlə «ödəmələr» etmək məcburiyyətində qalır Hazırda həm paytaxt Bakıda, həm də ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən orta məktəblərin bir qismində arzuolunmaz, təlim-tədris prosesinə zidd hallar cərəyan edir. Bu tip təhsil müəssisələrinə misal olaraq Sumqayıt şəhərində yerləşən 34 saylı orta məktəbi qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada deyilir ki, Məzahir Əkbərovun adıçəkilən təhsil ocağının direktoru vəzifəsindən getməsindən, onun yerinə isə Bəyaz Novruzovanın gəlişindən sonra 34 saylı orta məktəbdə mövcud olan nöqsanların sırasına yeniləri də əlavə olunub. Belə ki, sözügedən təhsil müəssisəsində Təhsil Nazirliyinin qaydalarına lazımı şəkildə əməl olunmadığını iddia edən mənbə bildirir ki, 34 saylı orta məktəbdə şagirdlərdən məcburi qaydada əsassız pul yığılır: «Qeyd edim ki, Məzahir Əkbərov 2013-cü ilin iyul ayında tutduğu vəzifəsindən azad olunub. Onun yerinə isə əvvəllər Sumqayıt Şəhər Təhsil Şöbəsində metodist kimi çalışan, eyni zamanda Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasına rəhbərlik edən Bəyaz Novruzova təyin olunub. Deyilənlərə görə, elə həmin vaxtdan etibarən 34 saylı orta məktəbin şagird və müəllim heyətinin qara günləri başlayıb. Bildirilir ki, Təhsil Nazirliyinin tətbiq etdiyi qaydaların heç biri sözügedən məktəbdə işləmir. Belə ki, nazirlik təhsil müəssisələrində pul yığımının qarşısının alınması ilə bağlı konkret qərar qəbul etsə də, direktor müəllimləri məcbur edir ki, şagirdlərdən pul yığsınlar. Fond pulu, süpürgə pulu, bilet pulu, şəkil pulu, hansısa tədbirdən çəkilmiş görüntülərin satılması və sairi bura aid etmək olar. Qeyd olunur ki, Bəyaz Novruzova direktor təyin olunduğu ilk gündən 34 saylı orta məktəbdə təhsil alan şagirdlər və onların valideynləri müxtəlif bəhanələrlə «ödəmələr» etmək məcburiyyətində qalır. Deyilənlərə görə, direktora bu «ödəniş»ə görə narazılıq edən müəllimlər isə sonda Bəyaz Novruzova tərəfindən təzyiqlərə məruz qalır, müəllim iclasında həqarətlərə məruz qalır». Bu arada, 34 saylı orta məktəbdə Təhsil Nazirliyinin orta məktəblər üçün pulsuz göndərdiyi sinif jurnallarına görə hər şagirddən 2 manat pul yığıldığını deyən məlumatlı şəxsin sözlərinə görə, hər bir sinifdən illik abunə haqqı üçün 21 manat, hər müəllimdən 10 manat yığılıb: «Deyilənlərə görə, məktəbin bufetində uzun illər çalışan və heç bir nöqsanı olmayan Şəfiqə xanım adlı imkansız şəxs məktəb direktoruna aylıq nəysə vermədiyi üçün işdən azad edilib. Həmçinin, o da bildirilir ki, Bəyaz Novruzova bir sıra «mühüm» məsələləri müavini Amaliya xanıma həvalə edib. Ümumiyyətlə, şagirdlər və onların valideynləri də təsdiqləyə bilərlər ki, məktəbin direktoru fəaliyyətində ciddi nöqsanlara yol verir. Çoxlarına bəllidir ki, ara-sıra məktəbdə çalışan müəllimlərin əməkhaqlarından heç bir tutarlı səbəb göstərilmədən müəyyən qədər tutulur və həmin vəsaitlərin hara xərclənməsi, kimin cibinə getməsilə bağlı heç kəsə məlumat verilmir. Bundan başqa, imtahanlar zamanı şagirdlər gözümçıxdıya salınır, müxtəlif yollarla onlardan pul toplanılır. Bütün bunlar onu deməyə əsas verir ki, 34 saylı orta məktəbdə müvafiq qanunlar yox, məhz Bəyaz Novruzovun «qayda»ları hökm sürür». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Gundelik-Baku.com