Arxiv

Oxunub:219 / 31 iy 13:37gundem, idman

Los Ancelesdə Azərbaycanın idman nailiyyətləri qeyd olunub



Los Ancelesdə Azərbaycanın idman nailiyyətləri qeyd olunub

Los Ancelesdə keçirilən Ümumdünya Xüsusi Olimpiya Oyunlarında iştirak edən Azərbaycanın nümayəndə heyətinin şərəfinə Los Ancelesdəki Baş Konsulluq tərəfindən geniş tədbir və ziyafət keçirilib.
Konsuluqdan Lent.az-a verilən məlumata görə, tədbirdə idmançılar, onların məşqçiləri və nümayəndə heyətinin digər üzvləri, Los Anceles ictimaiyyətinin nümayəndələri, xarici diplomatlar və müxtəlif icmaların təmsilçiləri iştirak ediblər.

Tədbiri açan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, Los Ancelesdə davam edən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarının 2015-ci ildə dünyada keçirilən ən böyük idman yarışı olduğunu bildirib. O, belə bir mötəbər yarışda Azərbaycanın iştirakının önəmini vurğulayıb və yarışın ilk günlərindən etibarən Azərbaycan idmançılarının uğurlu nəticələr göstərməyə başladıqlarını bildirib. Baş konsul, bunun bir daha Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısını əyani şəkildə nümayiş etdirdiyini vurğulayıb. N.Ağayev, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın, müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərlə yanaşı, bu gün qabaqcıl bir idman ölkəsinə də çevrildiyini qeyd edib. Diplomat bu səpkidə bildirib ki, iyun ayında ölkəmizdə keçirilən Birinci Avropa Oyunları zamanı Azərbaycanın yüksək səviyyədə nümayiş etdirdiyi ev sahibliyindən və əldə etdiyi nəticələrdən bütün Azərbaycan xalqı qürur duymaqdadır.

Sonra çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Şahin Əliyev Los Ancelesdə keçirilən bu yarışda Azərbaycanı layiqincə təmsil etmələri üçün böyük əzmlə hazırlaşdıqlarını bildirib. O, idmançılarımızın sözügedən yarışda artıq 8 qızıl, 6 gümüş və 2 bürünc olmaqla 16 medal qazandıqlarını qeyd edərək, bu uğurların arxasında Azərbaycan Prezidentinin idmanın inkişafına əvəzolunmaz və hərtərəfli dəstəyinin dayandığını vurğulayıb. Ş.Əliyev, həmçinin, bu yarışda ağırlıqqaldırma üzrə 2 gümüş və 1 bürünc medal qazanmış idmançı Aytac Səmədovanı xüsusilə təqdim edib. Ş.Əliyev qeyd edib ki, A.Səmədova vaxtilə Xocalı soyqırımının şahidi olmuş, bu soyqırımında yaxınlarını itirmiş bir ailənin qızıdır. Natiq, bütün bu iztirablara, məcburi köçkün həyatına baxmayaraq, A.Səmədovanın bu gün Los Ancelesdə əldə etdiyi bu nailiyyətlərin Azərbaycan qızlarının dəyanətinin bariz göstəricisi olduğunu diqqətə çatdırıb.

Daha sonra Beverli Hills şəhərinin sabiq meri Cimmi Delşad çıxış edib. C.Delşad belə bir mənalı tədbirə qatılmaqdan məmnun olduğunu diqqətə çatdıraraq, mer olduğu müddətdə Azərbaycana etdiyi səfərlərdən bəhs edib. O, bir çox sahələrdə Azərbaycanın bütün dünya üçün nümunə ola biləcək xüsusiyyətlərə malik olduğunu bildirərək, bu səpkidə müxtəlif dinlərin və millətlərin Azərbaycanda dinc və qarşılıqlı ehtiram şəraitində yaşamasını və qadınların hüquqlarının qorunması sahəsində əldə olunmuş yüksək nəticələri xüsusilə vurğulayıb.

Sonra Bakıda keçirilmiş Avropa Oyunlarına dair video-süjetlər nümayiş olunub. Video-material qonaqlarda böyük maraq oyadıb.

Tədbirin sonunda idmançılara və nümayəndə heyətinin digər üzvlərinə hədiyyələr təqdim olunub və kollektiv xatirə fotosu çəkilib.