Arxiv

Oxunub:211 / 19 in 08:19bolge

Nizaməddin Babanlının “xəstə” kadrı əlillikdən qurtuldu



Nizaməddin Babanlının “xəstə” kadrı əlillikdən qurtuldu













Qazax RTŞ müdirinin 3000 manat alaraq, vəzifəyə təyin etdiyi iddia olunan həmin şəxsə əlilliyə görə pensiya ödənişləri artıq dayandırılıb

Qəzetimizin 11.06.2016-cı il tarixli sayında “Qazax məktəblərində ifeksion xəstəlik təhlükəsi” sərlövhəli yazı dərc olunmuşdu. Etiraf edirik ki, məqalənin başlığı müəyyən qədər mübaliğə xarakteri daşıyırdı. Lakin məsələ bundadır ki, bəzən bu və ya digər qurum rəhbərləri tərəfindən yol verilən qanun pozuntularına yuxarı instansiyaların diqqətini cəlb edə bilmək üçün adekvat addımlar atmaq zərurəti yaranır. Bu dəfəki zərurət isə, Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlının yarıtmaz fəaliyyətini Təhsil Nazirliyinin diqqət mərkəzinə çəkmək ehtiyacından yaranmışdır. Sözü gedən yazıda vurğulanan əsas məlumat bundan ibarət idi ki, Nizaməddin Babanlı vərəm xəstəliyi səbəbilə II qrup əlilliyi olan bir nəfər şəxsdən 3000 manat pul alaraq, onu kənd orta məktəblərindən birinə təsərrüfat müdiri təyin edib.

Qeyd edək ki, Qazax RTŞ müdirinin öz işində yol verdiyi digər ciddi qanun pozuntularından bəhs edən açıqlamalar bundan əvvəl də bir neçə dəfə redaksiyamıza təqdim olunub. Bununla belə Nizaməddin Babanlının özbaşınalıqlarına qarşı nə Təhsil Nazirliyi, nə də digər müvafiq qurumlar tərəfindən indiyədək heç bir ölçü götürülməyib. Məhz bu səbəbdən də rayon ictimaiyyətinin Qazaxın təhsil sistemində baş verənlərdən doğan narahatlıqları getdikcə artmaqdadır. Artıq qeyd olunduğu kimi, son vaxtlar Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti bu sahənin inkişafdan qalmasına, bəzi hallarda isə, aşkar geriləmələrin müşahidə olunmasına səbəb olmuşdur. Redaksiyamıza müraciət edən sakinlər rayonun təhsil sistemində dərin kök salmış korrupsiya hallarından narazılıqlarını ifadə edirlər. Aldığımız məlumatlarda iddia olunur ki, Nizaməddin Babanlının hər ay məktəb direktorlarının və müəllimlərin aylıq əmək haqqlarına əl qoyması, onun rayonda fəaliyyət göstərən məktəblərin işlərinə yersiz müdaxilələri bir çox xoşagəlməz nəticələrə səbəb olur. Tədris prosesinin təşkili məsələlərində səriştəsizlik nümayiş etdirən RTŞ müdirinin tətbiq etməyə çalışdığı üsullar isə, nəticə etibarı ilə tədris proqramının şagirdlər tərəfindən mənimsənilməsində, tətbiq olunan pedaqoji metodikaların səmərəliliyinin artırılmasında problemlər yaradır.

Lakin qeyd etdiyimiz kimi, son dərc olunmuş materialda əsas diqqət mərkəzinə çəkilən məqam, Nizaməddin Babanlının Qazaxın kənd məktəblərindən birində işə qəbul məsələsində yol verdiyi növbəti maxinasiya ilə bağlı olmuşdur. Aldığımız məlumata görə, bir müddət əvvəl RTŞ müdiri Qazaxın Quşçu Ayrım kəndində yaşayan Salman Məmmədovdan 3000 (üç min) manat pul alaraq, həmin şəxsi kənd orta məktəbinə təsərrüfat müdiri təyin etmişdir. Bu təyinatla bağlı yerli sakinləri narahat edən məqam isə bu olmuşdur ki, 1991-ci il təvəllüdlü Salman Məmmədov, rəsmi olaraq vərəm xəstəliyi səbəbilə II qrup əlildir. Bu əsasla da o, həm hərbi xidmətə yararsız müəyyən edilmişdir, həm də dövlətdən əlilliyə görə təqaüd alır. Mənbənin ehtimalına görə, RTŞ müdirinin bu vəziyyətdən xəbəri olmayıb. Çünki vərəm xəstəliyinə görə əlillik dərəcəsi almış şəxs, ən azından orta məktəbdə işləyə bilməz. Bir qədər sonra isə, bundan xəbər tutan Nizaməddin Babanlı yeni kadrını yanına çağıraraq, onu əlillik faktını gizlətdiyinə görə möhkəm tənbeh etmişdir. Bundan sonra Salman Məmmədov Qazax rayonu Müalicə və Diaqnostika Mərkəzindən sağlamlıq haqqında arayış alıb RTŞ-yə təqdim etməli olmuşdur. Həmin arayışda bildirilir ki, Salman Məmmədovun ağ ciyərlərində heç bir patalogiya yoxdur.

Ötən yazının sonluğunda biz qeyd etmişdik ki, Qazax rayonu Müalicə və Diaqnostika Mərkəzinin verdiyi arayış faktiki olaraq, vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Belə ki, əgər patalogiya yoxdursa, deməli əlillik də yoxdur. Amma, 25 yaşlı təsərrüfat müdiri əsgəri xidmətə də çağırılmır və dövlətdən hər ay 131 manat məbləğində təqaüdünü də almaqda davam edir. Dünən aldığımız son məlumatda isə, bu qanunauyğunsuzluqlardan birinə artıq son qoyulduğu bildirilir. Mənbə göstərir ki, Salman Məmmədova əlilliyə görə pensiya ödənişləri artıq dayandırılıb.

İnanmaya bilərsiniz, amma bizim içimizi, gənc bir insanın tutulduğu ağır mərəzdən şəfa tapmasına, əlillikdən qurtulmasına vəsilə olduğumuz üçün, sonsuz bir fərəh hissi doldurur…

Qarşı tərəfin də məsələyə münasibətini öyrənmək istərdik.