Bia.Az

“TÜRKİYƏ İLƏ HƏRBİ MÜQAVİLƏ İMZALANSIN...” - “Anlasınlar, müstəqilliyimizi kiməsə verməyə hazırlaşmırıq!”

Siyasət
 30-07-2020, 19:38     285

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki dövlətin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayıb.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.
Ermənistanın Tovuz təxribatı, bu təxribatdan sonra isə Rusiya-Ermənistan birgə təlimlərinin keçirilməsi fonunda gərgin situasiyanın yarandığı Cənubi Qafqazda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin müştərək təlimləri sözsüz ki, region üçün ciddi maraq kəsb edir və maraqla izlənilir.
“AzPolitika.info”-nun bu mövzuyla bağlı suallarını Milli Məclisin deputatı Vahid Əhmədov cavablandırıb. 

- Vahid müəllim, regionda Ermənistan və Rusiyanın hərbi təlimlərindən sonra Azərbaycanla Türkiyənin də məlum hərbi sazişə uyğun olaraq, birgə təlimlərə başlamasını necə qiymətləndirirsiniz?
- Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax istiqamətində hərbi təlimlərə başlamasını çox yüksək qiymətləndirirəm. Bundan əvvəl Ermənistan və Rusiya hərbi təlimlər keçirmişdi. Hesab edirəm ki, Azərbaycanla Türkiyə arasında imzalanan hərbi sazişə əsasən, müvafiq hərbi qrafikə uyğun olaraq təlimlərin keçirilməsi çox vacibdir. Xüsusilə, Naxçıvanda və Gəncədə hərbi təlimlərə ehtiyac var. Nəzərə almaq lazımdır ki, iyulun 12-də Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində ciddi təxribat törədib. Həmin hadisələr zamanı Türkiyə dövlət olaraq özünün ciddi təpkisini göstərdi, Prezident Ərdoğan, habelə xarici işlər və müdafiə nazirləri ortaya konkret mövqe qoydular. Birbaşa elan olundu ki, Azərbaycana olan həmlə Türkiyəyə qarşı həmlə hesab olunur. Bu mənada iki qardaş ölkənin birgə təlimlər keçirməsi həm müsbət hadisədir, həm də buna ehtiyac yaranmışdı. Mən, eyni zamanda, Azərbaycan və Türkiyə arasında hərbi müqavilə imzalanmasının tərəfdarıyam. Hesab edirəm ki, bu iki qardaş ölkə ağır və dar gündə bir-birinin yanında olmalıdır.
- Sizcə, bu təlimlərlə hansı mesajlar verilir?
- Əgər biz məsələyə bu istiqamətdən yanaşsaq, deməli Ermənistan və Rusiyanın birgə hərbi təlimləri də mesaj olub. Mənim aldığım məlumata görə, indi Qafqazın digər bölgələrində də müəyyən qoşun yerləşdirmə prosesi gedir. Ümumiyyətlə, Azərbaycan müstəqil dövlət kimi son illər böyük inkişaf prosesi qət edib, beynəlxalq layihələr reallaşdırıb. Bunu da gözü götürməyən dövlətlər çoxdur. Hamısı istəyir ki, Azərbaycanda əli olsun. Amma Azərbaycan müstəqil siyasət aparır, öz qazını və neftini Avropa bazarına çıxarır, dəmir yolu xəttini çəkir. Sözsüz ki, bütün bunlar Azərbaycanın müstəqilliyinin daimi və əbədi olması baxımından böyük əhəmiyyətə malikdir. Amma elə dövlətlər var ki, bunu qəbul etmirlər, istəyirlər ki, biz kiminsə qoltuğunun altında olaq. Necə ki, zamanında SSRİ tərkibində olmuşuq. Amma bu, mümkün olacaq şey deyil və dünya da artıq başqa dünyadır. Hesab edirəm ki, heç kim Azərbaycana təzyiq formasında nəsə edə bilməz. Türkiyə həmişə Azərbaycanın yanında olacaq. Sözsüz ki, müsəlman aləminin içərisində də Azərbaycanın haqq işini müdafiə edən dövlətlərin sayı çoxdur.
- Sizcə, bu təlimlər Azərbaycan ordusuna nə qazandıracaq?
- Əvvəla, Türkiyə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətdir. Biz qardaş ölkələrik. Sizə deyim ki, Azərbaycan ordusunun formalaşmasında Türkiyə dövlətinin böyük xidmətləri olub. Biz bunu görmüşük, bilirik. Türkiyənin Silahlı Qüvvələri NATO hərbi alyansı daxilində ilk üçlükdə olan ən güclü ordulardan biridir. Sözsüz ki, belə bir ordu ilə Azərbaycan ordusunun birgə təlimlər keçməsi böyük əhəmiyyət kəsb edir. Ordumuz püxtələşir, döyüş təcrübəsini artırır. Bizim ordunun yetişməsində türk ordusunun rolu var. Ordumuz da artıq formalaşıb, kifayət qədər müasir silahlarımız var. Bu mənada birgə təlimlər öyrənmək və paylaşmaq baxımından da müsbət hadisədir.
Unutmayaq ki, bizim Qarabağ adlı böyük problemimiz var. Bu problemi gec və ya tez həll etməliyik. Bu məsələdə Türkiyə dövləti daim bizim yanımızda olacaq, dəstəyini əsirgəməyəcək. Necə ki, sonuncu dəfə ortaya konkret mövqe qoyuldu. Əlbəttə, əvvəlki illərdə də Türkiyə bizi dəstəkləyib, amma 12 iyul hadisəsi zamanı təxribatın qarşısının alınmasında Türk dövləti açıq formada Azərbaycanı müdafiə etdi.
- Sizcə, niyə rəsmi Ankara bu dəfə əvvəlki illərlə müqayisədə Azərbaycana daha qətiyyətli və dönməz dəstəyini ifadə etdi?
- Sözsüz ki, Türkiyənin Azərbaycanda maraqları var. Zarafat məsələ deyil, Azərbaycanın enerji xətləri Türkiyənin ərazisindən gedir. Biz qazımızı Türkiyə vasitəsilə Avropaya çıxarırıq. Hesab edirəm ki, qaz borusunun gələcək perspektivi çox böyükdür. Burada söhbət 30-40 milyard kubmetr qazdan getmir. Ola bilsin ki, gələcəkdə Türkmənistan, İran və digər ölkələrin qazı da bu kəmər vasitəsilə dünyaya çıxarılsın. Rusiya da bunu başa düşür. Rusiya faktiki olaraq, Avropaya ən çox qaz satan dövlətdir. Yəni Avropanın qazla təchizatı əsasən Rusiyanın əlindədir.
Yadıma gəlir ki, 2010-cu ildə Azərbaycan öz qazını Avropaya ixrac etmək istəyəndə Rusiyadan bura nə qədər şəxslər gəlib-getdi, onlar arzu edirdilər ki, Azərbaycan bu istəyindən dönsün. Dövlət başçısı o vaxt çox riskli addımlar atdı, hətta təlatümlər yaşandı. Lakin Prezident siyasi iradəsini ortaya qoydu və Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya çıxarıldı. Sözsüz ki, bunların hamısını bilirlər və bunu həzm etmək, bağışlamaq istəmirlər. Arzu edirlər ki, Azərbaycan da Rusiyanın əlində Ermənistan kimi oyuncaq bir dövlətə çevrilsin. Amma bu, mümkün olacaq iş deyil. Artıq siyasət başqadır, dünya dəyişir. Azərbaycan artıq onu sevməyənlərin düşündüyü dövlət deyil. Azərbaycanın gücü, silah-sursatı, maliyyə ehtiyatları, hərbi zavodları fəaliyyət göstərir. Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil, çox ciddi inkişaf mərhələsi keçib. Bunları da qəbul etmək istəmirlər. Arzulayırlar ki, Azərbaycan yenə də onların əsarəti altında olsun.
2024-cü ildə SSRİ-nin bərpası məsələsini ortaya atırlar. Mənim fikrimcə, bunların hamısı xülyadır, SSRİ-nin bərpasından söhbət gedə bilməz. Fikir verdinizsə, Azərbaycan milləti Tovuz hadisələri ilə bağlı bir nəfər kimi ayağa qalxdı. Özü də təkcə ölkəmizdə deyil, bütün dünyada. Bəli, xaricdə olan soydaşlarımıza bəzən əziyyət verirlər. Azərbaycan dövləti də xaricdə olan soydaşlarımızı səfirliklər və Diaspor Komitəsi xətti ilə müdafiə edir. Bir sözlə, bilirlər ki, Azərbaycan tək deyil və üstəlik 1992-ci ilin Azərbaycanı deyil.
- Deyirsiniz ki, Azərbaycanın güclənməsini, inkişafını, qlobal layihələr həyata keçirməsini həzm edə, bağışlaya bilmirlər. Belə olan halda, Azərbaycan və Türkiyə birgə hərbi təlimləri bizi sevməyən qüvvələrin aqressivləşməsinə səbəb ola bilərmi?
- Bilirsinizmi, bu məsələləri açıq demək lazımdır. Məgər, dediyiniz qüvvələrin bizə qarşı aqressiv olmadıqları vaxt olub? 2013-cü il prezident seçkilərində necə oyun qurduqlarını yəqin xatırlayırsınız. Oyun qurdular, çevriliş etmək istədilər, kimləri ortaya çıxardılar. Bunların hamısı bəllidir. Bunlar heç vaxt əməllərindən geri çəkilməyiblər. Azərbaycan bunlar üçün yağlı tikədir, inkişaf etmiş dövlətdir. Azərbaycanın kifayət qədər ehtiyatları var, inkişaf edir, beynəlxalq aləmdə bizə münasibət müsbətdir. Məhz bunun sayəsində Dağlıq Qarabağda qurulan separatçı rejimi dünyada heç kim tanımayıb. Bu yaxınlarda ABŞ Konqresinin də qərarı oldu və ərazilərimizin işğalı faktiki tanındı. Bunu başa düşmək, qəbul etmək lazımdır. Amma bunlar həmişə istəyirlər ki, bütün keçmiş sovet ölkələri onlara işləsin. Keçmiş SSRİ respublikalarından Moldova, Ukrayna, Gürcüstan və Azərbaycanda konfliktlər yaradıblar ki, onların hamısını özlərindən asılı vəziyyətdə saxlasınlar. Amma dünya dəyişir və bunu başa düşmək lazımdır. Sıxıntılar, müəyyən qədər təzyiqlər olsa da, biz müstəqilliyimizi kiməsə verməyə hazırlaşmırıq və verən də deyilik. Şadam ki, bizim gənclərimiz bunu başa düşür. Azərbaycanın müstəqilliyi çox möhkən əllərdədir və bunu Azərbaycanın qonşu dövlətləri başa düşməli, bilməlidirlər. Dünya da anlamalıdır ki, Azərbaycan müstəqilliyini heç vaxt əldən verməyəcək.

BİA.az
скачать dle 12.1