Bia.Az

"Şagirdlər özlərini kriminal avtoritet kimi aparır" - Təhsil eksperti

Cəmiyyət
 25-11-2023, 17:05     308

"Təhsil ocağına üzərində hər hansı kəsiçi-deşici əşya aparan şagirdi məktəbdən birdəfəlik kənarlaşdırmaq lazımdır".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspert bildirib ki, şagirdlərin bir-birinə xəsarət yetirməsi halları ilə bağlı artım müşahidə olunur:

"Yadınızdadırsa, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2023-cü ildə keçirilən imtahanlarda şagirdlərin üzərindən qadağan edilmiş əşyalar aşkarlanmışdı. Yəni artıq şagirdlər təkcə küçədə yox, məktəbə, imtahana gedəndə üzərlərində kəsici-deşici alətlər gəzdirirlər. Təəccüblü məqam odur ki, şagirdlər məktəbə kəsici-deşici alətlər, bıçaq, alışqan, təsbeh apara bilirlər. Sanki onlar mafiya kinolarındakı obrazları canlandırırlar. Televiziyalar, internet resursları, sosial şəbəkələr şagirdlərdən kriminal aləmin "mütəxəssisi" obrazını yarada bilib. Hətta biz bir neçə ay əvvəl Neft və Sənaye Universitetində keçirilən bayram şənliyində tələbələrin bir ağızdan kriminal aləmə məxsus mahnı oxuduqlarının şahid olduq. Artıq bizim şagirdlərimiz, tələbələrimiz kriminal aləmə meyillənirlər Şagirdin kəsici-deşici alətlərdən, bıçqdan nə üçün istifadə edə biləcəyinin heç bir elmi izahı yoxdur. Həmin vaxt şagirdə qələm, karandaş və pozan lazımdır. Şagird ora yazdığını pozmağa gəlib, kiminsə həyatını pozmağa yox. Bu yaxşı hal deyil".

Kamran Əsədov orta məktəb şagirdləri arasında ciddi problemlərin mövcudluğunu vurğulayıb:
Ətraflı

"Məktəbə qələm, karandaşla gəlməli olan şagirdlər indi təsbehlə, bıçaqla gəlirlər. Son dövrün statistik göstəricilərinə baxdıqda, yeniyetmələrin iştirakı ilə xüsusi amansızlıqla törədilən cinayət hallarında artım müşahidə olunur. Elm və Təhsil Nazirliyi məktəblərə nəzarəti artırsa da, sosial şəbəkələr daha çox mənfi təsirini göstərə bilir. Xüsusən şagirdlərin iştirakı ilə elə məktəblərdə baş verən cinayət hadisələrinin artdığını müşahidə etmək mümkündür”.

Ekspert bildirib ki, məktəblərdə kişi müəllimlərin azlığı, bu tipli neqativlərin artmasına gətirib çıxarır:

"Ümumilikdə, maarifləndirmə işləri aparılmalıdır. Şagirdlər soyuq silah daşımağın və ondan istifadənin birbaşa cinayət əməlinə sövq edə bildiyini anlamalıdır. Ağır məsuliyyətdir. Şagirdin üstündə şəxsiyyət vəsiqəsi, qələm, karandaş, pozan olmalıdır”.

Qeyd edək ki, Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdin sinif yoldaşına kəsici alətlə daxilə nüfuz etməyən xəsarət yetirməsi ilə bağlı hadisə baş verib.
скачать dle 12.1