Bia.Az

“Yəhudilər istisnasız olaraq məhv edilməlidir” – Erməni elitasının əsl siması

Dünya
 14-11-2023, 14:32     296

Bu günlərdə Ermənistanda daha bir antisemitizm hadisəsi qeydə alınıb. Belə ki, Ermənistan Baş Qərargah rəisinin keçmiş müşaviri Vladimir Poqosyan sosial şəbəkələrdəki videomüraciətində “yəhudilər istisnasız olaraq məhv edilməlidir” deyə çağırış edib.

Onun fikrincə, “yəhudilər dağıdıcı xalqdır, onların bu torpaqda mövcud olmağa haqları yoxdur”.

Poqosyan heyvani nifrətlə, hətta yəhudilərin məhv edilməsini son dərəcə ədalətli bir hərəkət hesab etdiyini və bu “işdə” kömək etmək üçün könüllü olduğunu bildirib.

Belə bir hərəkət təəccüblü deyil. Ermənistan çoxdan antisemit dövlət kimi tanınır. Yəhudilərə və İsrailə qarşı düşmənçilik ifadələri bazarlarda ərik satan hansısa erməni tərəfindən deyil, ziyalıların nümayəndələri tərəfindən səsləndirilir.

İsrailin Azərbaycana silah satması faktının arxasında gizlənən ermənilər yəhudilərə düşmən münasibət bəsləyirlər. Bu tendensiya xüsusilə 44 günlük müharibədən sonra sistemli xarakter aldı.

Görkəmli nümunələr sırasına "Qadınlar və Cihad: Amerika, İsrail və Ərəb Media Mübahisələri" kitabının müəllifi Raxel Abraham daxildir. O, 2021-ci ilin dekabrında “İsrail Hayom” qəzetində ermənilərin ona qarşı antisemit hücumları barədə məqalə dərc edib. Məqalədə qeyd olunur ki, “Linkedin” sosial şəbəkəsinin bəzi erməni istifadəçiləri onun ünvanına nalayiq ifadələr işlədiblər. Necə ki, bir neçə gün əvvəl Poqosyan bütün yəhudilər haqqında eyni yöndə danışıb.

Burada bu il oktyabrın 4-də İrəvanda Mordexay Navi sinaqoqunun necə təhqir edildiyini də xatırlamaq olar. İrəvandakı Holokost Memorialının çoxsaylı təhqirləri fonunda sinaqoqla bağlı insident bir daha göstərir ki, erməni cəmiyyətində ksenofobiya, dözümsüzlük və başqa xalqlara nifrət nə qədər dərin kök salıb.

Və bu da təəccüblü deyil. Alman faşistlərinin əlaltısı Qaregin Njdenin abidəsinin ucaldıldığı bir ölkədə başqa xalqlara qarşı tolerantlıqdan söhbət gedə bilməz.

Bu vəziyyətdə ən maraqlısı odur ki, Ermənistanın kiçik yəhudi icmasının nümayəndələri Gerşon Burşteyn və Rimma Varjapetyan bunun əksini iddia edirlər ki, bu ölkədə heç vaxt antisemitizm olmayıb.

Məsələn, Rimma Varjapetyan “Rusarminfo”ya verdiyi son müsahibəsində bir daha təkrar edir ki, Ermənistanda heç vaxt antisemitizm olmayıb və yəhudilər bu ölkədə dinc yaşayırlar. O, etiraf edib ki, gündəlik səviyyədə, 44 günlük müharibədən sonra Ermənistan cəmiyyətində İsrailə qarşı narazılıq var.

“Müharibə zamanı Azərbaycana silah tədarükü, əlbəttə ki, İsrailin çox böyük günahı idi və buna görə də, şübhəsiz ki, narazılıq var. Hesab edirəm ki, Ermənistan daha sivil ölkədir, buradakı insanlar çox layiqli insanlardır və təbii ki, bizə qarşı neqativ addımlar yoxdur”, - deyə o vurğulayıb.

Ermənistanın sivil ölkə olmasına gəlincə, Varjapetyan açıq-aşkar riyakarlıq edir. Etnik azərbaycanlıları öz yurd-yuvalarından didərgin salan, onların tarixi-mədəni irsini dağıdan və mənimsəyən, 30 il ərzində Azərbaycan ərazisini işğalda saxlayan, vandalizm aktları törədən, etnik təmizləmə aparan ölkə sivil ölkələr siyahısında ola bilməz.

Və ləyaqətli xalqın çoxsaylı nümayəndələri olan yəhudiləri açıq şəkildə təhqir etməzdilər. Bütün bunların məlum tərifi var - qatı antisemitizm!

Müəllif: Asif Aydınlı - Mənbə: AYNA.az
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)
скачать dle 12.1