Bia.Az

Tiflis Bakıya xəyanət etdi, yoxsa “maraqlarını” güdür?

Siyasət
 13-11-2023, 14:01     346

Fransanın 6-cı Paris Sülh Konfransı keçirdiyi günlərdə Ermənistana göndərdiyi “Bastion” zirehli texnikasının Poti limanına çatması nə qədər diqqətçəkicidirsə, Gürcüstan ərazisi ilə bu hərbi texnikanın Ermənistana daşınması bir o qədər müəmmalıdır.

Nəzərə alaq ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvili də məhz həmin gün – 10 noyabrda Paris Sülh Konfransının panel müzakirələrində Tiflisin nə İrəvanı, nə də Bakının dəstəklədiyini bildirmişdi. “Gürcüstan 100 faiz neytrallıq nümayiş etdirir” deyən Qaribaşviliyə inanmamaq üçün səbəb də yox idi – 44 günlük müharibə zamanı Gürcüstan Rusiyadan göndərilən silahların ərazisindən keçməsinə imkan verməmişdi və buna görə Azərbaycandan ən yüksək səviyyədə təşəkkür də almışdı. Hələ ötən ay Azərbaycan Prezidenti İlham Əliyev də Gürcüstana səfər etməklə, Tiflisin regional mövqeyinin güclənməsinə töhfə vermiş, böyük enerji layihələrini bu ölkə ilə gerçəkləşdirməyə hazır olduğunu bildirmiş, hətta İrəvan-Bakı danışıqlarının qonşu ölkədə keçirilməsi barədə təklifləri isti qəbul etdiyini nümayiş etdirmişdi.
Bütün bunlar məhz Tiflisin “neytrallığının” nəticəsi idi. Ancaq Baş nazir İraklinin Paris Sülh Konfransındakı sözləri ilə Gürcüstan ərazisindən Ermənistana şütüyən “Bastion” texnikasının yaratdığı təzad tamamilə başqa mətləbdən xəbər verir.
Belə görünür ki, Gürcüstan öz ərazisindən Ermənistana məhz Rusiya silahlarının daşınmasına razı deyil, ancaq, Qərb silahları, məsələn, Fransa texnikası daşına bilər. Bu, artıq neytrallıq deyil və Tiflisin Bakı və İrəvan arasında platforma olmaq ehtimalını da azaldır.
Gürcüstanın iqtisadi rifahında və tranzit ölkəyə çevrilməsində Azərbaycanın müstəsna xidmətləri var. Tiflis Ermənistandan ciddi “qarşılıqlı iqtisadi fayda” götürmür, Azərbaycanla müqayisədə isə ümumiyyətlə, İrəvanın hansısa xeyirindən danışmaq olmaz. Gürcüstan ordusunun yenidən qurulmasında və inkişafında isə Türkiyə misilsiz rol oynayır – həm təmənnasız yardımları, həm də təlimləri ilə.
Bu baxımdan erməni politoloqlar da əndişələrini dilə gətirmişdilər və bildirmişdilər ki, Hindistan və Fransa ilə silah sazişi və tədarükü haqda müqavilələrin olması hələ bu silahların Ermənistana çatdırılacağı anlamına gəlmir. Əvəzində isə biz İranın Hindistan, Gürcüstanın isə Fransa silahlarını Ermənistana ötürdüyünün şahidi oluruq.
Gürcüstan niyə bu addımı atmalı idi?
1. Fransanın təzyiqlərinə boyun əyib və AB yolunda Fransanın mümkün maneə törətməməsi üçün Parisin tələbini qəbul edib;
2. Zəngəzur dəhlizi Gürcüstanın tranzit ölkə kimi maraqlarına uyğun deyil və dəhlizin açılmaması üçün Ermənistanın hərbi müqavimətinin güclənməsinə çalışır.
İkinci ehtimal həddən artıq zəifdir. Çünki Azərbaycan artıq İran ərazisindən istifadə etməyə qərar verib. Təsadüfi deyil ki, Ermənistan Baş naziri Nikol Paşinyan bunu anlayaraq, qaçırdığı fürsəti geri qaytarmaq ümidi ilə “Dünyanın kəsişməsi” layihəsini irəli sürüb. Hətta Nikol Paşinyanın “dəhliz yox, güzəştli şərtlərlə yol” məntiqi belə yenə də Gürcüstanın tranzit imkanlarını məhdudlaşdırır.
Bu baxımdan birinci variant daha inandırıcı görünür.
Tiflisin Fransanın təzyiqi ilə davranması isə xoş deyil və mütləq Azərbaycan və Türkiyənin cavabı olacaqскачать dle 12.1