Bia.Az

Saakaşvilini Putinə Almaniya kansleri “satıb”, Azərbaycan isə onu xilas edib - Alman xəyanəti

Siyasət
 11-11-2023, 10:49     379

Yadınızdadırsa, Ukrayna müharibəsindən əvvəl Rusiyanın bu ölkəyə qarşı apardığı “qaz təzyiqi”ndə Almaniya tamamilə rəsmi Kiyevin əleyhinə mövqe sərgiləyirdi. Belə ki, Rusiya Ukraynadan keçərək Avropaya nəql olunan qaz kəmərlərinin fəaliyyətini dayandırmaq üçün “Şimal axını-2” layihəsini gündəmə gətirir, ABŞ isə bunu Kiyevin istilik enerjisi ilə sınağa çəkilməsi kimi dəyərləndirib layihəyə qarşı çıxırdı.

2021-ci ilin sonlarına qədər ABŞ-la bu layihənin dayandırılması barədə müzakirələrdə Rusiyadan daha çox Almaniya liderlərinin canfəşanlıq göstərdiyi bilinir. Hətta Almaniyanın keçmiş kansleri Angela Merkelin ABŞ-la aparılan uzunmüddətli müzakirələrdə Rusiyanın “vəkili” kimi çıxış etməsi də məlumdur. Sonradan Angela Merkel istefaya gedəndən və onun yerinə Olaf Şols hakimiyyətə gəldikdən sonra Almaniya “Şimal axını-2” layihəsindən tamamilə imtina etmişdi. 2022-ci ilin yanvar ayının 21-də Olaf Şolsun “kəmərin sertifikatlaşdırılması prosesinin növbəti bildirişədək dayandırıldığı”nı bəyan etməsi ilə “Şimal axını-2” layihəsinin müzakirələrinə nöqtə qoyuldu. Üzərindən cəmi bir ay keçəndən sonra (24.02.2022) isə Rusiya Ukraynaya hücum etdi. Bu mənada Rusiya-Ukrayna müharibəsinin əsas səbəblərindən birinin də “Şimal axını-2” layihəsindən imtina olunmasıdır, desək, yanılmarıq.

Müharibənin ilk aylarında Almaniyanın Ukraynanı silahlandırma işinə xeyli həvəssiz yanaşdığının şahidi olurduq. Berlin Kiyevə ilk hərbi yardım olaraq 5 minə qədər kaska göndərmişdi ki, bu da dünya ictimai rəyində yardımdan çox, “savaşma, yoxsa başına bomba yağar” mesajı kimi qiymətləndirilmişdi.

Berlin Ukraynaya ciddi şəkildə hərbi yardımı “Şimal axını” kəmərlərinin partladılması ilə başladı. Bu da, görünür, Almaniyanın rus qazına ümidinin tükənməsi ilə birbaşa əlaqəlidir. Çünki artıq “Şimal axını-1” və “Şimal axını-2” layihələrinin yenidən çəkilməsinin mümkün deyildi və Almaniya nə qədər istəsə belə, ondan faydalana bilməyəcəkdi.

Sonradan ortaya çıxan məlumatlar onu göstərdi ki, Almaniya kanslerləri öz siyasi karyeralarını başa vurar-vurmaz “Qazprom”da müxtəlif fəxri vəzifələrə cəlb olunur və yüksək maaş alırlar. Bu isə o deməkdir ki, alman kanslerlərinin rus qazına lobbiçilik etmələri təkcə enerjiyə möhtac Almaniyanın dövlət manefelərindən yox, həm də şəxsi maraqlardan irəli gəlirdi.

Alman kanslerlərinin şəxsi çıxarlarını dövlət maraqlarından üstün tutmasını təsdiqləyən bir başqa faktı Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ötən gün “Azadlıq” radiosunun rus redaksiyasına verdiyi açıqlamasında dilə gətirib. Onun sözlərinə görə, Almaniyanın keçmiş kansleri Gerhard Şröder Şaakaşvili ilə Berlində görüşdükdən sonra Putinə çuğulluq edib. Üstəlik, Saakaşvilinin demədiyi sözləri Putinin qulağına pıçıldayıb Rusiya liderində gürcü həmkarı barədə əsassız şübhələr yaradıb. “Sonra Gerhard Şröder (1998-2005-ci illərdə Almaniya Federativ Respublikasının kansleri – Azadlıq Radiosu) çox pis rol oynadı, o, Berlinə səfərimdən sonra Putinə dedi ki, guya onunla söhbətimdə anti-Rusiya ifadələri işləmişəm”, - Saakaşvili deyib.

Gürcü liderin sözlərinə inansaq, Şröderin bu satqınçılığından sonra Putin-Saakaşvili konflikti başlayıb və müxtəlif yollarla “Gül inqilabı”na son qoyulub: əvvəl Rusiyada yaşayan gürcülər sıxışdırılaraq ölkədən qovulub, beləcə Gürcüstana narazı kütlə axını başlayıb. Bu da Saakaşvilini hakimiyyətdən devirməyə bəs etməyincə, Putin Gürcüstanı işğal əməliyyatı həyata keçirib. Ardınca da gürcü əsilli oliqarxların (2007-ci ildə Badri Patarkatsişvilinin, 2011-ci ildə isə Bidzina İvanişvilinin) yardımı ilə Saakaşvili hakimiyyəti devrilib.

Maraqlıdır ki, Gürcüstana bu keşməkeşli və ağır dövründə ona ən böyük dəstəyi Azərbaycan verib. Saakaşvilinin iddialarına görə, Azərbaycanın bu dəstəyi Gürcüstanı yox olmaqdan xilas edib. Necə? Gəlin, əlavə şərhə yol vermədən bu həqiqəti Saakaşvilinin öz dilindən eşidək:

“Putin Gürcüstanda hakimiyyətin destabilizasiyası və dəyişdirilməsi məqsədilə bir neçə təxribat törətdi: 2006-cı ilin əvvəlində Rusiyanın Şimali Qafqaz boyunca elektrik xətlərində və qaz kəmərində partlayışlar oldu. Bununla da Moskva rekord dərəcədə soyuq havalarda Gürcüstanı elektrik və istilikdən ayırdı. O vaxt bizi Azərbaycan xilas etdi”.

Bu gün bir sıra müxalifət liderləri və xaricdən yayımlanan media orqanları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda apardığı mübarizəni az qala Rusiyanın sifarişi kimi qələmə verməyə çalışırlar. Halbuki, Azərbaycan və onun lideri İlham Əliyev nəinki indi, hətta 2006-cı ildə Putinin qılıncının dalı-qabağı da kəsdiyi bir zamanda Rusiyanın regionla bağlı imperialist siyasətini dayandırmağa səy göstərib və məqsədinə nail olub. Özü də Almaniya kimi qüdrətli Avropa dövlətlərinin belə cəsarət etmədiyi bir vaxtda. Bir də bunu öz ölkəsi üçün də yox, Gürcüstan üçün edib.

Biz Azərbaycan hakimiyyətinin eyni həssasiyyəti Ukrayna savaşında göstərdiyinin də şahidiyik. Müharibənin ən qızğın zamanlarında humanitar yardım adıyla Ukraynaya yanacaq verilməsi bunun ən bariz nümunəsidir. Həmin yanacağın təcili yardım maşınlarına, yoxsa, hərbi texnikalara doldurulmasına rəsmi Bakı nəzarət edə bilməzdi və yəqin ki, etməyib də. Yanacaq olmadan Ukraynaya verilən hərbi texnikaların dəmir parçasından başqa bir işə yaramayacağını deməyə belə ehtiyac yoxdur. Yaxud Azərbaycandan Ukraynaya göndərilən minatəmizləmə maşınlarını yalnız humanitar yardım adlandırmaq da çətindir. Eynilə ötən il qışın oğlan çağında Rusiya Ukraynanın elektrik şəbəkələrini sıradan çıxaranda Azərbaycanın bu ölkəyə göndərdiyi kompressorlar nə qədər insanı ölümdən xilas edib, Allah bilir. Ukrayna xalqı məhz bu cür yardımların hesabına ayaqda dayanıb və mübarizəsini davam etdirir.

Məlumdur ki, Rusiyanın daxil olduğu bütün böyük savaşlarda həmişə ən böyük silahı qış və soyuq olub. Bu baxımdan, soyuqdan müdafiə də əslində bir silahdır və Azərbaycan həm Gürcüstan, həm də Ukrayna savaşlarında öz tərəfdaşlarından bu silahları əsirgəməyib. Hər halda bunu biz yox, həmin ölkələrin liderləri açıq şəkildə dilə gətirirlər. Saakaşvili kimi, Ukrayna prezidenti Vladimir Zelenski də bu yaxınlarda yaydığı bir video-müraciətində İlham Əliyevə elektirik enerjisi dəstəyinə görə təşəkkür edərək bildirib:

“Bu gün Azərbaycana təşəkkür etmək istəyirəm. Qış mövsümündən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə razılığa gəldiyimiz kimi, enerjimizə də müvafiq yardım var. Başa düşürük ki, bu qışda çətinliklər keçmişdən az olmaya bilər. Hazırlaşırıq. Ukraynanın, insanlarımızın, enerji dəstəyi çox vacibdir”.

Göründüyü kimi, Azərbaycan nəinki öz torpaqları uğrunda, hətta post-sovet ölkələrinin rus imperializminə qarşı mübarizəsində Avropa ölkələrindən belə aktiv mövqe tutub, onları ən ağır günlərdə tək buraxmayıb və Saakaşvilinin təbirləri ilə desək, xilas edib.

Müəllif: Heydər Oğuz - Mənbə: Ovqat.com
скачать dle 12.1