Bia.Az

41 il öncə qəbirdən gələn gurultu səsi – “sakit” Brejnevin dəfnindəki səsli-küylü müəmma...

Dünya
 10-11-2023, 13:19     333

41 il öncə, 1982-ci ilin noyabrın 10-da 18 il SSRİ-yə rəhbərlik edən Leonid Brejnev 76 yaşında vəfat edib. Hakimiyyətə “sakit” saray çevrilişi ilə gələn Brejnev həm də “gurultulu” gedişi (onun tabutu məzara sallanarkən gurultu qopub) ilə yadda qalıb. Bəlkə də baş katib bu “gurultu” ilə qoyub getdiyi durğunluqdan sonra gələn fırtınalar haqqında xəbərdarlıq edirmiş.  Dəfn mərasimində qəbirdən çıxan gurultulu səs təkcə SSRİ-də deyil, bütün dünyada böyük marağa səbəb olub.

Baş katibin səsli-küylü dəfni ilə bağlı fərqli versiyalar söylənilib, hətta bu hadisəyə lətifə qoşanlarda olub.

Nəhayət, baş katibin dəfnindən bir neçə il sonra “Kremlin qəbirqazanı” kimi tanınan Novodeviçye qəbirstanlığının işçisi Georgi Kovalenko qəbirdən çıxan gurultulu səs müəmmasına son qoyub.

728x567_1_77b5179775311f26b84d5e9b9733a4a0@1374x1070_0xac120003_16498024131636536899.jpeg (139 KB)
Qeyd edək Georgi Kovalenko 1960-cı illərin əvvəllərində Novodeviçye qəbirstanlığında işə qəbul olunub. Vəzifəsi əmək kitabçasına fəhlə yazılsa da, Kovalenko qısa müddətdən sonra birincilərin dəfn mərasiminə cəlb edilib. Belə mərasimlərdə birincilərin qəbrini qazmaq, onların cənazələrini qəbirə salmaq kimi işlər Kovalenkoya həvalə edilib. O, dörd baş katibin Nikita Xruşovun, Leonid Brejnevin, Yuri Andropovun, Konstantin Çernenkonun qəbrini qazıb. Birincilərlə yanaşı Kovalenko onlarla naziri, komitə sədrini, Siyasi Büronun üzvlərini, Mərkəzi Komitənin katiblərini, marşal və generalları da son mənzilə yola salıb.
Kovalenkonu SSRİ-nin bütün siyasi elitası yaxşı tanıyıb və “Kremlin qəbirqazanı” onlarla isti münasibətlər qurmağı bacarıb. Ümumiyyətlə, Kovalenkonun bu işdə dolanışığı pis olmayıb. Dəfn sahibləri 25, 50, 100 rubl pulu qəbirqazandan əsirgəməyiblər. Ən azı hər dəfndən sonra Kovalenkoya iki-üç şüşə içki verilib. O, öz şəxsi problemlərini həll etmək üçün də böyüklərə ağız açmaqdan, müraciət etməkdən çəkinməyib.
Uzun illər dəfn mərasimlərində canlı olaraq minlərlə, birincilərin dəfnində isə televiziya vasitəsi ilə milyonlarla insanın gözü qarşısında olsa da, Kovalenko mətbuatın diqqətindən kənarda qalıb. Nəhayət, 1982-ci ildə Georgi Kovalenko bütün dünyada məşhurlaşıb. Leonid Brejnevi dəfn edərkən qəbirdən çıxan gurultulu səs onu gündəmin birinci şəxsinə çevrib və “Kremlin qəbirqazanı” yerli və xarici mətbuatın hədəfindən yayına bilməyib. Kovalenko Brejnevin dəfn mərasimi ilə bağlı ən kiçik detalları belə jurnalistlərə açıqlayıb:
KMO_085444_05652_1_t222_005041.jpg (148 KB)
“Mən öz işimin ustasıyam, üzərimə düşən vəzifəni yüksək səviyyədə icra etməyi bacarıram. Bu günə qədər syasız-hesabsız qəbirlər qazmışam, tanınmış simaları öz əllərimlə dəfn etmişəm və heç vaxt cüzi də olsa bir problem yaşanmayıb. İşimə görə rəsmi və qeyri-rəsmi mükafatlandırılmışam. Ən azı birinci şəxslərin səmimi təşəkkürlərini eşitmişəm. Onu da qeyd edim ki, birincilər siyasi səhnədə əlçatmaz görünürlər, dəfn mərasimlərində isə onlar adi insanlardan heç nə ilə fərqlənmirlər.
Məsələn, Brejnevin anasını dəfn edəndə baş katib əlini mənim çiynimə qoydu, gözləri dolmuşdu, o, öz təşəkkürünü mənə bildirdikdən sonra yanında dayanan daxili işlər naziri Nikolay Şelokova göstəriş verdi ki, məni “mükafatlandırsın”. Bu cür hadisələrlə tez-tez üzləşmişəm və çalışmışam ki, işimdə heç bir problem olmasın. Mən həmişə bir nəfərlə işləyirəm. Onun adı Vasili Prostatovdur. Biz bir-birimizi bir baxışdan anlayırıq. Bəlkə də bizim işimiz kənardan adi görünə bilər.
Amma təsəvvür edin ki, dəfn prosesində minlərlə insanın gözü bizə dikilir. Bunların da əksəriyyəti böyük vəzifə sahibləri olur. Dəfn prosesində işin ağır tərəfini mən öz üzərimə götürürəm. Tabutu qəbirə sallayanda baş tərəfi, yəni ağır olan tərəfi mən qaldırıram. Brejnevi də bütün qayda-qanunla dəfn etdik. İndi diqqət yetirin. Biz tabutu qəbirə sallamağa başlayanda 10, 25, 40, 55-ci saniyələrdə toplardan atəş açmağa başladılar.
original.jpg (321 KB)
Birinci atəş məhz biz artıq tabutu qəbirə qoyanda oldu, cəkiliş edən mikrofonlu kamera bizim bir metrliyimizdə idi, həmin səs mikrofona düşdü və hamıya elə gəldi ki, bu səs tabutun qəbirdəki torpağa dəyib çıxartdığı səsdir. Axı yumşaq torpaqdan elə səs çıxa bilməzdi. Sonradan bu məsələyə aydınlıq gətirildi. Amma bu gurultu mənim xeyrimə oldu. Bütün dünya məni tanıdı. Xüsusilə qərb mətbuatı bu hadisə ilə bağlı qəribə şərhlər vermişdilər. Bu gurultunun SSRİ-nin dağılmasına işarə olduğu qeyd etmişdilər. Mən siyasətçi deyildim, amma bu cür fikirlər mənim üçün çox gülünc görünürdü...”
Bəli, dünyanın marağına səbəb olan gurultulu səs heç də Brejnevin qəbrindən çıxmayıb. Baş katibin dəfni “Kremlin qəbirqazanı”nın dili ilə desək qayda-qanunla keçib. Amma bütün bunlara rəğmən Brejnevin dəfninin səsi sonralar bütün dünyaya yayılıb. Belə ki, Brejnevin vəfatından, onun hakimiyyəti illərindən sonra SSRİ səsli-küylü hadisələrlə sürətlə süquta doğru yuvarlanıb...

İlham Cəmiloğlu,
Musavat.com
скачать dle 12.1