Bia.Az

BU NƏDİ BELƏ: "Azərbaycan hücum edəcək" kampaniyası... - Ermənistanın çirkin NİYYƏTİ

Siyasət
 9-11-2023, 11:35     354

Azərbaycan torpaqlarının 30 ildən sonra işğalının başa çatması və bu torpaqlarda suverenliyimizin bərpası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı yeni perspektivlər açır. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib. XİN rəhbəri bildirib ki, bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında bu normallaşma yalnız Azərbaycana və Ermənistana xidmət etməyəcək. Bu, həmçinin region və onun sərhədləri xaricində istifadə olunmamış əməkdaşlıq imkanlarının açılmasını təmin edəcək: "Fürsətdən istifadə edib Azərbaycanın sülh gündəliyini bir daha vurğulayıram. Biz qarşı tərəfdən də konstruktiv yanaşma və qarşılıqlı addımlar gözləyirik. Biz ümid edirik ki, bu xüsusi şans bir daha itirilməyəcək". Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, hazırda erməni silahlı birləşmələrinin və Ermənistanın ərazilərimizdə yaratdığı qondarma rejimin mövcudluğuna son qoyulduqdan sonra, bölgədə sülh və sabitlik üçün geniş imkanlar mövcuddur. Nazirlik Ermənistanı bölgədəki reallıqları düzgün anlamağa çağırıb: “Ermənistan tərəfi bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət başa düşməlidir”.
Politoloq Məhəmməd Əsədullazadə də "Sherg.az" bildirib ki, Ermənistan Azərbaycana qarşı "sülh qovşağı" adı altında beynəlxalq təzyiqlərə başlayıb. Ekspert qeyd edib ki, Nikol Paşinyan regionda Ermənistan üzərindən keçən və tam bu ölkənin nəzarətində olan nəqliyyat yolunu elan etməklə, Avropanın dəstəyini almağı planlaşdırır: "Paşinyan belə bir planı təklif etməklə "sülh" müqaviləsində maraqlı olduğunu göstərir. Reallıqda isə Ermənistan heç də sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. İrəvan Azərbaycana beynəlxalq təzyiqləri artırmaqla, silahlanmaq və şərti sərhəddə Azərbaycana hücum etmək niyyəti güdür. Həmçinin strateji yüksəklikləri ələ keçirməyə çalışır. Məhz o səbəbdən beynəlxalq təşkilatlarda "Azərbaycan hücum edəcək" kampaniyasına başlayıb".
Siyasi şərhçi vurğulayıb ki, Ermənistan hakimiyyətinin hazırkı siyasətinə qarşı Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və diplomatik korpusları preventiv addımlar atmalıdır: "Azərbaycana qarşı beynəlxalq müstəvidə mənfi rəy formalaşmaması üçün davamlı iş aparmalıyıq".
//sherg//скачать dle 12.1