Bia.Az

“İkinci çörəyə” heyif: öz təmiz məhsulumuzu batırıb, İrandan heyvan yemi alırıq - BU, FAKTDIR!

Cəmiyyət
 9-11-2023, 11:27     337

Bir çox ailələrdə kartof demək olar ki, əsas qida məhsuludur, onun “ikinci çörək” adlandırılması da səbəbsiz deyil. Amma biz öz istehsalımızla kifayətlənə bilmirik - Azərbaycan kartofun bir hissəsini, xaricdən, əsas da İrandan idxal edir.

Lakin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu yaxınlarda İran kartofunun tərkibində zərərli orqanizmlərin - kök çürüməsi və qəhvəyi bakterial çürük aşkar edildiyi üçün idxalını dayandırıb. Qadağanın nə qədər davam edəcəyi hələlik məlum deyil və bəzi ekspertlər bununla əlaqədar olaraq bu kənd təsərrüfatı məhsulunun qiymətində artımı istisna etmirlər.

Ümumiyyətlə, 2023-cü ilin birinci yarısında ölkəmiz bu tərəvəzin idxal və ixracını azaldıb. İlin birinci yarısında 23,061 milyon dollar dəyərində (azalma 12,3%) 83,167 min ton (azalma 16,9%) kartof idxal edilib. Yanvar-sentyabr aylarında 31 milyon 116 min dollar dəyərində 71 min 70,47 ton kartof ixrac edilib. İxrac göstəriciləri dəyər ifadəsində 4 milyon 74,06 min dollar (11,6%), kəmiyyət ifadəsində isə 7 145,05 ton (9,1%) azalıb.

İstehsala gəlincə, Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-sentyabr aylarında ölkədə 49 min 77 hektar sahədən 982 min tona yaxın kartof yığılıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,9% (40 min ton) azdır.

Dayanıqlı İnkişaf Araşdırmaları Mərkəzinin sədri Nəriman Ağayev AYNA-ya şərhində deyib ki, ixrac və idxalın həcmləri xüsusilə məhsulların hansı aylarda ixrac olunduğundan və əməkdaşlıq etdiyimiz ölkələrdəki iqtisadi vəziyyətdən asılıdır: “Məsələn, Rusiyada son vaxtlar kartofun maya dəyəri aşağı düşüb, bu isə o deməkdir ki, onu orada satmaq bizim üçün sərfəli olmayacaq. Əksinə, yaxın həftələrdə bu kənd təsərrüfatı məhsulunu Rusiya və Belarusdan idxal edəcəyik. İrana gəlincə, orada kartof ucuzdur, amma ən azından bizə gələnlər adətən dadsız olur. Spirt istehsalı və ya heyvan yemi üçün daha uyğundur. Kartof standartı 8-10 sm-dir, amma biz çox vaxt oradan çox iri kartof alırıq”.

“Bir çox sahələrdə kartof becərilir. Bir çox insanlar, məsələn, Cəlilabadda bu sahədə ixtisaslaşırlar. Qazax-Şəmkir bölgəsində dadı yüksək olan kartof yetişdirən bir neçə sahibkar tanıyıram. Ölkəmizdə Gədəbəy bu kənd təsərrüfatı məhsulu ilə məşhurdur, lakin indi həmin yerlərdən alınan kartoflar bir çox hallarda sadəcə addır. Və oradan demək olar ki, kartof görmürsən. Seçim işləri aparılmalıdır, amma heç kim bunu etmir. Bununla bağlı aidiyyəti qurumlar ciddi işləməlidir, sortlar yenilənməlidir”, - deyə həmsöhbətimiz bildirib.

Ağayevin sözlərinə görə, bəzən kartofun içinə kimyəvi maddələr doldurulduğuna dair fikirlər səslənir: “Amma bizim fermerlərimiz bunu etmirlər, çünki gübrələrin qiyməti ildən-ilə artır. Ölkəmiz istəsə, özünü kartofla tam təmin edə bilər, lakin digərləri kimi bu sahə ilə də həvəskarlar yox, peşəkarlar məşğul olmalıdır ki, buna görə də onlara uyğun maaş verilməlidir”.

Gədəbəy rayonundan olan fermer Nofəl Qasımov AYNA-ya açıqlamasında söyləyib ki, hazırda kartofun qiyməti qalxmayıb: “Məsələn, Gədəbəydə orta hesabla kiloqramının qiyməti keyfiyyətindən asılı olaraq 1-1,2 manat arasında dəyişir. Bu sahədə kifayət qədər miqdarda dadlı kartof yetişdirmək mümkündür. Ancaq bir problem var - keyfiyyətli toxum materialının olmaması. Elə bir müəssisə yoxdur ki, onu istehsal edib xalqa satsın. Əvəzində Rusiyadan naməlum reproduksiyalı keyfiyyətsiz toxumlar gətirilir. Fermerlər onları alır, amma sonda elə cüzi məhsul alırlar ki, pul qazana bilmirlər. Ona görə də daha çox fermer payızlıq buğda sortlarının becərilməsinə keçir. Bu, daha asandır və kartofda olduğu kimi problemsizdir - vaxtında alaq otlarına qarşı çiləmə kifayətdir. İndi isə kələm əkmək kartofdan daha sərfəlidir”.

“Məsələn, bu il bir hektar kartof əkmişəm, maksimum 4 ton məhsul almışam. Bu, çox azdır, demək olar, ortada heç nə yoxdur, çünki kartofların arasında həm xırda, həm də xarabı olur. Ancaq kartof yetişdirmək çox iş tələb edir - sahəni şumlamaq, əkmək, zərərvericilərə qarşı mübarizə və məhsul yığmaq lazımdır. Çoxları özbaşına öhdəsindən gələ bilmir, işçi götürməli olurlar ki, bu da xərcdir. Əgər sonda məhsul azdırsa, deməli, tamamilə rentabelsiz olduğu ortaya çıxır”, - deyə fermer vurğulayıb.

Qasımovun dediyinə görə, keyfiyyətli toxumların xaricdən gətirilməsinə ehtiyac var, bizə isə ən ucuzunu gətirirlər: “Bu toxumları satanlar, onları alan fermerin nəsə qazanıb-qazanmaması ilə maraqlanmır. Hesab edirəm ki, idxal olunan materialın keyfiyyətinə nəzarət və cavabdehlik daşıyan şəxslər olmalıdır. Fermerin hər bir məhsul üçün sertifikatı olmalıdır. Bizdə dövlət qurumları var ki, bu cür materialların istehsalı ilə məşğul olmalıdırlar, amma onların işinin bəhrəsi hələ görünmür. Sovet vaxtı bunun üzərində ciddi işləyirdilər və müəyyən bir müddət ərzində hər bir çeşidi sınaqdan keçirirdilər, bundan sonra ekspertlər onun rayonlaşdırıla biləcəyinə dair qərar verirdilər”.
скачать dle 12.1