Bia.Az

1918-in Batum sazişi: Əliyev bu əraziyə razıdır - Surenyants

Gündəm
 7-11-2023, 15:32     391

Ermənistan hakimiyyəti israrla Brüssel platformasına nail olmağa çalışır, halbuki Azərbaycan bu formata marağını itirib.

Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına müsahibəsində politoloq Suren Surenyants deyib.
“Brüssel platforması Avropa Birliyinin Azərbaycanın enerji resurslarından əhəmiyyətli dərəcədə asılılığı kontekstində Ermənistanın maraqlarına xidmət etməyəcək. Və bu asılılığı çox aydın şəkildə Almaniya xarici işlər naziri Berbok İrəvanda keçirdiyi mətbuat konfransında alman jurnalistin Azərbaycana qarşı sanksiyalarla bağlı sualına cavab verərkən açıq şəkildə nümayiş etdirdi, Bakıya qarşı heç bir sanksiyaların olmayacağını bildirdi.
Azərbaycan Brüssel formatından istədiyi hər şeyi, yəni Qarabağı götürdü. Artıq İlham Əliyevin bu formata marağı yoxdur”, - o bildirib.
Politoloqun fikrincə, Baş nazir Nikol Paşinyanın təklif etdiyi “Dünyanın kəsişməsi” ideyası regionda gerçəkləşməyəcək:
“Paşinyan 2022-ci ildən başlayaraq ardıcıl olaraq 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini müzakirə etməkdən yayınmağa çalışır. Yeri gəlmişkən, onun irəli sürdüyü “Dünyanın kəsişməsi” layihəsi də bu bəndin icrasını gündəlikdən çıxarmaq məqsədi daşıyır. Söhbət regionda kommunikasiyaların blokdan çıxarılmasından gedir. 9-cu bəndə əsasən, regionda bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılmalı, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verməlidir, nəqliyyat əlaqələrinə nəzarət isə Rusiya Sərhəd Xidmətində olmalıdır.
9-cu bənd Ermənistan ərazisindən eksterritorial dəhlizin mövcudluğunu nəzərdə tutmur, lakin bu, Ermənistan ərazisindən keçən adi marşrut da demək deyil. Başqa sözlə, bu bəndə əsasən, Ermənistan vasitəsilə əlaqə eksterritorial dəhlizlə adi yol arasında bir növ ara variantdır”.
Surenyants qeyd edib ki, Ermənistan hakimiyyəti nəyin bahasına olursa olsun, bu bənddən qurtulmaq qərarına gəlib:
“Paşinyan bu maddənin müzakirəsindən qaçmaq üçün Qərbin “ötürməsi” ilə Qarabağla bağlı “plankanı” aşağı salmağa başladı. Məntiq belə idi: Qərbi Zəngəzuru xilas etmək üçün Qarabağı qurban vermək və Ermənistanın cənub bölgəsindən eksterritorial dəhlizin açılmasının qarşısını almaq.
Amma müharibədə məğlub olmuş ölkə bir məsələdə güzəştə getməklə öz yazılı öhdəliyindən qaça bilməz. Sonrakı hadisələr də göstərdi ki, Qarabağ itirildikdən sonra Zəngəzur dəhlizi ilə bağlı söhbətlər nəinki səngimədi, əksinə, Türkiyə bu gündəmi daha fəal şəkildə təbliğ etməyə başladı. Əgər Azərbaycan dəhliz məsələsində indi daha barışdırıcı ritorikaya riayət etməyə başlayıbsa, Türkiyə daha sərt mövqe tutur. Nəzərə alaq ki, Ankara daha geniş diplomatik resursa malikdir”.
Ekspertin qənaətinə görə, hazırda Paşinyan “Dünyanın kəsişməsi” ideyası ilə 10 noyabr bəyanatının 9-cu bəndini sıradan çıxarmaq istəyir:
“Bu, sadəlövh yanaşmadır və reallıqdan uzaqdır. Layihənin mümkünlüyünü qiymətləndirmək üçün digər regional oyunçuların maraqlarına və gündəliyinə baxmaq lazımdır: Türkiyə və Azərbaycana “Dünyanın kəsişməsi” yox, Zəngəzur dəhlizi lazımdır. İrana da münasib deyil, belə ki, bu layihə onun burnunun ucunda Turan dünyasını birləşdirir; Gürcüstana da lazım deyil – çünki belədə tranzit ölkə statusunu itirir. Bundan faydalana biləcək yeganə ölkə Rusiyadır, lakin bir şərtlə ki, bütün kommunikasiyalar onun nəzarəti altında olsun. Ancaq bu, mümkün deyil, çünki bütün bu hekayə Rusiyanı bölgədən tamamilə sıxışdırmaq üçün başladılıb”.
Politoloq bildirib ki, Ermənistanın təhlükəsizliyi əsas regional aktorların siyasətindən və onlar arasında olan münasibətlərdən asılıdır:
“İndi Ermənistanla Azərbaycan arasında münaqişənin regionallaşması var: mövcud ziddiyyətlərinə baxmayaraq, 3 regional ölkə - Rusiya, Türkiyə və İran arasında konsensus mövcuddur ki, regional məsələləri regional oyunçular həll etməlidir. Bunun fonunda Makron və ya Şoltsdan hansı gözləntilərimiz ola bilər? Geosiyasi reallıqlar demokratiya və digər illüziyalar haqqında danışmaqla müəyyən edilmir”.
Surenyants iddia edib ki, İlham Əliyev Ermənistanın ərazisini 10 min kv.km hesab edir:
“1918-ci il Batum müqaviləsində Ermənistanın ərazisi 10 min kv.km idi. Əliyev məhz belə “sıxılmış” Ermənistanla sülh bağlamağa hazırdır”.скачать dle 12.1