Bia.Az

Göbələk yaradan su qabları... - ARAŞDIRMA

Cəmiyyət
 6-11-2023, 01:39     344

Mağazalarda uşaqlar üçün satılan su qablarının keyfiyyəti ilə bağlı son günlər ciddi müzakirələr aparılır. Hətta deputatlar belə, məsələnin ciddi şəkildə araşdırılmasını tələb edirlər.

Diqqətdən kənarda qalan məsələ
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Naqif Həmzəyev bu məsələyə toxunaraq satışda uşaqlar üçün nəzərdə tutulan su qablarının keyfiyyətsiz olduğunu iddia edib. O deyib ki, müxtəlif yerlərdə şagirdlər üçün satılan su qablarını özü alıb və yoxlayıb. Deputatın fikrincə, satışda çox keyfiyyətsiz su qabları var: “Buna ümumiyyətlə nəzarət olunmur. Bir neçəsini aldım, içərisində su saxladım, üç gündən sonra qoxu yaranır və ya orada göbələklər əmələ gəlir. Biz diqqətimizi polietilen torbaya yönəltmişik, amma böyük problem olan su qablarının monitorinqi də aparılmalıdır. Ciddi nəzarət mexanizmi qurulmalıdır ki, uşaqlarımızı zəhərləməyək. Əks təqdirdə, uşaqlarımız başqa xəstəliklərə yoluxacaqlar”.
Bəs ölkədə su qablarının standartlara cavab verib-vermədiyinə, sağlamlıq üçün təhlükə yaradıb-yaratmadığına dair standartlar varmı?
“Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma aparıb.
Həmin məhsullar yoxlanılır, gigiyenik sertifikat verilir
Mövzu ilə əlaqədar Səhiyyə Nazirliyinin Respublika Sanitar Karantin Mərkəzindən bildirilib ki, ölkəyə idxal olunan, hazırlandığı materialdan asılı olmayaraq, uşaqların istifadəsi üçün nəzərdə tutulan su qablarının dövlət gigiyena qeydiyyatına alınması digər məhsullar kimi, müvafiq qanunvericilik aktlarına uyğun qaydada hüquqi və fiziki şəxslərin “Respublika Sanitariya-Karantin Mərkəzi”nə rəsmi müraciətləri əsasında həyata keçirilir: “Belə ki, müraciət zamanı məhsulu müşayiət edən sənədlər araşdırılır, götürülmüş nümunələr müayinə olunmaq üçün laboratoriyaya göndərilir. Müayinələrin nəticələri sanitariya norma və qaydaların tələblərinə cavab verərsə, həmin məhsul dövlət gigiyena qeydiyyatına alınır və ona gigiyenik sertifikat verilir. Bu cür məhsullar uşaqların istifadəsi üçün təhlükəsiz hesab edilir.
Digər məhsullar kimi su qablarının da satış yerlərində ətraf mühitin və kənar amillərin təsiri nəticəsində saxlanma şəraiti pozula, nəticədə məhsullar istifadə üçün yararsız vəziyyətə düşə bilər. Ona görə də, bu cür məhsulların saxlanma şəraitinə düzgün və ciddi əməl edilməlidir, eyni zamanda, yararlılıq müddətinə diqqət yetirilməlidir. Bütün qeyd olunanlarla yanaşı, bilməliyik ki, məhsulların istifadə üçün yararlı olması yalnız laborator müayinələrlə təsdiqlənir”.
Uşaqlar zəhərlənə bilərlər
Mərkəzdən o da bildirilib ki, hazırlandığı materialdan (plastik, metal, şüşə, keramik və s.) asılı olmayaraq, laborator müayinələr zamanı aşkar olunan kimyəvi maddə və elementlərin miqdarı yol verilən normada olmalıdır: “Kimyəvi maddə və elementlərin miqdarı yol verilən normadan həddindən artıq olarsa, yəni sanitariya norma və qaydalarının tələblərinə cavab verməzsə və yaxud məhsul sanitariya nəzarətindən kənarda qalarsa, saxlanma şəraiti pozularsa, yararlılıq müddəti keçmişsə, həmin su qablarının istifadəsinə icazə verilməməli və aidiyyəti tədbirlər görülməlidir. Əks təqdirdə, uşaqlar üçün ciddi fəsadlar və valideynlər üçün böyük problemlər yarana bilər. Belə ki, uşaqlarda zəhərlənmə halları baş verə bilər, qaraciyər, böyrək və mədə-bağırsaq sistemində müxtəlif patologiyaların yaranmasına səbəb olar”.
Əlavə edilib ki, son illər hüquqi və fiziki şəxslərin müraciətləri zamanı sanitariya norma və qaydalarının tələblərinə cavab verməyən idxal olunan su qabları aşkar edilməyib. İstehlakçılar su qabları alarkən onların keyfiyyət və təhlükəsizliyi baxımından şübhələri yaranarsa, Respublika Sanitariya - Karantin Mərkəzinə müayinələrin aparılması üçün müraciət edə bilərlər”.
Nəzarət mexanizmi zəifdir
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, su qablarından pis qoxu gəlməsinin səbəblərindən biri uşaqların onlardan istifadə edərkən tüpürcək yolu ilə daxil olan bakteriyalardır: “Lakin su qabları yeni alınanda da kəskin qoxu gəldiyinə dair şikayətlər alırıq. Nazirlər Kabinetinin təhlükəsizliyi təmin edilən mallarla bağlı 343 saylı qərarı olub. Təəssüf ki, bu qərar 2021-ci ildə ləğv edilib. Bu səbəbdən də, buna nəzarət yoxdur. Bu gün həmin məhsullar istehsalçının adi kağız qeydləri ilə ölkənin əmtəə bazarına satışa buraxılır. Demək olar ki, heç bir yerdə yoxlamadan keçməyən bu kimi malların başqa növləri də var. Əmtəə bazarında bu kimi malların çox olması ölkədə istehlakçı hüququnun zəifliyinin göstəricisidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul olunub və artıq köhnəlib. Bu işlərə nəzarət edən dövlət orqanları çox zəif işləyirlər. Vətəndaşlar belə malları alan zaman qoxlasınlar, kəskin qoxu gələn məhsulları almasınlar. Azad bazar iqtisadiyyatıdır, dünyanın hər yerindən hər cür mallar gətirilir. Lakin təəssüf ki, bu mallar kiçik yaşlı istehlakçıların sağlamlığına ziyan vura bilər”.скачать dle 12.1