Bia.Az

Şəhid anası niyə vəzifəsindən çıxarılıb? - TƏFƏRRÜAT

Cəmiyyət
 4-11-2023, 13:23     377

“Bu ilin yanvar ayından işlədiyim məktəbdə direktor vəzifəsindən uzaqlaşdırılmışam. Yerimə yeni direktor təyin olundu və məni direktor müavini təyin etdilər. Hazırda otaqda oturmuşam və pedaqoji fəaliyyətim dondurulub”.

DİA.AZ xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya Masallı şəhərinin Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbinin müəllimi, şəhid anası Mehriban Sultanova müraciət edib.

O bildirib ki, həmin məktədə 1994-cü ildən müəllim və direktor müavini (təşkilatçı) kimi fəaliyyət göstərib: “2021-ci ilin dekabr ayında Masallı Rayon İcra Hakimiyyətinin əməkdaşları və müəllim kollektivinin iştirakı ilə həmin məktəbdə səsvermə ilə direktor əvəzi seçildim. 02.12.2021 -30.12.2022-i illər ərzində müqavilə əsasında direktor əvəzi vəzifəsində çalışdım. 3 ay məzuniyyət dövründə mənimlə müqavilə bağlanmadı, lakin yenidən sentyabr ayında müqavilə bağlandı. Sonra Masallı rayonu üzrə təhsil sektorunun müdiri və nümayəndələri məktəbə gələrək müəllimlərlə iclas keçirdilər, məni məktəbin direktoru kimi təqdim etdilər və işimə davam etdim. Mən direktor olduğum üçün sektordan müavin tələb etdim, çünki bu illər ərzində mən 1 müavin və 200-ə yaxın kollektiv, 2000-ə yaxın şagird kontingenti ilə çalışırdım. Lakin bu ilin yanvarında məni işdən çıxararaq yerimə başqasını gətirdilər. Möhürü və açarları məndən təhvil aldılar”.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə (LARTİ) müraciət ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq deyilib ki, 2022-ci ilin dekabr ayında LARTİ-nin müvafiq əmrinə əsasən sözügedən məktəbdə aparılan yoxlama zamanı bir sıra nöqsan və çatışmazlıqların aşkar olunduğu, normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib: “Belə ki, yoxlama zamanı Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə tədris-pedaqoji sənədlərin və kargüzarlığın aparılmasında mövcud normativ-hüquqi sənədlərin tələblərinə riayət edilmədiyi, dərs bölgüsünün ixtisas müəllimləri arasında düzgün aparılmadığı, yuxarı siniflərdə şagirdlərin dərsə davamiyyətinin zəif olduğu, qanunsuz şagird yerdəyişməsinin aparıldığı, dərnək və dərsdənkənar məşğələlərin təlimata uyğun təşkil edilmədiyi, müəllim və texniki işçilər arasında əmək intizamının tələblərinin pozulduğu və digər nöqsanların mövcud olduğu aşkarlanıb”.

Açıqlamada bildirilib ki, həmin dövrdə məktəbdə direktor vəzifəsini müvəqqəti icra edən, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mehriban Sultanovaya yazılı xəbərdarlıq edilib və 30.12.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdikdən sonra növbəti dəfə müqavilənin müddəti uzadılmayıb.

İdarədən qeyd edilib ki, Mehriban Sultanova İdarənin müdirinə ərizə ilə müraciət edərək həmin dövrdə mövcud olan nöqsanların aradan qaldırılmasından ötrü məktəbin İdarə və sektor tərəfindən xüsusi nəzarətə götürülməsini xahiş edib: “Odur ki, qeyd olunanlar nəzərə alınaraq, məktəbə yeni direktor təyinatı olanadək məktəbin idarə olunmasına nəzarət Masallı rayonu üzrə təhsil sektoru tərəfindən həyata keçirilib. Eyni zamanda Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən 18.01.2023-cü il tarixdən Masallı rayonu Mololon kənd ümumi orta məktəbin direktoru Şəmmədov Ağamməd Məhəmməd oğlu yerdəyişmə üzrə həmin məktəbə direktor vəzifəsinə təyin edilib və məktəb rəhbərliyi tərəfindən aparılan araşdırmalar nəticəsində daimi işə gəlməyən 5 nəfər müəllim və 4 nəfər texniki işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilib”.

Təhsil İdarəsindən verilən məlumata əsasən, araşdırma zamanı müxtəlif səbəblərdən dərsə davamiyyəti olmayan, qanunsuz olaraq adları məktəb kontingentinə daxil edilmiş (fiziki olaraq şəxsiyyəti müəyyən olunmayan, ərazidə yaşamayan və s.) 171 şagird məktəbdən xaric edilib.

Açıqlamaya görə, Mehriban Sultanova 1994-cü ildən 2019-cu ilədək qeyd olunmuş məktəbdə ibtidai sinif müəllimi, 2019-cu ildən hazırkı dövrədək təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. Məktəbdə direktor vəzifəsi vakant olduğu üçün 02.12.2021-ci il tarixdən 30.12.2022-ci il tarixədək həmin vəzifənin icrası hər dəfə üç ay olmaqla, müddətli müqavilə ilə M.Sultanova tərəfindən icra edilib: “M.Sultanova hazırda məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. Eyni zamanda cari tədris ilində məktəbin I-IV siniflərində ona 12 saat yığma dərslər (fiziki tərbiyə, musiqi, təsviri incəsənət və texnologiya) verilib, şagird sayına görə isə hər ay əmək haqqına 400 manat məbləğində əlavə verilir”.

Qeyd edək ki, M. Sultanova Vətən müharibəsi şəhidi Niyaməddin Sultanzadənin anasıdır. N. Sultanzadə Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə vuruşub və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 22 noyabr 2020-ci il tarixdə Masallı şəhər Dadva qəbiristanlığında dəfn olunub. Prezidentin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
скачать dle 12.1