Bia.Az

İcbarı tibbi sığorta ilə bağlı böyük müəmma: Yanvarın 1-dən etibarən...

Cəmiyyət
 2-11-2023, 20:23     298

Ölkədə pilot layihə şəklində həyata keçirildikdən sonra 1 aprel 2021-ci ildən etibarən İcbari Tibbi Sığorta bütün ölkə ərazisini əhatə edir.

İcbari tibbi sığorta çərçivəsində bütün ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Qeyd edək ki, ötən dövrdə vətəndaşlar zərfə daxil olan xidmətlərdən yararlansa da, artıq 2024-cü ildən bu sahədə bəzi dəyişikliyə gediləcəyi, o cümlədən yeni ildən İcbari Tibbi Sığortanın ancaq sığorta ödənişi edənlərə şamil olunacağı bildirilir.

Doğrudanmı 2024-cü ildən işləməyən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan, yəni aylıq 12 manat ödəməyən şəxslər İcbari Tibbi Sığortadan faydalana bilməyəcəklər?

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, "Tibbi Sığorta haqqında" Qanuna əsasən heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır:

“Qanunda dəyişiklik olduğu halda bu barədə ictimaiyyətə məlumat veriləcək. Ödənişdən azad olunanların yeni ildən İcbari Tibbi Sığortadan faydalanacağı isə qanundakı dəyişikliyə əsasən tənzimlənəcək”.

Qeyd edək ki, hazırda İcbari Tibbi Sığorta müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla), Miqrasiya Məcəlləsinə əsasən Azərbaycanda müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (ölkədə qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali Komissarının respublikadakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) şamil edilmir.скачать dle 12.1