Bia.Az

Nə İsrail məğlub olacaq, nə Fələstin tamamilə məhv ediləcək – Müharibənin inkişafı

Siyasət
 28-10-2023, 14:31     484

Fələstin-İsrail münaqişəsinin inkişafında bir neçə ssenari proqnozlaşdırılır. Xüsusilə, üçüncü tərəflər, “Hizbullah” və ABŞ-ın müharibəyə daxil olmaq ehtimalı hər gün artır. Hətta Rusiya və Çin amili də kənar qoyulmur. Bu, ABŞ-dan, İrandan verilən mesajlarda da özünü göstərir. Digər tərəflərin, xüsusilə, ABŞ-ın müharibəyə qoşulması isə Üçüncü Dünya müharibəsi gözləntilərini çoxaldır.

Rusiya Hərbi Elmlər Akademiyasının baş elmi işçisi Vladimir Proxvatilov “Lenta.ru” portalına Yaxın Şərqdəki proseslər barədə danışarkən deyib ki, İsrail Qəzza zolağını nə qədər uzun müddət bombalayırsa, bir o qədər dağıntılar olur: “Və dağıdılmış bir şəhərə hücum etmək son dərəcə çətindir. Bunu xüsusən də İkinci Dünya müharibəsinin Berlin əməliyyatının məlumatları sübut edir: hərbçilər ən çətin işin xarabalıqlara basqın etmək olduğunu söyləyiblər. Qəzzada çoxlu sayda yeraltı tunellərin olması da çətinliklərə səbəb oldu. Ona görə də quru əməliyyatının uğur qazanma ehtimalı hər gün azalır”.

Hərbi analitik qeyd edib ki, Yaxın Şərqdə qarşıdurma bir müddət davam edəcək: “Sonra quru əməliyyatına cəhd olacaq, daha sonra isə hərbi əməliyyatlar dayandırılacaq. Çox şey Livan tərəfdən döyüşlərdən asılı olacaq, çünki İsrail üçün iki cəbhədə müharibə aparmaq son dərəcə çətin olacaq”.

Proxvatilovun fikrincə, döyüşlər “Hizbullah”ın münaqişəyə daxil olacağı təqdirdə Livan ərazilərinə zərbələr endirməyə başlayacaq ABŞ-ın müdaxiləsindən sonra dayana bilər.

“Münaqişənin genişlənməsi və döyüşlərin daha gərgin fazaya keçməsi mümkündür. 2006-cı il müharibəsi zamanı İsrail yalnız “Hizbullah”la vuruşdu və münaqişə heç-heçə ilə başa çatdı. İsrail ordusu indi o vaxtdan daha pis vəziyyətdədir, hətta ölkə mətbuatı da yazır ki, ordunun vəziyyəti yaxşı deyil”, – deyə ekspert bildirib.

Eyni zamanda, hərbi ekspert İsrailin tam məğlubiyyətini qeyri-mümkün hesab edir.

Proxvatilov fələstinlilərin Qəzza zolağının cənubundan köçürüləcəyini istisna etməyib: “Fələstinin də tamamilə məhv edilməsi mümkün deyil. Çünki Misir bir milyon fələstinlinin öz ərazisinə köçürülməsinə icazə verməyəcək”.

“Ola bilsin ki, münaqişə heç-heçə bitsin. Fələstinin mövqeyi zəifləyəcək, İsrail ordusu içəri keçəcək, səfərbər olacaq və asayişi bərpa edəcək. Lakin uzunmüddətli perspektivdə Fələstin böyük ehtimalla müstəqillik qazanacaq. Demokratik potensial durmadan artır. Daha bir “Yüzillik müharibə”dən qaçmaq üçün Fələstin dövlətini tanımaq lazımdır”, – deyə hərbi ekspert fikrini yekunlaşdırıb./AYNAскачать dle 12.1