Bia.Az

Partiyalar hazırlıqlara START VERDİ – Qurultaylar nə vaxt KEÇİRİLƏCƏK?

Siyasət
 28-10-2023, 14:22     394

Partiyalar haqqında yeni qanuna müvafiq olaraq siyasi təşkilatların yenidən qeydiyyatı başa çatandan sonra, artıq onların qarşısında duran növbəti vəzifə partiya qurultayını keçirməkdir. Yeni qanuna müvafiq olaraq onlar qeydiyyatdan sonra 3 ay müddətində qurultay keçirməlidirlər.

Görəsən, bu istiqamətdə partiyalarda vəziyyət nə yerdədir? 

Partiyaların qurultay keçirmək fikri varmı?

AXP sədri Pənah Hüseyn bildirir ki, noyabrda partiyanın qurultayı olacaq:
“26 noyabrda partiyanın qurultayı olacaq. Partiyanın məramnamə və nizamnaməsi yeni qanunun tələblərinə uyğunlaşdırılmalıdır. Gündəlikdə duran məsələ də ondan ibarətdir”.
Gələn həftədən başlayaraq…
AMİP sədri Arzuxan Əlizadə isə bildirir ki, gələn həftə partiya qurultayının tarixi dəqiqləşdiriləcək:
“Yeni qanuna müvafiq olaraq 3 ay müddətində partiyanın qurultayını keçirməliyik. Çünki qanuna müvafiq olaraq nizamnamədə bir sıra struktur dəyişiklikləri edilməlidir. Əvvəlki qanuna müvafiq olaraq qurultayda partiyanın qurultaylararası dövrdə əsas ali orqanı olan Mərkəzi Şurası seçilirdi. Mərkəzi Şuranın iclasında isə Siyasi Şura seçilirdi. İndi isə hər iki struktur birbaşa qurultaydan seçiləcək. Ona görə də yaxın bir ay ərzində partiyanın qurultayı keçiriləcək. Qurultayın tarixini növbəti həftə olacaq Siyasi Şura iclasında dəqiqləşdirəcəyik”.
ÜMİD artıq qurultay keçirib
ÜMİD Partiyası sədrinin müavini Taleh Əliyev bildirir ki, yeni qanuna müvafiq olaraq artıq partiyanın qurultayını keçiriblər:
“Yeni qanunun tələblərinə uyğun olaraq iyulun 17-də qurultay keçirdik. Burada yeni nizamnamə qəbul olundu. Yeni proqramın qəbulu partiyanın İdarə Heyətinə həvalə edildi. Həmin sənəd də İH tərəfindən qəbul olunaraq, Ədliyyə Nazirliyinə təqdim edilib. Onların rəsmi cavabını gözləyirik”.
Yeni Zaman qurultaya hazırlaşır
Yeni Zaman Partiyasının sədri Musa Ağayev deyir ki, qurultayın keçirilməsi istiqamətində hazırlıq işləri görürlər:
“Qurultaya hazırlaşırıq. Çalışacağıq ki, vaxt imkan versə, bu ilin sonuna və yaxud gələn ilin yanvarına qədər qurultayı keçirək. İşlərimiz bu istiqamətdə gedir”.
MDHP də noyabrı gözləyir…
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd edir ki, noyabr ayı ərzində qurultaylarını keçirəcəklər:
“Partiyalar haqqında yeni qanuna uyğun olaraq nizamnamə dəyişiklikləri olmalıdır. Bunun üçün də qurultay zərurətdir. Hələlik keçirməmişik, amma nizamnamə və proqramı sahmana salmışıq. Bütün rayon şöbələri artıq nümayəndələri seçib. Sadəcə olaraq vaxtı təyin edib, qurultayı keçirməyimiz qalır. Üzümüzə gələn ay ərzində yəqin ki, qurultay baş tutacaq”.
Müsavatın qurultayının vaxtı bəlli deyil?
Müsavat Partiyası başqanının müavini Razim Əmiraslanlı bildirir ki, qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradıblar:
“Müsavat Partiyası nizamnaməyə uyğun fəaliyyət göstərir. Nizamnaməyə uyğun olaraq da artıq qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. TK-nın bir sıra iclasları keçirilib. Rayon təşkilatlarına da tapşırıqlar verilib. Rayon təşkilatlarında ümumi yığıncaqların keçirilməsini təşkil edəcəyik ki, qurultaya nümayəndələr seçsinlər. Ehtimal ki, bu prosedurlar başa çatandan sonra qurultayın keçirilmə günü ilə bağlı qərar veriləcək”.скачать dle 12.1