Bia.Az

“Muğan Bank”da “pul savaşı” başladı... - “Yarım kilo qızılım qalıb”

Cəmiyyət
 28-10-2023, 14:19     407

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı “Muğan Bank” ASC-nin lisenziyası ləğv edilib.

Əmanətlərin Sığortalanması Fondu isə ləğvedicisi olduğu "Muğan Bank" ASC-nin kreditorlarına müraciət edib. Müraciətdə deyilir:

"Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2-3(103)-54/202 nömrəli qərarı ilə “Muğan Bank” müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin olunub.

27 oktyabrdan “Muğan Bank”a qarşı tələblərin yazılı şəkildə qeydə alınmasına başlanılacaq. "Banklar haqqında" qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və məlumatları təqdim etməlidirlər".

Başqa sözlə, bağlanan bu bankla bağlı problemi olan hər kəs bu gündən “Muğan Bank”ın baş ofisə yaxınlaşmalıdır və bu proses dekabrın 25-dək davam edəcək.

Prosesin ilk günündə Cebhe.info kreditorlar kimi deyilən yerdə oldu və vəziyyətlə yerində maraqlandı. Səhər saatları olduğuna görə bankın qarşısında az adam gözə dəyirdi. Əslində biz daha çox insanla qarşılaşacağımızı düşünürdük, ancaq ya səhər olduğundanmı, ya da məlumatsız olduqlarındanmı gözlədiyimiz insan seli ilə rastlaşmadıq.

Bank rəsmisi də vətəndaşlarla birgə dayanmışdı, onları maraqlandıran suallara hələ qapıdan içəri keçmədən cavab verməyə çalışırdı.

Hamı narahatdır

Hər kəsə bildirirdi ki, narahatlığa heç bir əsas yoxdur:

“Kredit ödənişləri etmək üçün həftə içi iş günlərində banka yaxınlaşa bilərsiniz. Yaxın zamanda isə kredit ödənişləri etmək üçün başqa bankda da lazımi şərait yaradıcılacaq. Beləliklə də ödənişlərinizi edə biləcəksiniz”.

“Gecə gözümə yuxu getmədi, səhəri...”

İlk gün gələnlərin bir çoxu bağlanan bankda girovu olan vətəndaşlar idi. Onları həm ödənişin, həm də girovun taleyi maraqlandırırdı. Ona görə də sualları daha çox idi. Bankdan onlara da bildirildi ki, ödənişi qrafikə uyğun bitirdikdən sonra girovları özlərinə qaytarılacaq.

Yarım kilo qızıl girovu müqablində kredit götürən həmsöhbətimiz bildirdi ki, bank bağlananda əvvəl narahat olub. Ancaq Mərkəzi Bankdan öyrənib ki, kreditini vaxtında və qrafikə uyğun ödədikdən sonra girovu özünə qaytarılacaq:

“Bank bağlananda bir gecə gözümə yuxu getmədi. Səhəri gün Mərkəzi Bankdan öyrəndim ki, girovum batmayacaq. Ekspertərin də çıxışlarına baxıb rahatladım. İndi öyrənmək istəyirəm ki, krediti hansı hesaba, necə ödəyəcəyəm”.

“Siz də gözləməli olacaqsız”

Gələnlər arasında bankda əmanəti olanlar da vardı. Onlar pullarını necə geri alacaqlarını öyrənmək istəyirdilər. Hər kəsə bildirilirdi ki, yaxın günlərdə bununla bağlı onlara məlumat veriləcək.

Ancaq gələnləri ən çox narahat edən məsələ bu “yaxın zamanın” nə zaman olacağı idi. Onları rahatladan yeganə məqam əmanətlərin sığortalanması idi. Debet kartında vəsait olanlara məşhur filmdə deyildiyi kimi, “Siz də gözləməli olacaqsınız” cavabı verilirdi.

Hər halda bankda onlara da belə dedilər və ən yaxın tarix kimi 30 oktyabr göstərilirdi. Bankın qarşısında toplananların demək olar ki, hamısını eyni sual maraqlandırdığı kimi, verilən cavab da eyni idi... Gələnlər cavabı alıb razı və ya narazı halda geri qayıdır, onlarln yerinə yeniləri gəlirdi... 
//cebhe.info//скачать dle 12.1