Bia.Az

Separatçı üzü ilə Qarabağdan gedənlər HANSI ÜZLƏ QAYIDIR? - HƏQİQƏTƏN DƏ...

Siyasət
 28-10-2023, 13:29     410

“Ümid edirəm ki, Qarabağdan olan məcburi köçkün qardaş və bacılarımız yaxın iki ay ərzində Ermənistanda iş tapacaqlar. Təbii ki, hökumət də bu məsələdə mümkün tədbirlərə kömək edəcək”.

DİA.AZ bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. “Qarabağdan köçən qardaş və bacılarımız üçün prioritet xərcləri qarşılamaq məqsədilə yeni maliyyə yardımı proqramına başlayırıq. Noyabr və dekabr ayları ərzində yaşayış və kommunal xərclər üçün nəzərdə tutulmuş vəsaitdən əlavə dövlət büdcəsindən hər bir şəxsə 50 min dram (təxminən 120 dollar) ayrılacaq. İstisna bank hesabında müəyyən həddi aşan, dövlət tərəfindən təmin edilmiş sığınacaqlarda yaşayan və ya dövlət qayğısı altında olan şəxslər və onların ailə üzvləri olacaq”, - bunu da Nikol qeyd edib. Onun sözlərinə görə, Qarabağdan köçənlərə uzunmüddətli mənzil təminatı məsələlərinin müzakirəsinə və işlə təminat məsələsinə də başlanacaq.

Baş nazirinin söylədiklərindən belə qənaət hasil olur ki, ermənilər hələ uzun müddət, ən azı, yayadək Qarabağa qayıtmayacaqlar. Ona qədər isə onların əhəmiyyətli bir qismi yəqin ki, üçüncü ölkəyə, Rusiyaya, Avropaya çıxıb gedəcək. Yeri gəlmişkən, qondarma “rejimin” keçmiş “dövlət naziri” Artak Beqlaryan bildirib ki, Qarabağdan könüllü çıxmış ermənilərin 10 mindən çoxu artıq Ermənistanı da tərk edib. O, Qarabağın erməni sakinlərinin Ermənistanda yaşaması üçün şərait yaradılmalı olduğunu deyib. Maraqlısı həm də budur. Çünki ermənilər bir yerdən başqa yerə asanca köç edib qısa zamanda adaptasiya olunmaq bacarığına malik unikal toplumdur. O zaman bu proses Azərbaycana, Qarabağdakı gələcək demoqrafik duruma nə vəd edir? Onların bir qismi qayıda və mülklərini sata bilərmi? Üstəlik, Avropa təsisatlarının son bəyanatlarında onların qayıdışı ilə bağlı çağırışlara rast gəlmək olar.

Bundan əlavə, ekspertlər tərəfindən Brüssel danışıqlarından Azərbaycanın imtinasına səbəb kimi “Makron planı” göstərilir. Belə ki, müzakirə masasına Qarabağ ermənilərinin qeyd-şərtsiz qayıdışı məsələsini qoymaq istəyiblər. Yəni onlardan Azərbaycan vətəndaşlığı tələb olunmadan Qarabağa qayıdıb evlərində yaşamalıdırlar. Bakı isə görüşdə yalnız sülh sənədi, sərhədlərin dəqiqləşməsi və blokadada olan kommunikasiyaların açılması məsələlərini müzakirə etməyə hazır olduğunu bəyan edib. Ona görə də görüş alınmayıb. Göründüyü kimi, ermənilərin məcburi dönüşü məsələsini Avropa təsisatları və Fransa gündəlikdə saxlamağa çalışır. Lakin onların əksəriyyəti qayıdışda maraqlı görünmür. Məlum olur ki, 10 mindən çoxu xaricə gedib, qalanlarının da Qərb ölkələrində sığınacaq almaq fürsəti yaranıb, kim getməyəcəksə, Paşinyan hökuməti onlara sosial paketlər təklif edir. Belə demək mümkünsə, rəsmi İrəvan ermənilərin Xankəndiyə qayıdışına çağırış etmir.

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, Avropa təşkilatları qanunsuz çağırışlar edir: “Ermənilər bir şərtlə qayıda bilər ki, Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Beləsini isə biz görmürük. Həmçinin, onların arasında diferensasiya aparılmalıdır, yəni işğaldan sonra Qarabağa köçürülənlərə vətəndaşlıq təklif edilə bilməz. Ona görə bu məsələdə saf-çürük aparılmalıdır”. Partiya sədrinin sözlərinə görə, Qarabağdan gedən ermənilər sosial şəraitdən gileylənirlər və bir neçə mini Ermənistanı tərk edib: “Paşinyan onlara səslənir ki, getməsinlər. Amma bir hissəsi Rusiyaya, bir qismi Avropaya köçürlər. Erməni mətbuatını izləyəndə görmək olar ki, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən bir Qarabağ ermənisi yoxdur. Belə olacağı təqdirdə onların dönüşü olmayacaq. Ehtimal etmirəm ki, onlar qayıtsınlar. Bu, geridönüşü olmayan prosesdir, Qarabağ separatçılardan təmizlənib və bundan sonra orada heç bir terrorçu baş qaldıra bilməz”.

Siyasi şərhçi Əziz Əlibəylinin fikrincə, şübhəsiz ki, qaçqınlar kimdir, necə tərk ediblər ərazini - bu məsələ haqda dəqiq təsbitlər var: “Hamısı video və fotolarda mövcuddur. Erməni əhali Azərbaycanın reinteqrasiya planına baxmayaraq, könüllü şəkildə bölgəni tərk etməyə üstünlük verdi. İkincisi, bu şəxslərin çox böyük faizi Ermənistan pasportu daşıyır və Azərbaycan vətəndaşı deyillər. Üçüncü, yenə çox böyük faizi Yaxın Şərq bölgəsindən köçən ermənilərdir. Qərb bunların Azərbaycana qayıtmasını leqal olaraq tələb etmək haqqına malik deyil axı?! Hətta bu azmış kimi avroparlamentin ermənipərəst deputatları ermənilərin Qarabağdan kütləvi şəkildə getməsini ”etnik təmizləmə" adlandırıblar. Avropa Parlamentinin üzvləri Azərbaycanın beynəlxalq öhdəliklərini pozduğunu nəzərə alaraq, Avropa Komissiyasından Bakı ilə enerji sektorunda strateji tərəfdaşlığa təcili şəkildə yenidən baxılmasını tələb ediblər".

Onu da deyək ki, özünü buraxmış qondarma “artsax”ın sonuncu başçısı Samvel Şahramanyan da Ermənistan hökuməti tərəfindən Qarabağı tərk etmiş digər ermənilərə verilən 100 min dram məbləğində birdəfəlik yardım alıb. Ermənistan hökumətindən “Aykakan Jamanak” qəzetinə bildirilib. Məlumata görə, Qarabağ separatçılarının digər keçmiş rəhbərləri də yuxarıda qeyd olunan dəstəyi alıblar.
скачать dle 12.1