Bia.Az

Şəmkirdən BİR ASLAN KEÇDİ..”Bu 20 ildə nələr yaşamadıq ki…” – DƏHŞƏTİN ÖZÜ…

Cəmiyyət
 27-10-2023, 17:46     383

Vüqar Əliyev 20 il öncə Şəmkirdə icra başçısının oğlunun qətlinə görə həbs olunub. Anası Məlahət İsmayılova deyir ki, oğlu cəzasının böyük hissəsini çəkib, ona görə də əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət etmək hüququ yaranıb. Ananın sözlərinə görə, bu ərəfədə saxlandığı 8 saylı cəzaçəkmə müəssisəsində oğlunu təxribata çəkməyə çalışırlar.

“Üstünə tökülüb döyüb, qabırğasını sındırıblar”
“Vüqarın cəzasının dörddə üçü tamam olub, ona görə vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət eləmək hüququ var. Yaxın vaxtlarda bu məsələ ilə əlaqədar məhkəməyə ərizə verəcək. Belə bir vaxtda dayandığı yerdə onu təxribata çəkməyə çalışırlar. Həbsdə olanlar bilir, məhbusların yoldaşlıq elədiyi, birlikdə yemək yediyi adamlar olur. Vüqarın da yoldaşılıq elədiyi Əzizağanın üstünə dayandığı yerdə 4-5 nəfər başqa məhbus tökülüb döyüb, qabırğasını sındırıb. O adamlar ki, əvvəllər də Vüqara sataşıb, onunla mübahisə ediblər…”, – Şəmkir sakini Məlahət İsmayılova Meydan TV-yə danışır.
Vüqar Əliyev və xəsarət alan Əzizağa adlı məhkum oktyabrın 9-da Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Anası deyir ki, Vüqar Əliyev heç bir xəsarət almayıb, sağlamlığında da problem yoxdur. Oğlunun Müalicə Müəssisəsinə niyə köçürüldüyünü isə bilmirlər:
“Bir neçə gün oğlumla danışa bilmədim. Ombudsman Aparatına, Penitensiar Xidmətin “Qaynar Xətt”inə şikayət elədim. Dedim, övladımdan nigaranam. Ondan sonra oğlumla danışdırdılar. Mənə dedilər ki, əsəblərini müalicə etdirmək üçün göndərmişik. Həm də bildirdilər ki, cəzaçəkmə müəssisəsində dava eləyənləri cəzalandırıblar, “karsa” salıblar”.
“Biz nələr görməmişik?!”
Məlahət İsmayılova narahatdır ki, baş verənlər məqsədli şəkildə ola bilər. Onun sözlərinə görə, oğlunun azadlığa buraxılmasının qarşısını almaqdan ötrü təxribatlar olmasından ehtiyatlanır:
“Bu 20 il ərzində biz nələr görməmişik?! Oğlumun, bizim ailənin başına nə oyunlar gətirmədilər?! Göz gördüyündən qorxar. İndi də dayanan yerdə adama gəlib ilişirlərsə, deməli, şübhələnməyə əsas var. Bu səbəbdən Mirsaleh müəllimə (Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovu nəzərdə tutur-red.) də müraciət etmişəm”.
Vüqar Əliyev 2003-cü ilin mayından həbsdədir. O, həmin vaxt 15 yaşlı nişanlısı Lamiyə Quliyeva ilə birlikdə yaşadıqları Şəmkirdə rayonun icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə ittiham edilərək, həbs olunmuşdu.
O zaman Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmüylə onların hər ikisinə ən ağır cəza verilmişdi – Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il azadlıqdan məhrum edildi. Qanuna görə, yetkinlik yaşına çatmayan şəxsə 10 ildən yuxarı cəza verilə bilməzdi.
Hökm oxunanda Vüqar Əliyevlə yanaşı, onun atası İbrahim İsmayılov da məhkəmə zalında həbs olundu. Ona isə 4 il həbs cəzası verildi.
O zaman Vüqar Əliyevin anası və xalası da qısa müddətə saxlanmış və sonradan buraxılmışdı.
Cinayət işinin materiallarında iddia olunurdu ki, İbrahim İsmayılov Şəmkirdə özbaşına torpaq zəbt edib, icra başçısı bunun qarşısını alıb. Vüqar Əliyev də atasının qisasını almaq üçün nişanlısıyla birlikdə icra başçısının oğlunu öldürüb.
Şəmkirdən BİR ASLAN KEÇDİ..: `Bu 20 ildə nələr yaşamadıq ki...`Lamiyə Quliyeva isə məhkəmədə ifadəsində bildirmişdi ki, Ruslan Aslanov ona təcavüz edib, bu səbəbdən onu qətlə yetirib. Onun sözlərinə görə, istintaq orqanı icra başçısının nüfuzunu qorumaq üçün torpaq söhbətini ortaya atıb, lakin bu, tamamilə yalandır.
Lamiyə Quliyevanın 10 illik cəzası başa çatsa da, onun azadlığa çıxmasına imkan verilməyib. Cəza müddətinin bitməsinə az qalmış onun haqqında Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsilə cinayət işi başlanıb və cəzası 5 il 6 ay artırılıb.
2014-cü ildə saxlandığı cəzaçəkmə müəssisəsində Lamiyə Quliyevanın övladı dünyaya gəlib və bu xəbər mediada yayılıb. Ardınca bu məsələ yenidən gündəmə gəlib və Aslan Aslanovun oğlunun qətlində ittiham olunan şəxsi həbsdən çıxmağa imkan vermədiyi iddia olunub. Lamiyə Quliyevanın vəkili onun azadlığa buraxılması üçün məhkəməyə müraciət edib və 2015-ci ilin fevralında məhkəmə onun xeyrinə qərar verib.
2021-ci ildə Prezident İlham Əliyevin əfv sərəncamıyla Vüqar Əliyev haqqında ömürlük həbs hökmü də dəyişərək, 25 il azadlıqdan məhrumetmə ilə əvəzlənib.
YAP Siyasi Şurasının üzvü olmuş, 1993-2005-ci illərdə Şəmkirin icra başçısı, 2005-2013-cü illərdə isə Kənd Təsərrüfatı nazirinin 1-ci müavini vəzifəsində çalışmış Aslan Aslanov 2018-ci ildə vəfat edib. //meydanTV//скачать dle 12.1