Bia.Az

Hüquq-mühafizə orqanları tutur, məhkəmələr buraxır - korrupsiya ilə mübarizəyə badalaq, yoxsa...

Cəmiyyət
 26-10-2023, 13:47     408

Deputatın fikrincə, bu, sanki korrupsiya cinayətlərinin  təkrarlanmasına təşviq edir; Çingiz Qənizadə: “Məhkəmələrin bu cür davranışı haqlı suallara səbəb olur”

Azərbaycanda uzun müddətdir aparılan islahatların bir qolu da korrupsioner, rüşvətxor məmurların sistemdən uzaqlaşdırılması və cəzalandırılmasıdır. Ötən illər ərzində xeyli icra başçısı, onların müavinləri, idarə rəhbərləri, hətta nazirlər korrupsiya ittihamı ilə hüquq-mühafizə orqanları tərəfindən qandallandı. Onların bir qismi maraqlıdır ki, bəraət almağa başlayıb.
Məsələn, rüşvətə təhrik etməkdə təqsirli bilinərək şərti cəzaya məhkum edilmiş Göyçay İcra Hakimiyyətinin sabiq şəhər icra nümayəndəsi Rəşad Şükürovla bağlı hökmdən verilmiş şikayətə baxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şəki Apelyasiya Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili müvəkkili barəsində bəraət qərarı çıxarılmasını istəyib.
Oktyabrın 24-də keçirilən sonuncu iclasda prokuror ittihamdan imtina etdiyini elan edib. Hakim İmamverdi Şükürovun sədrlik etdiyi hakimlər heyətinin qərarı ilə cinayət işinə bəraətverici əsaslarla xitam verilib.
Qeyd edək ki, Rəşad Şükürov və rayon icra hakimiyyətinin sabiq başçısı Mehdi Səlimzadənin köməkçisi Vahid İsayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmişdilər.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər yalnız rüşvətə təhrik etməkdə təqsirli bilinib. Hökmə əsasən, Vahid İsayevə 4 il həbs cəzası, Rəşad Şükürova 3 il sınaq müddəti seçilməklə şərti cəza verilmişdi. Bir müddət əvvəl Vahid İsayev də apelyasiya məhkəməsinin qərarı ilə bəraət alıb.
Məhkəmələrin korrupsiya ittihamı ilə tutulmuş şəxsləri azadlığa buraxması bir yana, onlara bəraət verməsi digər məmurların da əl-qolunu açmasına, tamahının daha da artmasına səbəb olmayacaqmı? Bəzi məhkəmələrin, hakimlərin bu cür davranışı korrupsiya ilə mübarizəyə badalaq vurması anlamına gəlirmi? Burada humanist siyasət əks nəticələr verməyəcəkmi? Bəs ittihamı müdafiə etmiş tərəf bu qərarlardan protest verə bilərmi, verəcəkmi?

 Ceyhun Məmmədov
Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a danışıb: “Bu gün ortada cənab Prezidentin iradəsi, qətiyyəti, prinsipallığı var. Və cənab Prezident dəfələrlə qeyd edib ki, Azərbaycanda qanunu pozan hər bir məmur ciddi formada cəzalandırılacaq. Prezidentin bu çağırışlarına əməl etməyərək, yenə də öz cinayətlərinə davam edən insanlar həbs olunub və bir müddətdir ki, onların məhkəmə prosesləri gedir, onlar öz layiqli cəzalarını alırlar və almalıdırlar da.
Hesab edirəm ki, bu proseslərin hamısı dövlətin nəzarətindədir və cinayət törətmiş şəxsin cinayətinin sona qədər araşdırılmaması, onunla bağlı qəti tədbirlərin görülməməsi cəmiyyətdə də diqqətlə izlənir və suallar yaranır. Əlbəttə ki, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin, hansı ki, bu sübut olunub, onların yenidən qaytarılması kimlərdəsə arxayınlıq yarada bilər ki, həbs olunacaq, amma bir müddət sonra azad olunacaq, mülklərini geri ala biləcək".
Deputat qeyd edib ki, bu başqa anlamda, həm də sanki cinayətlərin təkrarlanmasını təşviq edir: “Əminəm ki, belə bir hallar baş verdikdə cənab Prezidentin bu məsələyə reaksiyası, adekvat qərarları olacaq və bu kimi halların qarşısı qətiyyətlə alınacaq və məhkəmə qurumları, strukturları bunu mütləq nəzərə almalıdır”.
10 il oturub indi narkotiklə mübarizəyə başlamışıq“ - Çingiz Qənizadə
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə qeyd edib: “Azərbaycanda son 4-5 ildə çox ciddi həbslərin şahidi olduq. Belə ki, həm Dövlət Təhlükəsizlik Xidməti orqanları, həm də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən icra hakimiyyəti başçılarından tutmuş, bələdiyyə, icra strukturlarında çalışan şəxslər, baş həkimlər, nazirlik əməkdaşları, hətta nazirlər barəsində müəyyən həbslərin keçirildiyini müşahidə etdik. Onların demək olar ki, böyük əksəriyyəti müxtəlif cəzalara layiq görülərək, hazırda cəzalarını çəkirlər.
Lakin ayrı-ayrı hallarda bəraətverici hökmlərin çıxarılmasının da şahidi oluruq və bəzən cəmiyyətdə fikirlər yaranır ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin apardığı istintaqa sonra yerlərdə bəraət verilməsi, prokurorların ittihamdan imtina etməsi halları nə deməkdir, necə başa düşüləndir? Onda nə baş verir, istintaqda yanlışlıqlara yol verilir? Bunların hamısı məhkəmə prosesi zamanı baş verən hadisələrə verilən hüquqi qiymətdən sonra cəmiyyət arasında insanları çaşdıran və düşündürən suallardır.
Konkret olaraq Göyçay İcra Hakimiyyətinin sabiq şəhər icra nümayəndəsi Rəşad Şükürovla bağlı hakimin vermiş olduğu bəraət hökmü də təbii ki, müzakirələrə səbəb olub və olacaq da. Amma unutmayaq ki, ittiham edən tərəf və onu araşdırıb, hökm verən tərəflər ayrı-ayrı qurumlardır. Buna baxmayaraq, məhkəmələr tərəfindən müəyyən pozuntuların olması ehtimalı böyükdür. Çünki hələ Azərbaycan vətəndaşlarının məhkəmə hakimiyyətinə inamı o qədər də güclü deyil və xaricdən gələn, bura investisiya qoyan şəxslərin də ürkək və narahatedici tərəflərindən  biri məhz məhkəmə hakimiyyətində baş verən müəyyən çatışmazlıqlar, beynəlxalq səviyyədə məhkəmə hakimiyyətinin tənqid edilməsidir. İndi bu sahədə də islahatlar gedir.
Xatırladım ki, 2019-cu il 3 apreldə cənab Prezident tərəfindən məhkəmə-hüquq sistemində islahatların daha da dərinləşdirilməsi ilə bağlı fərman imzalanıb. Həmin fərmanın icrasında da müəyyən çatışmazlıqlar, hələ tam icra olunmayan hissələr var. Lakin xeyli də islahatlara söykənən addımlar var ki, onlar artıq icra olunub. Məsələn, elektron məhkəmə sisteminə  keçid, müstəqil ekspertizaların yaradılması, hakimlərin iş yükünün azaldılması ilə bağlı ştatların ayrılması, hakimlərin ixtisaslaşdırılması, müxtəlif sahələr üzrə hakimlərin seçilməsi. Bunların hamısı müəyyən problemlərin aradan qaldırılmasına yönələn addımlardır".
Çingiz Qənizadə qeyd edib ki, hələ də məhkəmə hakimiyyəti ilə bağlı sövdələşmələrin, müəyyən qanunsuz qətnamələrin çıxarılması müşahidə olunur: “Konkret  korrupsiyaya qarşı aparılan tədbirlərdən sonra hakimlərin bəraətverici qərarlar verməsi, bu artıq böyük bir müzakirədir və kim haqlı olduğunu yəqin ki, növbəti mərhələlərdə biləcəyik. Suallar yaranır ki, bir neçə müddətdən sonra, hətta vətəndaş şərti də olsa cəza aldıqdan sonra ittihamdan imtina edilməsi necə başa düşüləndir? Onda yəqin istintaqı aparan orqanların əməkdaşları ilə bağlı müəyyən ciddi tədbirlər görüləcək, cəzalandırılacaqlar. Çünki  yəqin ki, istintaqlar düzgün aparılmayıb.
Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan məhkəmə-hüquq sistemində islahatların daha da dərinləşdirilməsi ilə bağlı cənab Prezident tərəfindən imzalanan Fərmanın bütün müddəaları işlək vəziyyətə gətirilməli, bu sahədə olan çatışmazlıqlar aradan qaldırılmalı, ölkədə vətəndaşların hüquq-mühafizə orqanları və məhkəmə hakimiyyətinə inamının hər gün, hər dəqiqə artırılmasına yönələn addımlar atılmalıdır. Bu, çox vacibdir"./Musabat.comскачать dle 12.1