Bia.Az

İran İsraili Bakıdan vura bilər – Sensasion təfərrüat

Gündəm
 19-10-2023, 16:13     404

HƏMAS-İsrail müharibəsinin arxasında başqa qüvvələrin olduğu iddiaları çox yayılıb. Regional və qlobal aktorların bu savaşı yönəltdikləri, böyütdükləri deyilir. Əsas adı çəkilən ölkələrin siyahısında daha hansılar yoxdur… Amma adı ən çox çəkilən ölkə İrandır.

İranın bu müharibənin əməl və fikir babası olduğuna dair iddialar ciddiyyətini qoruyub saxlayır. Əsas ona görə ki, hər zaman HƏMAS-ı maddi, hərbi, mənəvi, siyasi baxımdan bəslədiyi, himayə etdiyi dünyaya məlumdur. Bu məntiqdən çıxış edən ekspertlərin iddialarına görə, terror təşkilatını İsrailin üzərinə salan rəsmi Tehrandır.
İranın İsraillə bağlı bir çox hədəflərinin olduğu haqda mülahizələr var.
Birincisi, eyni regionda yerləşdikləri üçün bu iki düşmən dövlət bir-birinə ciddi təhdiddir. Vaxtaşırı qarşılıqlı şəkildə kəşfiyyat və hərbi hücumlar edirlər. İsrail bu məsələdə İrandan daha üstün mövqeyə sahiblənir. İranın nüvə alimlərinin, yüksəkrütbəli hərbçilərinin qətlə yetirilməsinin, oğurlanmasının arxasında İsrailin dayandığı barədə yayılan informasiyalar heç vaxt rəsmi Təl-Əviv tərəfindən təkzib edilmir.
İkincisi, İsrail İranın əsas düşməni ABŞ-ın Yaxın Şərqdəki forpostudur, müttəfiqidir. Hər nə qədər son illər İsrail forpost olmaqdan çıxmağa, müstəqilləşməyə, hətta bəzi məsələlərdə Birləşmiş Ştatlarla dirəşməyə çalışsa da, adı üstündədir – forpost. Bu da Tehranın əl-qolunu bağlayan amillər sırasındadır.
Üçüncüsü, İranın nüvə dövlətinə çevrilməsinin qarşısı bəzi hallarda elə İsrail tərəfindən alınır. Yuxarıdakı abzasda qismən buna toxunmuşuq. Bu məsələdə İsrail Tehrana həm də siyasi təzyiqləri artırır.
Dördüncüsü, İranı ən çox narahat edən məqamlardan biri də İsrail-Azərbaycan münasibətləridir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın sürətlə güclənməsi fonunda İsraillə yaxınlaşması Tehranın yuxusunu ərşə çəkib. Ötən ilin bu vaxtlarını hamımız xatırlayırıq. Azərbaycanla sərhədə qoşun yığan İran ölkəmizi işğalla hədələyirdi. Hərbi təlimlər zamanı Azərbaycana hücum planlarının imitasiyası aparılırdı. SEPAH qüvvələri sərhədimizə yaxın ərazilərdə bizi açıq təhdidə məruz qoyurdu. Burada əsas məqsədlərdən biri İsraildə səfirlik açmağımızı ləngitmək, ya da rəsmi Bakını bu qərardan geri durmağa məcbur qoymaq idi. Azərbaycan İrana elə bir cavab verdi ki, hələ də özünə gələ bilmir. Səfirlik də açıldı, İsraillə əlaqələr də genişləndi…
Beşinci, İran İsraillə Türkiyənin yaxınlaşmasını da qəbul etmir. Bundan ciddi şəkildə narahat olur. Tehrana bu iki ölkənin düşmən olması çox lazımdır. İran yaxşı bilir ki, İsrail Qəzzaya hücum edəndə Türkiyə buna sərt təpki verir. Qəzza Ərdoğan hökumətinin qırmızı xətlərindən biridir. Bu mövzuda Ankara güzəştsizdir.
Bütün bunları ard-arda düzdükdə ortaya çıxan məntiq deyir ki, bəli, HƏMAS-ın İsrailə hücumunun arxasında İran dayanır.
İsrailə hücumdan sonra bu ölkə ilə bağlı yaradılmış təsəvvür xeyli dərəcədə dəyişdi. Basılmaz, yenilməz obrazı olan yəhudi dövləti HƏMAS-ın hücumu ilə sarsıldı. Artıq İsrail haqda əvvəlki bəlağət yoxdur. Onun zirehini dəlib keçdi HƏMAS. Nəzərə alınmalı faktordur.
İndi rəsmi Təl-Əviv ölkə daxilində hücumları dəf etməklə kifayətlənmir, yəqin. Yaxın-uzaq ölkələrdəki diplomatik nümayəndəliklərin mühafizəsini də artırmış olar. Hər zaman səfirliklərin təhlükəsizliyi İsrailin yumşaq qarnıdr. Düşmənləri onu bu yumşaq nahiyəsindən vurmağı çox xoşlayır.

İsrailin müxtəlif ölkələrdəki səfirlikləri hər zaman İranın, onun dəstəklədiyi Hizbullahın, HƏMAS-ın hədəfi olub. İsrailin Bakıdakı səfirliyi son 15 ildə bir neçə dəfə terror cəhdinə məruz qalıb. Sonuncu belə olay bu ilin yayında baş vermişdi. Sadəcə zamanında DTX terrorçuları zərərsizləşdirə bilmişdi.
2023-cü ilin iyulun 10-da Dövlət Təhlükəsizliyi Xidməti məlumat yaydı ki, Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşı saxlanılıb. Onun Əfqanıstan vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xan olduğu müəyyənləşib. Globalinfo.az həmin vaxt geniş məqalə dərc etmişdi.
DTX bu şəxslərin terroru planlaşdırdıqlarının gizli çəkilmiş videosunu da yaymışdı. Amma hədəfdə olan səfirliyin hansı ölkəyə məxsus olduğu açıqlanmırdı.
İsrail mətbuatı isə yazdı ki, saxlanılan Fəvzan Musa Xan İsrailin Bakıdakı səfirliyini izləyib. Sonda açıq şəkildə bilindi ki, terrorçular Bakıdakı İsrail səfirliyini partlamaq istəyiblər.
Xatırladaq ki, 2008-ci ildə Hizbullah İsrailin Bakıdakı səfirliyini partlatmaq istəyib. Bu məqsədlə təşkilat livanlı Əli Karakini və Əli Najem Ələddini Bakıya yollayıb.
İsrailin başının müharibəyə qarışdığı və “qan itirdiyi” vaxtda Hizbullah, HƏMAS yenə bu ölkənin səfirliklərini hədəf ala bilər. İranın səfirlikdə terror təcrübəsinin olduğunu unutmamışıq. Ən sonuncu terroru Azərbaycanın Tehrandakı səfirliyində gerçəkləşdirib.
Azər Ayxan
Globalinfo.az
скачать dle 12.1